Dərslik, təkcə elmi bilik deyil, gələcək üçün həyati biliklər də verməlidir
Orta məktəbdə təlimin başlıca məqsədi təkcə bilik vermək deyil, eyni zamanda, şagirdlərin bacarıq və qabiliyyətlərini inkişaf etdirmək, onları düzgün istiqamətləndirməkdir.Dərslik, təkcə elmi bilik deyil, gələcək üçün həyati biliklər də verməlidir. Axı dərslik həm də şagirdin gələcəkdə bir şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır. Buna görə də dərsliklərin dili anlaşıqlı, asan başa düşülən olmalı, həm də şagirdlərin maraqları nəzərə alınmalıdır. Bir-birini təkzib edən fikirlər, dil və üslub səhvləri dərslik mətnlərində yolverilməzdir.İbtidai siniflərdə tədris edilən əsas fənlərdən biri də Ana dilidir. Əvvəllər “Oxu” kitabı adlanan dərslik, indi “Ana dili” adlanır. I-II siniflərin “Ana dili” kitablarına diqqətlə nəzər saldıqda, kifayət qədər nöqsanlara yol verildiyini görməmək mümkün deyil.
Əvvəlcə, mətnlərin mövzu dairəsinə baxaq. I və II sinif “Ana dili” kitablarında tarixi günlər, tarixi şəxsiyyətlərlə bağlı bircə materiala belə rast gəlinmir. Yalnız I sinif “Ana dili”də “Vətənimizin tarixi” bölümündə “Qədim diyar”, “Şəhidlər xiyabanı”, “Xocalı faciəsi” adlı mətnlər yerləşdirilib ki, bu mətnlərdə də müəyyən qüsurlar var. Belə ki, bölmə “Vətənimizin tarixi” adlansa da, şagirdə heç bir tarixi məlumat vermir, hadisələr ümumi sözlərlə çatdırılır.Sovet İttifaqı və onun ordusu haqqında heç bir məlumatı olmayan birincilər üçün “Həmin gün sovet ordusu azad yaşamaq istəyən günahsız insanlara divan tutdu” fikri nə dərəcədə aydındır? Heç bir sözlüksüz, izahsız “divan tutmaq ” ifadəsini şagird necə anlasın? Birinci sinif şagirdi xüsusi izahlı lüğətdən istifadə etmək qaydasını da bilmir axı hələ. Beşinci sinfin “Azərbaycan dili” dərsliyində omonimlər mövzusu izah olunan zaman, “divan tutmaq” ifadəsi ətraflı izah olunduğu halda, burada mətnin altında belə izah olunmayıb. “Zirehli texnika”, “sinəsini sipər etmək” və digər bu kimi ifadələr mətnin oxusu zamanı şagirdi fasilələrlə sual vermək məcburiyyətində qoyur.II və III sinif “Ana dili” dərsliyində bu nöqsan yoxdur. Hər dərsə aid yeni öyrədilən sözlər sözlük kimi ayrıca izah edilib. Ancaq bu sözlüklər, həm də kitabın arxasında lüğət şəklində verilsə, uşaqlar tədricən lüğətdən istifadə qaydasını da öyrənər.Mətnlərlə bağlı verilən şəkillər ya mətnə uyğun deyil, ya da aldadıcıdır. Məsələn, sözügedən mətn üçün verilən rəsmdən belə görünür ki, guya 20 Yanvar günü camaat bəzənib-düzənib, qucaq açıb tankların qabağına çıxıblar. Bu şəkildən şagird həmin tarixin heç də faciə olduğu qənaətinə gələ bilməz.
