Hüseyni seyidlərindən olan Seyid Səftər ailəsi Həmədanın Əsədabad kəndində hamı tərəfindən sevilir və ehtiram bəslənilir
Bu baxımdan məhəllə camaatı onun oğlunun dünyaya gəlmə xəbərini eşidəndə təbrik üçün Seyidin evinə tələsir. 1833-cü il, mübarək Şaban ayında Allah Seyidə gələcək elm, bilik və mənəviyyat dolu qəlb daşıyan Seyid Cəmaləddin Əsədəbadini hədiyyə edir. Mənəviyyat beşiyi olan ailədə elmi mənəvi fəzanın mövcudluğu balaca Cəmaləddinin həyatını bütünlükdə İslam və onun əhkamına istiqamətləndirir. Atasından dini elmləri almağa başlayan Seyid Cəmaləddin beş yaşında ikən Quranı mükəmməl oxuyaraq Ərəb ədəbiyyatını mütaliə etməyə başlayır.
1843-cü ilində Əsədabadda baş verən qəbilələr arası qarşıdurma səbəbi ilə Cəmaləddin ailəsi ilə bərabər Qəzvinə hicrət edirlər. O bura gəldiyi gündən Qəzvindəki mədrəsələrdən birinə qədəm qoyur və ciddi formada təhsillə məşğul olmağa başlayır. Qısa bir zaman kəsiyində məntiq, fiqh, üsul, ərəb ədəbiyyatında çox böyük nailiyyətlər əldə edir. Zaman ötdükcə mədrəsədə onun tədrisinə olan ehtiyac üzə çıxır və Seyiddən xahiş edirlər ki, o müəllim kimi burada fəaliyyətə başlasın. Seyidin tədrisi çox da uzun sürmür, 1845-ci ildə o ailəsi ilə birlikdə növbəti hicrətə qədəm qoyur. Bu dəfə ünvan Tehran şəhəri olur. Elmi mərifətə daima həris olan Seyid burada tədris üçün özünə müəllim axtarışına çıxır və dövrün məşhur fəqihi Seyid Muhəmməd Sadiq Təbatəbai Həmədani ilə görüşüb dərslərinə qatılır. Bu onun elmi biliklərinin genişlənməsi üçün xüsusi bir mərhələ olur. Çox az bir təhsillə Ayətullah Həmədani Seyid Cəmaləddində olan elmi seyr edincə tələbəsinin başına əmmaməni də özü qoyur. Çox keçmir ki, Seyid şəhərin tanınmış ruhanilərindən birinə çevrilir.
Oğlunun elmi biliklərə yiyələnməsini seyr edən atası Seyid Səftər burada ona lazım olan dini bilgilərin yiyələnməsində şəraitin olmadığını anlayır və buna görə də o hicrəti, Nəcəfə təhsil ardınca yola düşməyi düşünür. Seyid Səftər 12 yaşlı oğlu Cəmaləddini də götürüb Nəcəfə hicrət edir. Burada o oğlunu bir zamalar özünün də dərs aldığı Şeyx Murtəza Ənsarinin elm süfrəsinə gətirir. Beləcə 1845-ci ilindən Nəcəfə hicrət edən Seyid Cəmaləddin böyük ustad Ayətullah Ənsaridən dörd il müddətində təfsir, hədis, fiqh, məntiq üsul, kəlam, riyaziyyat, tibb, astronomiya elmilərini əldə edərək 16 yaşında ictihad dərəcəsinə çataraq ustadı Ayətullah Şeyx Murtəza Ənsaridən ictihad icazəsi alır. Onun belə qısa zamanda yiyələndiyi elmi biliklər təkcə Nəcəfdə deyil, Kərbəla, Samirra kimi şəhərlərdə də dillərdə dolaşır.
