"Dərd və qəmlə dolu ürəyim azad olmaq istəyir. Dağınıq ruhum artıq uçmaq və bu quru qürbət diyardan köçüb əfər vadisinə getməyi arzu edir"
Doktor Mustafa Çəmran 1932-ci ildə Tehranda dünyaya göz açır. Orta təhsilini bitirdikdən sonra 1950-ci ildə Tehran Universitetinə daxil olur. Orta məktəb dövründə nisbətən sakit və mütaliəni maraqları daxilində saxlayan Çəmranın ali təhsil həyatı çox fərqli notlarla seyr olunur. Universitetə daxil olduğu illərdə digər tələbələrdən fərqli mövqeyi ilə diqqət çəkən Çəmran İran Neftinin Milliləşdirməsi istiqamətində İngilis istismarçılarına qarşı baş qaldıran dini etirazların unversitet daxili nümayəndəliklərini yaradır. Ali təhsil nəzdində apardığı təbliğatla Çəmran İran neftinin ölkənin böyük ehtiyaclar içində yaşamasına baxmayaraq Qərbin təsiri altına düşməsini qəti pisləyərək bunun yolverilməz olduğunu bildirib tələbələri buna etiraz etməyə çağırır.
Şahın rəiyyətin maraqları ilə əsla maraqlanmaması, xalqın olduqca aşağı vəziyyətdə yaşadığı halda xalqın sərvətinin mənimsənilməsi, qərblilərin ölkə daxilidə yatırımlar edərək xalqın sərvətini ucuz qiymətə alaraq əvəzində xalqı asılı vəziyyətdə saxlamasını yolverilən hal kimi qəbul etməyən Çəmran tələbələri buna etiraz etməyə çağırır və çox keçmir ki, Tehran Universitetində Çəmran tələbələr arasında azadlıq uğrunda mübarizə aparan liderlərdən birinə çevrilir.
Tehran Universitetində oxuduğu müddətdə dəfələrdə həbs olunan və bir neçə dəfə də ali təhsil ocağından qovulma təhlükəsi ilə baş-başa qalan bu gənc təhsilini bitirdikdən sonra doktorantlığını müdafiə etmək üçün Amerikaya yollanır. Elektro-fizik sahəsində doktorantura müdafiə edən Çəmran orada olduğu müddətdə Amerika müsəlmanları ilə görüşür və onların birlik və həmrəyliyi üçün təşkilatlanma istiqamətində xüsusi addımlar atır.
Təhsilini bitirdikdən sonra İrana dönən Çəmran 1963-cü ildə «15 Xordad» qiyamına qoşulur. Qiyamın qanlı qarşıdurmalarla müşahidə olunduğu, hər gün öldürülən həmvətənlərinin azadlıq şüarlarını izləyən Çəmran təhsili səviyyəsində bu hərəkata bəxş edə biləcək qüvvəsini hesablayaraq elə həmin il Misirə yola düşür. Orada müsəlman icmaları ilə görüşərək Fələstin hərəkatının üzvləri ilə birlik yaradır. Məhz partizan hərəkatı və bura zəruri olan taktiki gedişləri haqqında bilgiləri də Çəmran burada əldə edir. Misirdə müsəlman dünyasının problemi olan millətçilik (nasionalizm) təfəkkürünə etiraz edərək vahid ümmət anlamını gündəmə gətirən neçə-neçə konfranslar təşkil edir.
1970-ci ildə Dr. Çəmran Livana gəlir. O burada İmam Musa Sədrlə görüşür və birlikdə «Əməl» (İndiki Hizbullah ) təşkilatını yaradaraq Şərqin strateji ünvanında yerləşən Livanın bu istiqamətdə müsbət nəticələrini İmam Sədrlə birlikdə hesablayırlar. Bu hesablamalar onlara Əməl təşkilatının silahlı qanadını yaratmaq məcburiyyəti ilə baş-başa qoyur. Onların birliyi Sionizmə qarşı strateji əsaslarla mübarizə üçün xüsusi bir nailiyyətə səbəb olur. Eyni halda Fələstinə hərbi yardımda da Əməl böyük rola malik olur.
Nəhayət 1979-cu il İran İnqilabı dönəmində Dr. Çəmran İrana qayıdır. Gəlişi ilə də hərəkata qoşularaq «İnqilab gözətçiləri» təşkilatına başçılıq edir. İnqilabın daxili qoruyucu qanadı ilə yanaşı xarici müdafiəsində də xüsusi rola malik olan Çəmran bu istiqamətdə böyük nailiyyətlərə imza atır. İran inqilabının qurulduğu illərdə (1979-1980-cı illərdə) İran daxilində Kürdüstan mövzusunda irtica qüvvələrə vahid ümmət məntiqi ilə cavab verən Dr. Çəmran millətini vətəndaş müharibəsindən qoruya bilir.
İran inqilabının dağıdılması istiqamətində bütün qüvvələrini sərf edən müttəfiqlər daxili qarşıdurmaya nail ola bilmədiklərini gördükdə xarici təsirə əl atır və 1981-ci ildə İran-İraq arasında müharibənin başladılmasına nail olurlar. Dr. Çəmran bu müharibəyə də ordu başçıları sırasında qatılaraq böyük təcrübəsindən istifadə edərək ölkəsinin torpaqlarının müdafiəsi istiqamətində uğurlu layihələr gerçəkləşdirir.
Xüsusi olaraq partizan döyüşlərində əldə etdiyi təcrübəni ortaya qoyan Dr. Çəmran İraq qəsbkarlarına qarşı əzici zərbələrin endirilməsinə nail olur. 1981-ci ildə Cənub istiqamətində gedən döyüşlərdə Dr. Çəmran şəhadətə çatır.
Həyatının son anlarında o iman və əqidə mücəssəməsi olan insan bu sözləri söyləyərək əbədiyyət aləminə pərvaz edir: «Allahım! Etdiklərim üçün Səndən əcr istəmirəm və öz fədakarlıqlarımdan ötəri lovğalanmıram. Hər nəyim var idisə Sən verdin və nə etdimsə, Sən asanlaşdırdın deyə edə bildim. Bütün qabiliyyətlərim və bütün varlığım Sənin iradənin bir nəticəsidir. Sənə təqdim edəcək, özümdən olan heç bir şeyim yoxdur.» Bu onun şəhadət zamanı söylədiyi son sətirləri olur.
Onun şəhadət xəbəri bir çox mübariz insanları kədərləndirdiyi kimi əqidə yoldaşlarında haqq uğrunda aparılan mübarizə üçün bir stimul olur. Bu gün də İranın müxtəlif küçə və xiyabanlarına adı verilən Doktor Mustafa Çəmran bir azadlıq lideri kimi unudulmaz, həmişəyaşar qəhrəman olmaqla yanaşı əqidəvi insan, imanlı, əxlaqlı, sədaqəti, eyni halda təvazökar bir şəxsiyyət kimi əbədi qalacaqdır.
Əbülfəz Bünyadov

islamazeri.az