Xəyal Həsənov: “Ola bilsin ki, saytımız ramazan ayından sonra xəbər portalı kimi fəaliyyət göstərsin”
Xəyal bəy! “İslamaz.com” saytını açmaqda məqsədiniz nədir? Rəhman və rəhim olan Allahın adı ilə. Əvvəla, bütün izləyiciləri salamlayır və daha sonra onları qarşıdan gələn mübarək Ramazan bayramı münasibəti ilə təbrik edirəm. Arzu edirəm ki, bu mübarək və mənəvi ayda əziz müsəlmanların ibadətləri, duaları Allah tərəfindən qəbul olunsun. Mənimlə də müsahibə apardığınız üçün sizlərə dərin minnətdarlığımı bildirirəm. Sualınıza gəlincə isə onu qeyd etmək istərdim ki, “islamaz.com” saytı bizim tərəfimizdən deyil, 2005-ci ildə “Təkamül” Tərcümə Mərkəzi tərəfindən yaradılıbdır. Azərbaycanda ilk islami saytlardan biri olan “islamaz.com” saytı yarandığı gündən özünə geniş oxucu kütləsi qazanmış və daim dini maarifçiliklə məşğul olmuşdur. 2008-ci ildən 2011-cu ilin mart ayına qədər saytın fəaliyyətində bir qədər fasilələr yaranmış və bununla da qazandığı oxucu kütləsini itirmişdir. 2011-ci ilin mart aylarında Təkamül” Tərcümə Mərkəzinin rəhbəri Ceyhun Cəfərovla bizim bir neçə görüşlərimiz olmuş və nəticədə mərkəz saytın fəaliyyət göstərməsi üçün sayta rəhbərlik etməyimi istəmişlər. Təbii ki, mən də bununla razılaşdım. Əslində, daimi izləyicisi olduğum bir saytın rəhbəri olmaq mənə çox xoş təəssürat bağışladı. Beləcə mən 2011-ci ilin mart ayından saytın rəhbəri kimi fəaliyyət göstərməyə başladım. İlk öncə saytın dizaynını dəyişdikdən sonra fəaliyyətimizə start verdik. Əvvəl-əvvəl gün ərzində saytımıza giriş 15-20 nəfər olurdusa, bir neçə aya bu rəqəmi 250-300-ə çatdırmağa müvəffəq olduq. Sayt öz gücünü dini maarifçilik istiqamətində apardığı üçün mömin və möminələrdən ibarət könüllü redaktor və jurnalistlərlə əməkdaşlıq etməyə başladıq. Dəyərli möminlər və möminələr öz vaxtlarından sərf edərək məqalələr tərcümə edib saytda yayımlamaqla saytımıza olan marağı daha da artırdılar. Hazırda saytımız fəaliyyətini dini maarifçilik istiqamətində aparır, amma ola bilsin ki, saytımız Ramazan ayından sonra xəbər portalı kimi fəaliyyət göstərsin. Hədəfimiz xəbərin izləyicilərə düzgün çatdırılması və dezinformasiyanın qarşısının alınmasıdır.
Saytınızın istifadəçilərinin əvvəl az olması sizləri həvəsdən salırdımı? Əslində, bizim saytın istifadəçiləri elə indi də ürəkaçan deyil. Amma bu bizi qətiyyən narahat etmir. Çünki, əvvəldə qeyd etdiyim kimi bizim saytın istifadəçiləri vaxtilə minlərlə olubdur. Sonralar fəaliyyətində fasilələr olduğundan bu istifadəçiləri itirmişik. Düzdür, həmin illər mən özüm də bu saytın istifadəçilərindən biri olmuşam. Amma bunu elə öz uğurumuz kimi dəyərləndirirəm. Mən işə yeni başlayanda qeyd etdiyim kimi, sayta 15-20 nəfər adam girirdi. Sonra gərgin iş rejiminə keçməklə bu rəqəmi bir qədər qaldırmağa müvəffəq olduq. Və şükürlər olsun ki, qaldırmaqda davam edirik. Əlbəttə, yeni başladığımızdan məni nəinki həvəsdən salmaq, əksinə həvəsə gətiribdir. Saytımızın özəl xüsusiyyətlərindən biri də budur ki, bizim onlarla daimi oxucularımız vardır ki, onlar daim təmənnasız olaraq bizimlə əməkdaşlıq edir və bizə bu işdə dəstək olurlar. Biz də öz növbəmizdə onlara dərin minnətdarlığımızı bildiririk.
Nə üçün saytınızı xəbər portalı kimi görmək istəyirsiniz? Bilirsiniz, biz planlaşdırmışıq ki, İnşallah saytımız xəbər portalı kimi fəaliyyət göstərdikdə eyni zamanda indiki maarifçilik işlərimizi də davam etdirək. Sadəcə, saytımızın istifadəçilərinin informasiya ehtiyaclarını ödəməklə də məşğul olaq. Həm də bildiyiniz kimi, mən uzun müddət “Birlik-Press” qəzetində çalışmışam. Hazırda da “Birlik” İnformasiya Mərkəzi və digər saytlarla əməkdaşlıq edirəm. Jurnalistikaya yeni gəldiyimdən bu işimi daha da genişləndirmək və ətrafımda jurnalist dostlarımı toplayıb media meydanına çıxmaq üçün bu addımı atırıq. Düşünürəm ki, bu addımımız saytımızın bir uğuruna çeviriləcəkdir. Çünki, saytımızın izləyiciləri həm maarifləndirici materiallar əldə etməklə yanaşı, gündəlik baş vermiş hadisələrdən də xəbərdar olacaqlar.
Hər hansı təşkilat, yaxud saytlarla əməkdaşlıq edirsinizmi? Biz mütəmadi olaraq “Füzuli” söz məclisinin şairləri ilə görüşlər keçiririk və onların yazdığı şeirləri, qəzəlləri saytımız vasitəsi ilə yayımlayırıq. Bundan əlavə, “Quran Evi” dərnəyi ilə sıx iş birliyimiz vardır. Digər saytlar dedikdə demək olar ki, bütün islamyönlü xəbər saytları ilə əlaqələrimiz və tanışlıqlarımız vardır. Daha sonra qeyd etmək istərdim ki, biz “Təkamül” Tərcümə Mərkəzi ilə “İslamda Əxlaq” adlı birgə müsabiqə keçirmişik. Mütəmadi olaraq onlarla da əlaqə saxlayır və birgə layihələr həyata keçirmək üçün söhbətlər aparırıq.
Saytınızın hər hansı təşkilat ilə bağlılığı varmı? Mən qeyd etdiyim kimi, sayt vaxtilə “Təkamül” Tərcümə Mərkəzi tərəfindən yaradılıbdır. Daha sonra mənə həvalə edildikdən sonra sayt tam olaraq müstəqil fəaliyyət göstərməyə başladı və bu cür də davam edir. Saytımızın illik xərcini saytımızda yerləşdirilən reklamlar ödəyir. İçi mən qarışıq saytımızın bütün kollektivi ictimai əsaslarla fəaliyyət göstərir. Yəni saytımız könüllülərdən ibarətdir. Burada nə bir kəs maaş, nə də qonarar şəkilində pul alır.
Qarşıda bundan başqa panlarınız var? Hazırda bütün gücümüzü saytın xəbər portalına çevrilməsi üçün sərf edirik. İnşallah, bu baş tutarsa, növbəti planlar haqda ictimaiyyətə açıqlama verəcəyik.
Biz də öz növbəmizdə sizlərə işlərinizdə müvəffəqiyyətlər arzu edirik.
islamazeri.az