1852-ci ilində ustadının istəyi ilə Seyid Hindistanın Bombey şəhərinə hicrət edir.Bombey ticarət və turist şəhəri olduğu üçün burada elmi inkişaf aşağı səviyyədə idi. Buna görə də Seyid bir müddət burada qaldıqdan sonra Hindistanın mərkəzinə, elm şəhəri olan Kəlkətə gəlir. Burada iki il qalan Seyid şəhərdəki böyük alim və mühəddislərlə görüşür. Ölkədəki siyasi təfəkkürlə tanış olan Seyid İngilis istismarçılarının Hindistanı istismar etməsini, təbii sərvətlərinin mənimsəməsini, əhalisini qul və kölə halına salmasını böyük qəlb yanğısı ilə dinləyir. Xalqın kölə kimi elm və bilikdən uzaq salınmasını dözülməz bir hal kimi qiymətləndirən Seyid bunun üçün çıxış yollarının düşünülməsinə ehtiyac olduğunu bildirir. Buna görə də Seyid siyasi dünya görüşünü irəli qoyaraq çıxış yolları arayır. O gecə-gündüz bilmədən bütün enerjisini sərf edərək düşmənə endirmək üçün tutarlı zərbələri düşündüyü halda burada olan müsəlmanların da zəif nöqtəsini tapmağa çalışır. Böyük layihələr və araşdırmalarla məşğul olan Seyid Hindistanın həqiqi vətəndaşları tərəfindən azad və suveren yaşaması yollarını tapır. Hindistan əhalisini bu işdə birlik nümayiş etdirmələrini əsas hədəf görən Seyid onlarla sıx görüşlər keçirir. Bu barədə fikirlər sərgiləyən Seyidin düşüncələrini dinləyənlər arasında olan əfqanlıların da İngilis istismarından yaxa qurtarmaq arzusu onları qısa zaman kəsiyində Seyidin qapısına gətirir. Gənc alim bu istiqamətdə də araşdırmalar aparacağını əfqanlılara bildirir.
1855-ci ildə Seyid Əsədəbadi həcc qılmaq üçün Məkkəyə səfər edir. Orada görüşlər keçirən Seyid 1855-57-ci illər arasında Məkkədən Mədinəyə, oradan Urda, Dəməşqə, Bağdad, Mosul və sair şəhərləri dolaşır.
1857-ci ilin sonlarında o doğma şəhəri Həmədana gəlir. Buradan isə siyasi vəziyyətin gərgin olduğu ünvana, Tehrana gəlir. Baş verən siyasi cərəyanları incələmək üçün Seyid Xorasana, daha sonra Herat və Kabula gəlir. Baş verən hadisələrə birbaşa Əfqanıstandan təsir olduğunu yəqinləşdirdikdən sonra Seyid burada qalmaq qərarını verir. Təxminən altı ilə qədər müddətdə Seyid burada qalır. O Əfqan xalqına İngilis müstəmləkəçilərin pərdəaltı fəaliyyətlərini təhlil edərək onların iç üzünü açır. Eyni halda bu istiqamətdə taktiki gedişi onlar üçün müəyyən edir. Bununla yanaşı o Əfqan xalqının İngilis istismarçılarından yaxa qurtarmaq üçün asılılığa son qoymağı önəmli bir addım bilir. Burada olduğu altı ilə yaxın müddətdə o bu istiqamətdə xüsusi işlər görür. Çap mərkəzinin qurulması, «Şəmsul-Nəhar» adlı qəzetin açılması, hökumətdə xüsusi komitənin yaradılması, könüllü xalq ordusunun təşkili, xəstəxana, poçt idarəsi, karvansaraların tikilməsi və sair işlər onun gördüyü işlərdəndir. Düşmənə qarşı apardığı siyasətə, xüsusi olaraq mədəniyyət və incəsənət sahəsində atdığı addımlar əhəmiyyətli rol oynayır. Seyid burada başladığı siyasəti əfqanlıların ixtiyarına buraxaraq yarım qalmış Hindistan planlarını davam etdirmək üçün ora yollanır. Bura gəlişi onu artıq uzun zamandır izlənilən İngilis təxribatı ilə qarşılaşdırır. Gizli görüşlər keçirib xalqı mövcud vəziyyətdə atmalı zəruri olan addımları barəsində xəbərdar edən Seyidin bu işləri çox da uzun sürmür. Dövlət və İngilis müstəmləkəçiləri Seyidi həbs edərək onu Hindistandan