اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 

Ölümsüz qəhrəmanlar: Mühəqqiq Sani

Yayım Tarixi: 18.01.2012 15:17
Araşdırma
Yazı ölçüsü: büyüt küçült         

haber
Peyğəmbər (s) və İmamların (ə) hədəf və dinlərini əhya (diri, oyaq) etmək İmam Zamanın (ə.f.) zühuruna zəmin yaratmaqdır

XV əsrin ortalarında, 1449-cu ildə Livanda, Cəbəli-Amulinin Kərək qəsəbəsində sadə, mömin olan Şeyx İzzətdin Hüseyninin evində körpə bir uşaq dünyaya göz açır. Atası uşağa Əhli-beyt (ə) şərəfinə Əli adını verir. Dini və mənəvi ruhiyyənin daim inkişaf etdiyi bu ocaqda böyüyən Əli mənəviyyata gedən yolda ilkin addımlarını da məhz ailəsində möhkəmlədir. Orta təhsili illərində Əli Kərək Elmlər Hövzəsinə daxil olaraq İslam elmlərinə yiyələnməyə başlayır. Burada əldə etdiyi uğur təkcə elm sahəsində deyil, eyni halda onun nəfsi paklığı, mənəvi məqamının yüksəlişini də artırır.

Qısa zaman kəsiyində o, təhsilini davam etdirmək üçün Miys hövzəsinə yollanır. Bir müddət burada təhsil aldıqdan sonra hövzə rəhbərliyi onu tədris üçün əlverişli şəxs bilib ondan hövzənin müəllimi olmasını istəyir. Bu işi mənəvi vəzifə bilən Əli razılıq verir. Burada olduğu müddətdə o, Şəhid Sani ilə «Şəraiyul-İslami Kəvaid» kitabını oxuyur. Bir müddət burada qalıb elmi mübadilə və tədris ilə məşğul olduqdan sonra o, əvvəlcə Dəməşq hövzəsinə, daha sonra Beytül Müqəddəsə, oradan isə Əl-Xəlilə gedərək araşdırma və elmi təcrübəsini genişləndirməyə davam edir.

Qarşısına qoyduğu elmi bilgiləri əldə etdikdən sonra o, Misirə, Əhli-sünnə hövzəsinə gəlir. Burada elmi diskussiyalar onu təkcə şiə dünyasında deyil, eyni halda sünni dünyasında da məşhur bir şəxs edir. Mühəqqiq Sani, Mövlayi Mürəvvic, Mühəqqiq Kərəki, Şeyxül-Əla ləqəblərini də ona əldə etdiyi sonsuz uğurlarına görə İslam dünyasının tanınmış şəxsləri vermişdir. Bu adlar içində onu daha çox Mühəqqiq Sani kimi cəmiyyət tanımağa başlayır. 

Həyatının orta yaşlarında Mühəqqiq Sani elm şəhəri olan Nəcəf Hövzəsinə gəlir. Burada olduğu müddətdə Mühəqqiq Sani təkcə dini elmlərin tədrisi ilə kifayətlənmir, eyni halda o, mənəvi, ruhu paklığın yollarını aşılamaqla ruhaniliyin daxilində mübarizə əzmini, din düşmənlərinə qarşı mübarizədə təkcə söz və fikirlə kifayətlənməməyi, eyni halda İmamət yolunun davamı olaraq silahlı müqaviməti də aşılamağa davam edir. Onun hövzədə olduğu müddət ruhanilik aləminin xüsusi canlanma dövrü kimi analizə oluna bilər. Bəlkə də Nəcəf hövzəsinin siyasi mübarizə meydanına birbaşa təsiri tarixdə yalnız bir dəfə, Mühəqqiq Saninin dövründə özünü büruzə verir.
Onun bu hərəkəti dövrün şiə xəlifəsi olan Şah İsmayıl Səfəvinin diqqətini çəkir və şah ona məktub ünvanlayaraq mənəvi ruhundakı böyük qüvvəni təqdirəlayiq sayaraq bu işdə ona uğurlar arzu edir. Mühəqqiq Sani də cavab məktubunda şiəliyin inkişafı üçün əlverişli şəraiti qeyd edərək bu istiqamətdə şahın fəaliyyətini aktual və müsbət olduğunu qeyd edir. Səfəvi rəhbərləri ilə Mühəqqiq Sani arasında münasibətlər bununla da başlanğıc tapır.

