اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 

“Get, qoy Allah özü səninlə bilsin”

Yayım Tarixi: 23.09.2011 15:50
Reportaj
Yazı ölçüsü: büyüt küçült         

haber
Prokurorun məhkəməyə gəlməkdən imtina edən “şahidləri”

Bu gün Bakı Ağır Cinayətlərlə İş Üzrə məhkəmədə AİP sədri Mövsüm Səmədov, onun müavini Vaqif Abdullayev, və digər ruhanilər Fəramiz Abbasov, Rufulla Axundzadə və Quba rayon sakinləri Firdovsi Məmmədrzayev və Dəyanət Səmədovun cinayət işi ilə bağlı növbəti məhkəmə prosesi keçirildi.Məhkəmə şahid ifadələrinin dinlənilməsi ilə başlanıldı. İlk olaraq məhkəməyə şahid qismində Hacı Mövsüm Səmədovun atası Mərdan Səmədov ifadə verdi.

Sizə and verirəm göydə Allaha yerdə özünüzə. Mən 78 ildir haqq görmüşəm.

“Mən Dəyanət haqqında danışacağam. Oğlum özü-özünü müdafiə edə bilər. Dəyanət isə yetim oğlandır. O səhər işə gəlib evinə gedən adamdır. Sizə and verirəm göydə Allaha yerdə özünüzə. Mən 78 ildir haqq görmüşəm.”

Bu yerdə hakim üzr istəyərək Mərdan Səmədovdan işin mahiyyəti barədə danışmağı xahiş etdi. Mərdan Səmədov onun səhər saat 11-də öz dükanına gəldiyi zaman orada polis və digər kənar şəxslərin axtarış apardığını bildirdi: “Mən arxa otağa girəndə gördüm bir nəfər orda nəsə axtarır. Soruşdum ki, nə axtarırsan. Əlini salıb seyfin arxasından bir bağlama çıxardı və dedi ki, bunu axtarırdım. Sonra bildim ki, bu silahdır. Dəyanəti və məni apardılar polis idarəsinə, ordan da Bakıya gətirdilər. Mənə dedilər ki, izahat yaz. Dedim ki, eynəyim yoxdur yaza bilmirəm. Onda müstəntiq dedi ki, mən özüm yazaram. Mən də dedim ki, yaz amma Allahı və balalarını gözünün qabağına gətir sonra yaz. Bilmədim nə yazdı. Yaşlı adamam. Sonra da mən qol çəkdim.”

Bu yerdə dövlət ittihamçısı şahidə suallar verməyə başladı. Qeyd edək ki, yersiz və lazımsız suallar olduğundan bəzilərini hakim protokoldan çıxardı. Dövlət ittihamçısı şahidə “dükandakı malları hardan alırsız?”, “nə satırsız?” kimi mənasız suallar verməyə başladı. Hakim isə bu sualları çıxarmadı. Vəkil Məzahir Şahmarov vəsatət qaldırdı.

Məzahir Şahmarov: Möhtərəm hakim keçən dəfə burda yalandan özünü dindar kimi göstərən şahidlərə “namaz qılırsız?” sualını verməyə qoymadınız. Bəs niyə işin mahiyyətinə aid olmayan suallara imkan verirsiz? Xahiş edirəm bizə şərait yaradın.
Hakim: Yaradılır.

Mərdan Səmədovun məhkəməyə verdiyi ifadə ilə istintaqa verdiyi ifadə ziddiyyət təşkil etdiyindən hakim onun ifadəsini oxudu.

Hakim: Bu ifadədə yazılanları siz demisiz?
Şahid: 10 faizi də mənim sözlərim deyil. Axı mən ona dedim ki, düz yaz. Evdə balaların var.

Bu yerdə vəkil Həbib Əliyev hakimə ifadədə ziddiyyətlərin olduğunu bildirdi. Lakin keçən dəfə olduğu kimi bu dəfə də dövlət ittihamçısı hakimin yerinə vəkilə cavab verdi.

Həbib Əliyev: Mən başa düşmürəm cənab hakim belə çıxır ki, gələn dəfə sizin yerinizə dövlət ittihamçısından icazə alaq?

Dəyanət Səmədov: Mənə təzyiq edib ifadə alıblar.