çıxarırlar.1867-ci ildə inqilab ruhlu Seyid Əsədəbadi Misirə yollanır. Orada məşhur Əl-Əhzər universitetinə daxil olaraq orada tədrisə başlayır. Onun gözəl əxlaqı və ecazkar elmi ətrafına yüzlərcə tələbənin toplanmasına səbəb olur. Hər gün durmadan Seyid Əsədəbadiyə doğru axım Misir dövlətini də qorxuya salmağa başlayır. Misirə köçdüyü qırxıncı gündə ölkə rəhbərliyi rəsmi olaraq onun ölkədən çıxarılmasına əmr verir. Seyid buradan Türkiyəyə yollanır. İstanbulda yerləşən Seyidin Türkiyəyə gəlməsindən xəbər tutan Osmanlı dövlətinin başçısı ölkənin tanınmış alimləri olan Əli Paşa və Fuad Paşanı onunla görüşə göndərir. İlk söhbətlərində Seyidə qarşı mənfi hiss elə gəldiyi gündən də Seyidin ictimaiyyətə çıxmasını qadağalamaqla sonuclanır. Bunun çıxış yolu olmadığını düşünən ölkə başçısı Seyidi Türkiyədən də çıxarılmasına göstəriş verir. İki ölkə Misir və Türkiyə arasında razılaşmaya əsasən Seyid yenidən Misirə göndərilir. O burada Riyaz Paşa ilə görüşərək onun evində yerləşir. Seyidin burada olduğunu bilən tələbələrin bu evə axımı hər gün daha çox artmağa başlayır. Bu axımı özünə bir fürsət bilən Seyid də tədris dairəsini genişləndirir.
Onun Misirdə olduğu bir neçə il təkcə tədrislə məhdudlaşmır. O ictimai yığıncaqlarda iştirak edərək aparılan irtica siyasəti pisləməyə davam edir. Ölkənin tanınmış qəzetlərində yazıları dərc olunan Seyid Əsədəbadinin daxili istismarçılara qarşı mübarizədə mətin, İngilis qəsbkarlarına qarşı barışmaz mövqedə olmalarını xalqa çatdırmaqda idi.
17 Ramazan 1878-ci ildə bir daha Misir hakimiyyəti Seyidi ölkəsindən çıxararaq İrana yola salırlar, ona məxsus olan evi, kitablarını isə İngilis Maliyyə idarəsi tərəfindən müsadirə etdilər. İranda qısa bir zaman qalan Seyid Ümrə ziyarəti üçün Məkkəyə yollanır. O tələbəsi Əbu Turab Ariflə Ciddə və Mədinədə xüsusi şəxslərlə görüşlər keçirir. Ümrə qıldıqdan sonra Seyid Hindistana yola düşür. Hindistanda o iki cəbhə ilə, daxildə Qərb və İngilis müstəmləkəçilərinə xidmət göstərən satqın rəhbərlik olan Seyid Əhməd Xan, xaricdən isə İngilis istismarçılarına qarşı mübarizəyə atılır. Bu mübarizənin daha effektiv olması üçün o Heydərabadda «Ürvə» adlı gizlin bir təşkilat yaradaraq orada Hindistanın Məhəmməd İqbal, Şövkət Əli, Məhəmməd Əli Cahan kimi dəyərli şəxsləri ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıqdan xəbər tutan Hindistan hökuməti Seyidi Heydərabadda, öz evində həbs edirlər. Qısa bir zaman sonra, 1882-ci ildə onu Hindistandan çıxarırlar. Hindistandan qovulduqdan sonra Seyid bu dəfə Avropaya istiqamət alır. 1882-ci ilin ortalarında o Londona gəlir. Bir müddət Londonda elmi araşdırmalarla məşğul olan Seyid daha sonra Parisə gəlir. Qarşısına qoyduğu böyük məqsədləri Avropada davam etdirmək üçün o planlarını həyata keçirməyə başlayır. Seyid Əsədəbadinin fəaliyyəti ilə yaxından tanış olan Qərblilər onun burada da hansısa bir islahatını gözləyirdilər. Seyid onları çox da gözlətmir. Onun il işi İngilis və Fransız elm adamı olan Ernest Runan kimi şəxsi İslam mövzusunda disskusiyalara çəkməsi olur. Bu addımının ardınca o «Ürvətil vusqa» adlı jurnalın hazırlanmasına start verir. Birbaşa İslam düşmənlərinin həqiqi simalarını sərgiləyən jurnal Avropalılar üçün də maraqlı bir yenilik olur.