Daxili enerji, böyük ruh və gələcəyin təkamülü üçün mənəvi ruhiyyəyə malik olan Mühəqqiq Sani növbəti addımını 1495-ci il Hərat savaşında şaha yardımçı olması ilə davam etdirir. Əlli yaşlı alimin bu addımı bir çox ruhani və inanclılara də təkan verərək bu savaşa qatılmağa təşviq edir. Hadisədən vəchə gələn Şah Təhmasib ona məktub yazaraq minnətdarlıq edir və xilafətə həqiqi layiq olaraq Mühəqqiq Sanini gördüyünü bildirir. Əlbəttə Mühəqqiqin bu addımı sonralar Səfəvilərin şiə alimlərinə ayırdığı geniş imkana rəvac verən amillərdən də biri olur.
Şeyx Hürr Amili, Şeyx Bəhayi kimi dahilərin siyasi və əqidəvi sahədə sonsuz xidmətləri üçün Səfəvilər məhz Mühəqqiq Saninin addımından sonra geniş sahə yaradır. Onların təbliğat və təşviqatdan əlavə apardıqları köklü islahatlar bu gün də şiə dünyası üçün aktual məsələlərdən sayılır. Şiəliyin geniş inkişafına ikinci nəfəsi Şeyx Mühəqqiq Sani İranın şeyxülislamlıq vəzifəsinə dəvət aldıqdan sonra baş verir. Bu çətin vəzifəyə gəlmək Mühəqqiq Sanini narahat etsə də şiə dünyasına xidmətini İlahi bir vəzifə bilərək Şeyx Səfəvi rəhbərlərinə razılıq verir.

Onun razılığına tarixdə bu günə qədər də qalmış Şah Təhmasibin geniş məktubu minnətdarlıq olaraq saxlanılmaqdadır. «… Peyğəmbər (s) və İmamların (ə) hədəf və dinlərini əhya (diri, oyaq) etmək İmam Zamanın (ə.f.) zühuruna zəmin yaratmaqdır. Şübhəsiz ki, o uca hədəfləri gerçəkləşdirmək üçün alimlərə, xüsusi olaraq da son Peyğəmbər (s) və vəsisi İmam Əliyə (ə), şəriətin qoruyucularından, İmam Zamanın (ə.f.) vəkili olan böyük müctəhid Əli ibn Abdullaha (Mühəqqiq Saniyə) İranın rəhbərlikdə duran bütün şəxsləri itaət edəcəklər...»

Bunu da qeyd etmək yerinə düşərdi ki, XV əsrə qədər şiəlik əleyhinə aparılan uzun illərin mübarizəsinin nəticə olaraq şiəlik çox incələrək həssas bir dönəmə gəlib çıxmışdı. Əhli-beyt (ə) məktəbinə məxsus çox cüzi ədəbiyyatın olduğu bir zamanda boşluq və tənəzzülü qaldıracaq kitabların hazırlanmasına isə xəliflər məzhəbi ziddiyyətə görə əsla imkan verilmirdi. Fiqhi sahədəki boşluqlar isə daha acı nəticələr yaradırdı. Yalnız Əllamə Hillinin «Əl-Qəvaid» kitabı insanların üz tutduğu yeganə fiqh ədəbiyyatı sayılırdı.

Vəziyyətin gərginliyini nəzərə alan Mühəqqin Sani bütün şiə dünyasının alimlərini dini ədəbiyyat yazmağa çağırır. Özünün də bu barədə yazdığı kitablar daxil olmaqla əxlaq, iqtisadiyyat, fiqh və sair sahələrdə bir çox dəyərli ədəbiyyatlar da məhz bu dönəmdə işıq üzü görür. Səlcuq padşahı Toğrul bəyin dövründən, 1029-ci ilindən 1485-ci ilə qədər qadağan olan «Əşhədu ənnə Əliyyən vəliyyulah» kəlməsi və «Həyyu əla xəyril əməl» cümlələri Mühəqqiq Saninin dövründə yenidən Azana qaytarılır. O bunun üçün bir çox çətinliklərə dözsə də sonunda Peyğəmbərin (s) zamanında olduğu kimi, Allahın istəyinə müvafiq olaraq bu sətirlər yenidən günümüzdə olduğu kimi deyilməyə başlayır. Bununla yanaşı hökumətin Quran qanunları ilə idarə olunması kimi bir addım da Mühəqqiq Saninin nailiyyətlərindəndir.