Dəyanət Səmədovun ifadəsində dükandan tapılan silahların onun tərəfindən tapıldığını və polisə təhvil verəcəyi yer alıb. Lakin Dəyanət Səmədov bu ifadəni təzyiq altında verdiyi dedi.

Yenə də şahidlərin ifadələri düz gəlmədi

Məhkəməyə şahid qismində ifadə verən AİP-in rayon təşkilatlarının rəhbərləri Vaqif Hüseynov, Tahir Məmmədov və Rahil Rzayev ifadə verərkən ittiham olunan şəxslərin heç bir zaman dövlət əleyhinə, terror və digər təqsirləndirdikləri əməlləri etmədikləri və bu barədə heç yerdə danışmadıqlarını dedilər. Maraqlı məqamlardan biri də o oldu ki, hər üç şahidin ifadələrində ziddiyyət oldu. Belə ki, şahidlər ifadəni özləri yazmadığını və imzalayarkən oxumadıqlarını bildirdilər.

Prokurorun məhkəməyə gəlməkdən imtina edən “şahidləri”

Şahidlərin ifadələrindən sonra hakim məhkəməyə teleqramlar daxil olduğunu bildirdi. Belə ki, Astara və Masallıdan olan şahidlər nədənsə hamısı “xəstə olduğundan” məhkəməyə gələ bilmədiklərini və istintaqa verdikləri ifadələri təsdiqlədiklərini bildiriblər.

Buna etiraz edən vəkillər və ittiham olunan şəxslər həmin şahidlərin məhkəməyə gətirilməsini tələb etdilər. Məhkəmə fasilədən sonra bunu elan edəcəyini bildirdərək fasiləyə yollandı.

“Get qoy Allah özü səninlə bilsin”

Qeyd edək ki, əvvəl gündən dövlət ittihamçısı məhkəmədə yersiz olaraq hərəkətlər edir. Lazımsız və gülməli suallar verir. Həmçinin təqsirləndirilən şəxslərin hissiyyatına toxunan sözlər deyir. Dəfələrlə Rufulla Axundzadə başda olmaqla digər ittiham olunan şəxsləri özündən çıxardan prokuror bu dəfə də maraqlı hərəkətlər etdi. Mərdan Səmədov danışan zaman dükanın sahibi olduğunu desə də dövlət ittihamçısı dükanın Dəyanət Səmədova məxsus olduğunu bildirdi. Görəsən bunu haradan bilir. Vəkil Həbib Əliyev də prokurorun bu sözünü araşdırmaq üçün Mərdan Səmədova dövlət ittihamçısını dükanda görüb-görmədiyini soruşdu. Məhkəmə fasiləyə ayrılan zaman prokuror Fəramiz Abbasovun qohumlarının şahidlərə təzyiq etdiyini dedi və Abbasovla mübahisəyə girdi. Seyyid Fəramiz isə ona bir cümlə dedi. “Prokuror bu vaxta qədər sənə heç bir söz deməmişəm. Amma indi deyirəm. Get, qoy Allah özü səninlə bilsin.”

Daha sonra hakim Eldar İsmayılov 5 şahiddən - Aslan Məmmədov (Astara), Azad Əkbərov (Astara), Habil Nuriyev (Masallı), Namiq Piriyev (Masallı), Azad Rəhbərov (Masallı) teleqram gəldiyini və onların səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, bu səbəbdən ilkin istintaq zamanı verilən ifadənin doğruluqlarını təsdiq elədiklərini yazdıqlarını bildirdi.

Məzahir Şahlarov: Mənim əlimdə Masallı rayon xəstəxanasından arayış var ki, Habil Nuriyev şizofreniya xəstəsidir. Yəni ruhi xəstə tərəfindən verilmiş o məzmunda teleqram da inandırıcı deyil.

Anar Qasımlı: Şizofreniyadırsa, dindirilməməlidir. O nə bilir istintaq nədir, məhkəmə nədir?

Fəramiz Abbasov: Mən təvəqqe edirəm o şahidləri zorla da olsa bura gətirilsin. Dövlət ittihamçısının keçən dəfə ölüb dediyi Talehin bu gün Bakıda da yaşadığı məlum olub.

Hakim E.İsmayılov: Teleqramı müzakirə edək. Bu 5 şahidin ifadələrini elan edək, ya şahid qismində dəvət edək?
Dövlət ittihamçısı: İfadə ilə kifayətlənək.