Əgər doğrudan da, o günün Azərbaycan xalqı üçün qanlı bir tarix olduğunu çatdırmaq istəyiriksə, buna uyğun da şəkil verilməli idi.Hər il məktəblərdə tarixi faciələrimizin, o cümlədən, 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbirlər keçirilir. Məktəblilər həmin tarixləri əks etdirən rəsmlər çəkir, sərgilər təşkil olunur. Ən azından məktəblilərin çəkdiyi ən yaxşı rəsmləri seçib vermək olar bu tipli mətnlər üçün. Yaşıdlarının çəkdiyi rəsmlər daha maraqlı və təsirli olar.Şagirdlərdə düzgün yazı vərdişi təkcə yazmaqla deyil, həm də oxumaqla, mütaliə etməklə formalaşır. Uşaqlar elə bilirlər ki, kitablarda səhv olmur. Kitabda yazılanlara inanır, yalnız onu düzgün qəbul edirlər. Bu baxımdan da xeyli orfoqrafik və qrammatik səhvlərə rast gəlinir. Yenə qayıdıram Şəhidlər Xiyabanı ilə bağlı mətnə. Mətndəki “20 Yanvar” adındakı yanvar sözü kiçik hərflə, “Şəhidlər xiyabanı” adındakı xiyaban sözü böyük hərflə verilmişdir. Məlumdur ki, bu cür mürəkkəb adların yazılışında müəyyən qaydalar mövcuddur. Tarixi günlər rəqəmlə ifadə olunduqda ( məsələn, 20), “yanvar” sözü böyük hərflə, “Şəhidlər xiyabanı”nda isə “xiyaban” sözü köməkçi söz olduğundan kiçik hərflə yazılmalıdır.Dərsliklərdə, xüsusən də ibtidai sinif dərsliklərindəki bu nöqsanlar yolverilməzdir. O cümlədən cümlə quruluşlarındakı səhvlər. Məsələn, bu cümləyə (I sinif “Ana dili”, səh.96, 2010-cu il nəşri) diqqət edək: “Yurdumuzun ən səfalı yerində Xocalı adında şəhər var idi”, əvəzinə, “Xocalı şəhəri yurdumuzun ən səfalı yerlərindən biri idi” olsa, daha yaddaqalan olmazmı? Söhbət üslub səhvindən deyil, ondan gedir ki, ibtidai siniflərin “Ana dili” dərsliklərinin dili nə qədər sadə, diləyatımlı olsa, şagirdlər də mətnləri bir o qədər asan başa düşər.“Vətənimizin tarixi” bölməsində (I sinif) cəmi üç bəsit mətn verilib. Bu da şagirdə yeni və maraqlı heç bir məlumat vermir. “Azərbaycan – vətənim mənim” bölməsi isə Heydər Əliyevə həsr olunmuş “Ulu öndər” şeiri ilə başlayır. Bu şeiri ayrıca bir bölməyə əlavə edib tarixi şəxsiyyətlərimizlə bağlı məlumatlar, şeir və digər mətnlər daxil etmək olardı.
Şeirlərin çoxu, hətta müəllimlərin tanımadığı müəlliflərə məxsus olduğundan şagirdlər üçün qaranlıq qalır və müəllimləri pis vəziyyətdə qoyur. Axı şagird, həm də öz müəlliminin hər şeyi bildiyini düşünür. Əks halla qarşılaşdıqda, onda müəlliminə qarşı inamsızlıq yaranır. Müəlliflərin adı şeirlərin altında deyil, mündəricatda verilib.İbtidai sinif müəllimləri arasında apardığım sorğuda iştirak edən təcrübəli müəllimə deyir ki, mən çox istərdim ki, dili daha asan olan mətnlər olsun kitabda. O şairlərin şeirləri verilsin ki, onları başa düşmək, əzbərləmək şagirdlər üçün də həm maraqlı, həm də asan olsun, məsələn, Sabir Rüstəmxanlının şeirini əzbərləmək daha çox zəhmət tələb edir şagirddən, nəinki sırf uşaqlar üçün yazılmış şeirləri. Məhz uşaqlar üçün yazılmış şeirlər onların vaxtını da az alır.Əvvəlki “Oxu” kitabının şagirdlərə həm daha çox, həm də maraqlı məlumatlar verdiyini də qeyd etdilər. Onu da qeyd etdilər ki, yazıçı və şairlərin seçimində çox ayrı-seçkilik edilir.
Tarixi günlərlə bağlı mətnlərə diqqət edək. I, II sinif “Ana dili” dərsliyində bu mövzu ilə bağlı heç nə yoxdur. III sinfin Ana dili dərsliyində olsa da, əsas tarixi gün və hadisələr nəzərə alınmayıb. 28 May Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, Şərqdə ilk demokratik pespublika və onun yaradıcısı – Məhəmməd Əmin Rəsulzadə ilə bağlı heç bir məlumat yoxdur. Hətta tarixi şəxsiyyətlər bölümündə belə, Rəsulzadənin adı çəkilmir. Biz öz tarixi keçmişimizə, dövləti, milləti üçün tarix qoyub getmiş şəxsiyyətlərimizə bu qədər diqqətsiz, biganə olmaqla hansı həqiqətləri çatdırmaq istəyirik dünyaya? Bir halda ki, öz balalarımıza bu həqiqətləri lazımınca çatdırmırıq...Dərsliklərin hazırlanmasında birbaşa, mütəmadi olaraq elmlə məşğul olan, elmi axtarışlarda olan şəxslər iştirak etməlidir. Uzun illər pedaqoji fəaliyyətdə olmaq, hələ dərslik yazmağa haqq qazandırmır.Ən kiçik qüsur və nöqsanlar növbəti hazırlıqlarda nəzərə alınmalıdır. Dərsliklərdə, xüsusən də, ibtidai sinif dərsliklərində mümkün qədər durğu işarələrində belə səhvə yol vermək olmaz.
Elnaz Eyvazlı
islamazeri.az