Həzrəti Zeynəlabidin dördüncü imamdır
Həzrət Əli ibn Hüseyn Zeynəlabidinin (ə) atası həzrət Hüseyn (ə), anası iran padşahı Yəzdgerdin qızı Şəhrəbanu olmuşdur. O, hicrətin 38-ci ilində, şaban ayının 5-də, cümə axşamı bəzi rəvayətlərə görə, hicrətin 36-cı ilində, cəmadiul-axır ayının 15-də cümə axşamı, Əmirəlmömininin (ə) Bəsrəni fəth etdiyi gün Mədinədə dünyaya göz açdı. O həzrət hicrətin 95-ci ilində, məhərrəm ayının 25-də, 57yaşında ikən, bəzi rəvayətlərə görə isə məhərrəm ayının 12-si 59 yaşında zəhərləndirilərək şəhid edildi. Onun cənazəsi oğlu imam Məhəmməd Baqirin (ə) vasitəsi ilə Mədinədə, Bəqi qəbiristanlığında, əmisi imam Həsənin (ə) qəbri yanında torpağa tapşırdı.
O, fəzilət, elm və yoxsul kimsəsizlərə yardım etməkdə öz dövrünün bənzərsiz siması idi. Alimlərimiz o həzrətdən çoxlu rəvayətlər, dualar, nəsihətlər nəql etmişlər. O qaranlıq gecədə üzünü bağlayıb qızıl, gümüş, ərzaq kisələrini çiyninə atıb qapı-qapı gəzər və onu kasıblara paylayardı. O həzrət dünyasını dəyişdikdən sonra xalq üzünü bağlayıb yoxsullara, kimsəsizlərə yardım edən kişinin kim olduğunu bildi. İmam (ə) yetim, yoxsul insanlarla bir süfrə başında əyləşməyi çox xoşlayardı.
Həzrətin gözəl əxlaqına nümunələrdən biri bu idi ki, o, hər ay qulamlarını (qulluqçularını) bir yerə yığar və onlara buyurardı: “Hansınız ailə qurmaq istəyirsə, onu evləndirim, əgər istəyirsinizsə, sizi özgəsinə satım, azad olmaq istəyirsinizsə, azad edim”.
Bir ehtiyacı olan ondan yardım dilədikdə buyurardı: “Afərin! Sən bizim Allaha daha da yaxınlaşmağımıza kömək edirsən”.
Çox uzun, daimi səcdələr etdiyi üçün ona “Səccad” ləqəbi vermişdilər. O həzrətin çox səcdədə qalması onun alnının, əlinin içinin, dizlərinin qabar bağlamasına səbəb olmuşdu. Allaha çoxlu ibadət etdiyi üçün ona “Zeynül-abidin”, yəni “möminlərin, ibadət edənlərin zinəti” ləqəbini vermişdilər. Namaz qıldığı vaxt bədəni əsər, çöhrəsi isə saralardı.
Bir gün yaxınlarından biri ona yaramaz, nalayiq söz dedi. İmam (ə) böyük təmkin nümayiş etdirib ona bir söz demədi. Bir az sonra nalayiq söz deyən kişiyə tərəf getdi. Ətrafdakılar İmamın (ə) onun cavabını vermək istədiyini zənn etdilər. Lakin o, bu ayəni oxudu:
الَّذِينَ يُنفِقُونَ فِي السَّرَّاء وَالضَّرَّاء وَالْكَاظِمِينَ الْغَيْظَ وَالْعَافِينَ عَنِ النَّاسِ وَاللّهُ يُحِبُّ الْمُحْسِنِينَ
“O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər” (Ali-İmran, 134).
Sonra İmam (ə) üzünü həmin kişiyə tutub buyurdu: “Qardaşım, sən mənə qarşı çıxıb dedin:... Əgər sən doğru deyirsənsə və məndə o pis xüsusiyyətlər varsa, Allahdan özümə bağışlanmaq diləyirəm, yox əgər məndə o pis xüsusiyyətlər yoxdursa və sən mənə böhtan deyirsənsə, Allahdan sənin bağışlanmağını istəyirəm."
islamazeri.az