İslam ümmətini pərakəndəliyin vəhşi caynağından almaq üçün bir müddət sonra Seyid Parisdən Katifə istiqamət alaraq İslam ümmətinin vahid mərkəzini qurmaq qərarına gəlir. Lakin çox qısa vaxt kəsiyində İran şahı Nəsrəddin Şahın dəvət və israrı ilə o, 1886-cı ildə Tehrana gəlir. Lakin bu dəvət və israr çox da uzun sürmür. Qısa bir zaman kəsiyində Şahın ətrafında olanlar, xüsusi ilə də Seyidi özünə bir düşmən görən satqın din xadimlərinin apardıqları siyasətin nəticəsi olaraq Şah ilk bəhanədə Seyidin İrandan çıxarılması əmrini verir. 1886-cı ildə İrandan qovulan Seyid Əsədəbadi Rusiyaya gəlir. Rusiya-İngiltərə arasında gedən soyuq müharibədən istifadə edən Seyid Rusiyada qaldığı iki il ərzində buranın mediası ilə yaxın əməkdaşlıq quraraq bu gün dünya üçün necə irtica və talaçı rola malik olan İncilis istismarının iç üzünü nümayiş etdirir. Onun apardığı siyasət, uzaqgörənliyi Rusiya hökumətinin diqqətini çəkdiyi üçün Rusiya dövləti Seyid Əsədəbadiyə Rusiya müsəlmanlarının Şeyxülislamı olmaq təklifini verir. Lakin Seyid bununla razılaşmır. «Mən bütün dünya müsəlmanlarına xidmətçiyəm» deyib özünü Rusiya ilə məhdudlaşdırmaq istəmədiyini bildirir.Bu arada Avropaya səfərə çıxan İran şahı Nəsrəddin Şah gəzdiyi bütün ölkələrdə Seyid Əsədəbadinin adını, yaratdığı ajartajı eşitdikcə onu yaxından tanımaq, ünsiyyət qurub bacarığından istifadə etmədiyi üçün özünü qınayır. Bu qınaq səbəbi ilə o Seyidlə görüşmək imkanı axtarır. Belə bir imkan Münehdə baş tutur. Seyiddən baş verənlərə görə üzr istəyən Nəsrəddin Şah onun İrana gəlməsini xahiş edir. O xahişində bildirir ki, Seyidin arzuladığı bütün imkanları onun üçün yaradacaq. Seyid Şahın dəvətini qəbul edib 1890-cı ildə Tehrana, öz doğma vətəninə qayıdır. Lakin bu dönüş uzun sürmür. Artıq qəti düşmən olan İngilis güc sahibləri Nəsrəddin Şaha təpgi gələrək Seyidin tez bir zamanda ölkədən çıxarılmasını tələb edirlər. Bunu isə öz ölkəsində nüfuz qazanacağı halda Seyidin bir dünya İslamına rəhbərlik etmə təhlükəsi ilə izah edirlər. Beləcə Seyid Cəmaləddin Əsədəbadi İrandan qovulur. İrandan çıxan Seyid İraqa, Bəsrəyə gəlir. Bir müddət burada qaldıqdan sonra Seyid dünyanın istismar mərkəzlərindən biri olan Londona qayıdır. Burada o dövrü mətbuatda İngiltərənin apardığı irtica siyasəti sərt tənqid etməklə yanaşı bütün İslam dünyasının liderləri, qəbilə başçılarına məktublar yazaraq bu işdə dəqiq olub düşməni ölkələrindən çıxarmaqda birlik göstərmələrini istəyir. Seyidin apardığı bu işlərin onlar üçün acı nəticələr