Anar Qasımlı:
Konvensiyanın 6-cı maddəsi imkan verir ki, təqsirli bilinən şəxs əleyhinə ifadə verənlə üzləşsin. Məndə olan məlumata görə, Rufullanın əle
yhinə olan şəxs xəcalətindən gəlməyib.

Məzahir Şahlarov: Bu şəxslər xüsusi ağır cinayətlərdə təqsirləndirilirlər. Bu səbəbdən də iştirak etməlidirlər.
Digər vəkillər və təqsirləndirilən şəxslər də şahidlərin iştirakını vacib saydılar.

Hakimlər yerlərində müşavirə edərək qərarlaşdırırlar ki, ifadələri ilə kifayətlənsinlər.

Bundan sonra Azad Əkbərovun ifadəsi oxundu.

Anar Qasımlı: Bu şəxs ifadəsində müdafiəsini etdiyim Mövsüm Səmədovun da adını çəkib. Bəs mən bununla əlaqədar sualı kimə verim. Dövlət ittihamçısına verim?

Hakim:
Məhkəmə artıq qərarını verib. Biz sonda qiymətləndirəcəyik.
Anar Qasımlı: Onda icazə verin, sualımı Fərəməz Abbasova ünvanlayım.
Hakim razılıq verir.

Anar Qasımlı: Siz kiminsə yanında Mövsüm Səmədovla, yaxud AİP-lə bağlı yuxarıda deyilən ifadədəki sözləri deyibsinizmi?

Fəramiz Abbasov
(mübahilə ayəsini oxudu) Bu gün mən Allahı, Peyğəmbəri (s), Zəhranı (əs), Əlini (ə), Həsəni və Hüseyni şahid gətirirəm. Kim yalan deyir, Allah ona lənət eləsin. Bu adamın dedikləri başdan-ayağa yalandır.

Məzahir Şahlarov: Bu ifadələri başqa sübutlarla müqayisə edək.
Hakim: Hələ sənədlərin tədqiqi mərhələsinə çatmamışıq.
Fərəməz Abbasov (hakimə): Görürəm, hər kəs üçün yaman humanistlik edirsiz. Əgər onların xəstəliyinə iştirak etməməsinə razılaşırsınızsa, onda mən də şəkərəm. İcazə verin mən də gəlməyim. Özünüz bildiyinizi də eləyin.
Hakim: Qanun buna yol vermir.
Hakim (adları siyahıda olmayan şahidlərin adlarını oxudu): Bu şəxslərin dindirilməsi zəruridirmi?
Anar Qasımlı: Hamletin ifadəsi oxunanda elə ola bilər ki, ziddiyyətli məqamlar ortaya çıxsın. Bu zaman icazə verərsiz şahidləri dəvət edərik.
Şəfa Camalzadə: Mən bu adları çəkiləndən Seyid Mirələsgər ağanı çağırmağı mütləq sayıram. Çünki Firdovsi məhz onun axundluq etdiyi məsciddə çıxış etdiyi bildirilir. Bildiyimiz kimi, onun əleyhinə əsas üç şahid var. Bunlardan 2-nin ifadələrində ziddiyyətlər olduğu üçün artıq sübutlar siyahısından çıxarılması üçün ərizə vermişəm. Bir dənə yeganə şahid Mirələsgər ağa qalır.
Hakim: Hamlet və Mirələsgər ağa birinci günü dəvət olunacaq. Sadəcə artıq ifadəsini elan etdiyimiz şahid qanunla iştirak edə bilməyəcək.
Bundan sonra şahid qismində Şamil Sultanov dəvət olundu. Qeyd edək ki, Ş,Sultanov Rufulla Axundovun qonşuluğunda olan yarımtikilinin sahibidir. Xatırladaq ki, silahlar məhz bu tikilinin içindən çıxmışdı. O da həyətinə məxsus darvazanın özünə məxsus olduğunu dedi: «Rufullanın darvazası ayrıdır, mənimki ayrı. Bizim evlərin arasında heç çəpər də yoxdur. Darvaza bizim evləri sadəcə əhatəyə alıb. İstənilən adam da həyətdən keçə bilər».

Məhkəmə iclasının davamı 26 sentyabr 2011-ci il saat 10,00-a kimi təxirə salındı.

islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768