Tarixdə qeyd olunan bu bir sətir Mühəqqiq Saninin kimliyi barəsində təsəvvür yaratmağa yetərlidir: «…Nəsrəddin Tusidən sonra Əhli-beyt (ə) məktəbinin yayılmasında heç kəs Mühəqqiq Sani qədər əzab və əziyyətlərə qatlanmamışdır…»  

1508-ci ildə Nəcəf Elmi Hövzəsində yaranan bəzi problemlərin həll olunmasında Mühəqqiq Saniyə olan ehtiyac səbəbi ilə Şeyx müvəqqəti olaraq İrandakı vəzifəsini buraxıb Nəcəfə gəlir və burada yaranan ixtilafları çox qısa bir zamanda yerinə qoyur. Şeyxin Nəcəfə gəlişi onun bəzi elmi araşdırmaları ilə məşğul olmasına səbəb olduğu üçün Şeyx altı il Nəcəfdə qalır. Burada tələbələrin yetişdirilməsi də Şeyxin xüsusi vəzifələrindən sayılırdı. Şiə dünyası bu gün də fəxrlə adını andığı bir çox alimlər məhz Mühəqqiq Saninin tələbələrindən sayılır.
Bunların arasında Əbu Talib Əstərəbadi, Əbdülsəməd Amili,  Əli Xonsari, Şeyx Əbdülabbas İmarətul Cəzairi, Şəhid Sani, Şeyx Bəhai, Seyfəddin İsa və sairlərinin adını qeyd etmək olar. 71 elmi əsərin müəllifi olan Şeyx Nəcəfdə olduğu bu müddətdə burada bir neçə kitabı qələmə ala bilir. Şiə dünyası üçün tanınmış «Camiul Məkasid», «Risaleyi-Cəfəriyyə», «Risaleyi-Ğeybət», «Təqiyyə», «Müxtəsərün-Nafi» kimi kitablar Şeyxin qələminin məhsuludur. Altı illik tədris və elmi araşdırmalardan sonra 1514-cü ildə Mühəqqiq Sani yenidən vəzifəsinə, İrana dönür. Həyatının beş ilini də burada hakimiyyətin idarə olunmasında yaranan boşluqların aradan qaldırılmasına sərf edən Şeyx Sani 1519-cu  ildə yenidən Nəcəfə dönməli olur. Bu dəfə dönüşünə səbəb yaşının çoxluğu, səhhətində bəzi problemlərin yaranması və tədrisə vaxt ayırmağı qarşısına məqsəd qoyması olur. 75 yaşlı Şeyx Mühəqqiq Sani  Nəcəfdə də yenə eyni əqidə və amalla çalışmağa davam edir. O burada tələbələrə dəstək verərək dünyada şiəliyə yönələn haqsız ittihamlara cavab verməyi, pak Əhli-beyt (ə) məktəbini olduğu kimi dünyaya çatdırmağı təşviq edir. Onların yaratdıqları atmosfer bəzi başqa məzhəb və din nümayəndələrini narahat etdikcə Şeyxə öz etiraz məktublarını göndərir, onu bu işlərdən çəkinməyə çağırmalarına səbəb olur. Amma bütün bunlar iman dolu Şeyxin qəlbinə az da olsa qorxu toxumu salmağa qadir deyildi. Bunu görən düşmən Şeyxi susdurmaq üçün taktiki addımlar düşünür və 1519-cu il Zilhiccə ayının 17-də «Qədir Xum» bayramına hazırlanmış bir yığıncaqda xainlərin əli ilə Şeyx Mühəqqiq Sani zəhərləyirlər. Bir gün sonra Zihiccə ayının 18-i Şeyx şəhid olur. Bu pak şəxsiyyət apardığı uzunmüddətli mübarizəsinin sonu olaraq Allahın ən ali məqamına, şəhadətə çatmaqla bir daha insanlığa müqəddəs hədəfin müqəddəs də qurbanları olur məntiqini sərgiləyir. Bütün şiə dünyası bu böyük şəxsin şəhadət xəbərini acı göz yaşları ilə qarşılayır və onun şəhadətinə matəm tutur. Şeyx Mühəqqiq Sani Nəcəfdə İmam Əlinin (ə) hərəmində dəfn olunur. 

Əbülfəz Bünyadov
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768