verəcəyini görən İngilis hökuməti Seyidin ictimai fəaliyyətini bütün istiqamətlərdə məhdudlaşdırmağa çalışırlar. Dünya mediasını bürüyən və Seyidin pak amalı olan İslamı birlik layihəsini yaxından izləyən Türkiyə Osmanlı padşahı Əbdülhəmid Seyidə məktub yazaraq onu İstanbula dəvət edir. O öz məktubunda Seyidə arzuladığı İslamı birlik hökuməti, ümumdünya İslam mərkəzinin İstanbulda qurmaq üçün onların hazır olduğunu qeyd edir. Bu səbəbdən də 1892-ci ildə Seyid İstanbula yola düşür. İstanbula gələn gündən Seyid dünyanın müxtəlif bucaqlarında olan İslam rəhbərlərinə məktub yazaraq bəziləri ilə görüşür, bəziləri ilə isə məktub vasitəsi ilə danışaraq məramını onlara izah edir. Dörd il sürən uzun araşdırmalar və danışıqlardan sonra nəhayət ki, İslam dünyası özünün İslami Birlik Cəbhəsini qura bilir. Bu cəbhə artıq müsəlmanların vahid qüvvəsini tərənnüm etməklə yanaşı hər növ istismara sinə gələcəyini nümayiş etdirir. İlkin addımlar elə Türkiyədə də özünü göstərir. Burada olan İngilis qüvvələri qısa zaman kəsiyində ölkədən qovulur. İslami Birlik cəbhəsinin bu addımından sonra onun Türkiyədə nüfuzunun artması Seyidə qarşı rəğbətin güclənməsinə səbəb olur. Elə bu rəğbət də Sultan Əbdülhəmidi qorxutmağa başlayır. İçində hakimiyyətini itirmək qorxusu yaranan Sultan Seyidin genişlənməkdə olan nüfuzunu məhdudlaşdırmaq üçün planlar düşünməyə başlayır. Bu axtarış Sultanı çox da gözlətmədi. 1896-cı ildə o Seyidin adına təşkil olunmuş yığıncaqda Seyid Cəmaləddin Əsədəbadini zəhərlədi. Zəhərin təsirindən Seyid yalnız bir neçə saat dayana bildi. Bütün həkim və təbiblərin çalışmalarına baxmayaraq böyük zəhər dozası Seyid Cəmaləddin Əsədəbadinin şəhadətə qovuşmasının qarşısını ala bilmədi. Bu acı olayı eşidənlər göz yaşları ilə İstanbula toplaşdılar. Seyidin pak nəşini İstanbulun şəhidlər məzarlığında dəfn etdilər.
Həyatını on yaşından səfərlərdə keçirən bu ecazkar insan cəmiyyətdə dini mənəvi ruhiyyənin canlanması üçün bütün enerjisini sərf etməklə yanaşı gələcək nəsillərə irs qoyacaq müxtəlif səpkili kitablara də müəlliflik etdi. Tarixdə əksini tapan Seyid Cəmallədin Əsədəbadiyə məxsus məktublar, məqalələr, danışıqlar, yazışmalar da bu gün bu ecazkar şəxsin sonsuz təfəkkürünün bəhrəsi olaraq uzaqgörən bir rəhbərin məntiqindən xəbər verir. Durmadan çalışan Seyidin qələmə aldığı «Tətmiətul Bəyan fi Tarixul Əfqan», «Qəza və Qədər», «İslam və elm», «Əl-Vadiətul İslamiyyə» kitablar bu gün də orjınallığı və aktuallığını qorumaqdadır.
Əbülfəz Bünyadov
islamazeri.az