İran parlamentinin bir neçə deputatının vəsadəti əsasında prezident Mahmud Əhmədinejat bir sıra məsələlərə aydınlıq gətirmək üçün parlamentə çağırılır
İslamazeri.az İnternet Qəzetinin MEHR-ə istinadən verdiyi xəbərə görə, İran İslam Respublikasının tarixində ilk dəfə olaraq prezident hökümət qarşısında hesabat üçün parlamentə çağırılıb.
İslam Respublikasının konstitutsiyasına əsasən deputatlar prezidenti parlamentə çağırıb ondan hesabat tələb edə bilərlər.
Mahmud Əhmədinejatın parlamentə çağırılması bir qrup deputatın vəsatəti əsasında həyata keçirilib.
Belə ki, İranın prezidenti Mahmud Əhmədinejat ölkədə düzgün iqtisadi siyasət yürütmədiyinə və digər məsələlərə görə parlamentdə çıxış etməlidir.
Parlamentə çağırış məktubunun prezidentə 2 gün ərzində çatdırılacağı gözlənilir.
İran parlamentinin spiker köməkçisi Məhəmməd Reza Bahnoar deputatların Əhmədinejatdan bir sıra iqtisadi məsələlərə o cümlədən, Tehran metropoliteni və ictimai nəqliyyatı üçün xüsusi büdcəni təsdiq etməsinin səbəblərinə aydınlıq gətirməsini tələb etdiyini bildirib.
Mahmud Əhmədinejat eyni zamanda bir sıra məmurları vəzifədən azad etdiyinə görə parlament qarşısında cavab verməli olacaq.
Prezidentin açıqlamalı olacağı digər məsələlərdən biri də 2011-ci ildə vəzifədən azad etdiyi Kəşfiyyat naziri Heydər Moslehini vaxtından gec vəzifəyə qaytarması olub.
Belə ki, Ali dini Lider Ayətullah Seyyid Əli Xamneyi İran prezidentindən Moslehinin vəzifəyə qaytarılmasını tələb etsə də, Əhmədinejat bu qərarı verməyə 11 gün tərəddüd edib.
Əhmədinejat eyni zamanda İslam dininə uyğun qadın geyimlərinin təbliği məsələsinə nədən səhlənkar yanaşdığına görə sorğuya çəkiləcək.
islamazeri.az