Danışa bilməyən xəstələrlə əlaqə qurmanın yolları araşdırılır.
Bir insanın ağlından nə keçir, nə eşidib nə düşünür? Bunu bilmək hələ mümkün olmasa da, ABŞ-da həyata keçirilən üsulla, danışa bilməyən xəstələrlə əlaqə saxlamaq artıq asanlaşacaq. Kaliforniya Universitetində bir qrup alimin həyata keçirtdiyi elmi-araşdırma, elmi-fantastika filmlərində görməyə vərdiş etdiyimiz "Düşüncə Oxuma"nı xatırladır.
Epilepsiya və ya beyin şişi səbəbindən əməliyyat olmağa hazırlanan 15 nəfərin qatıldığı araşdırmada, beyindəki elektrik siqnalları üzərində dayanıldı. Məqsəd, beyindəki fəaliyyətə baxaraq, insanların eşitdikləri səsləri, düşündükləri sözü ortaya çıxarmaq idi.
Araşdırmaya başçılıq edən alim Brian Pasley, beynin, səslərə necə məna yüklədiyini əsas götürdüklərini bildirib. Bunun üçün 15 iştirakçıya bəzi söz və cümlələr dinlədilərək beyindəki fəaliyyət müşahidə edilib. Daha sonra səsləri, beyindəki siqnallarla müqayisə edən bir kompüter modeli yaradılıb. İştirakçılardan, göstərilən sözlərdən birini düşünməsi istənildikdə, tədqiqatçılar, kompyuter vasitəsilə seçilən sözü tapa bilib.
islamazeri.az