“Terrora qarşı müharibə” və “qloballaşma” paradiqmalarının ABŞ-ın iqtisadi maraqları ilə əlaqəsi danılmaz faktdır.
"...Mərkəzi Kəşfiyyat İdarəsi minlərlə əməliyyat keçirmişdir... Bunlardan təqribən 3000 əsas və gizli, təqribən 10000 isə kiçik əməliyyatlar olmuşdur...bunların hamısı dağıtmaq, sabitliyi pozmaq, digər ölkələrin fəaliyyətini dəyişmək məqsədilə hazırlanmışdır. Lakin bunların hamısı qeyri qanuni olmuşdur və digər cəmiyyətlərin normal, çox hallarda isə, demokratik fəaliyyətlərini dağıtmışdır. Bütün bunlar millətlərin beynəlxalq cəmiyyətləri qarşısında ABŞ-ın mənəvi məsuliyyəti haqqında ciddi suallar qoyur” (Con Stokvel, MKİ-nin keçmiş əməkdaşı)
…Konqres Əl-Qaidə və onun törəmə terror təşkilatları ilə mövcud düşmənçiliyi başa düşərək etiraf edir ki, “Konstitusiyaya əsasən Prezident Birləşmiş Ştatlara qarşı beynəlxalq terrorizm aktlarının dayandırılması və qarşısının alınması səlahiyyətinə malikdir” və “ hər hansı millət, təşkilat və şəxs tərəfindən Birləşmiş Ştatlara qarşı gələcəkdə ola biləcək beynəlxalq terror aktlarının qarşısını almaq üçün ona bütün zəruri və müvafiq səlahiyyətlərin verilməsi zəruridir” . Bu sitat bu yaxınlarda ABŞ-ın prezidenti C. Buş tərəfindən imzalanmış və insan hüquqları üzrə beynəlxalq təşkilatlar tərəfindən ciddi tənqid edilən “Hərbi Komissiyalar üzrə 2006-cı il Aktı” adlı sənəddən götürülmüşdür. Bu sənədi terrorizmə qarşı mübarizədə Mərkəzi Kəşfiyyat İdarəsinin “əsas aləti” elan edən C. Buş əslində bütün dünyaya ABŞ-ın zor işlətməyə hər an hazır olması ilə bağlı açıq xəbərdarlığını etdi. Bu sənədin müxtəlif maddələri müxtəlif ekspertlər tərəfindən müxtəlif cür yozulsa da sənəddə mənim diqqətimi cəlb edən tamam başqa məqam olmuşdur. Təəssüf edirəm ki, bu məqam sənədi təhlil edən ekspertlərin nəzər-diqqətini, demək olar ki, lazımınca cəlb etmədi. Bu məqam təqdim edilən sənəddə terror aktlarının millətlər tərəfindən törədilməsi imkanının bir neçə dəfə təkrar edilməsidir. Bu sənədin ən qorxulu tərəfi əslində bu məqamla bağlı olmalıdır. Belə ki, ABŞ Konqresi ABŞ Prezidentinə hər hansı anda ABŞ-ın təhlükəsizliyi naminə bütöv bir millətə qarşı güc tətbiq etmək səlahiyyəti verir. Sadə dildə desək, bu səlahiyyət əslində istənilən anda istənilən millətə qarşı geniş miqyaslı zor tətbiqinin birtərəfli qanuniləşdirilməsi və genosid siyasətinin başlanğıcıdır.
Sənəddə narahatçılıq yaradan digər məqamlar isə terrorda şübhəli bilinən insanların ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tərəfindən istənilən vaxt təqib edilməsi imkanlarıdır. Başqa sözlə desək, MKİ tərəfindən nəzəri olaraq hər hansı bir şəxs potensial terrorçu hesab edilə bilər və belə şəxslərin həbsi və “Aktda” nəzərdə tutulmuş qaydada saxlanılması və dindirilməsi mümkündür. Sənəddə şübhəli şəxslərə qarşı zor tətbiq edilməsi açıq şəkildə təsdiqlənməsə də, belə metodların tətbiqinin qadağa edilməsi də ciddi qoyulmayıb.
Beləliklə, bu tipli sənədlərin qəbul edilməsi ilə ABŞ bütün dünyanı “özününkülər” və “özgələr” kimi iki qrupa bölərək “özgələrə” qarşı açıq xəbərdarlıq edir. Sənədin ən qorxulu və insan hüquqları üçün təhlükəli məqamlarından biri də “özgələrin” özünü müdafiə imkanlarının olmamasıdır. Belə ki, MKİ istənilən şəxsi terrorda şübhəli hesab edərək dünyanın istənilən bir yerində təqib və dindirilmək üçün həbs edə bilər. Belə insanların terrorla əlaqəsinin olub olmaması dəqiqləşənə qədər nəzarətdə saxlanması hüququ “Aktla” təmin edilmişdir.
“Aktın” daha bir təhlükəsi ABŞ-ın yeni müstəmləkəçilik siyasətini, həmçinin iqtisadi və hərbi rəqiblərinə qarşı tətbiq etdiyi “parçala və hökm sür” siyasətini tənqid edən siyasilərə, təşkilatlara və ABŞ xarici siyasətinin mənfi təsirlərindən özünü müdafiə etməyə cəhd göstərən bütöv millətlərə qarşı yönəlmişdir. Əlbəttə, ABŞ xüsusi kəşfiyyat orqanlarının “başqa cür düşünənlərə” və ya ABŞ-ın “dünya ağalığı” iddiasını tənqid edənlərə qarşı qəddarlığı yeni məlumat deyil. MKİ yaranandan indiyə qədər ABŞ-ın xarici siyasətini tənqid edənlərin bu orqan tərəfindən təqiblərə və izlənmələrə məruz qalması faktları çoxdur. Belə izlənmələrə məşhur fizik Albert Eynşteyn və yazıçı Ernest Heminquey də məruz qalmışlar .
Dünyada insan hüquqlarının müdafiəçisi kimi tanınan “Amnesty İnternatonal” təşkilatı da “Hərbi Komissiyalar üzrə 2006-cı il Aktını” insan hüquqlarının əsas prinsiplərinə zidd sənəd kimi qiymətləndirərək ciddi tənqid etmişdir. “Amnesty İnternational” təşkilatı öz hesabatlarında qeyd edir ki, “İnsan hüquqlarının pozulması davam edir. MKİ-nin insanları gizli həbs etməsi və istintaq aparması proqramı Prezident Buş tərəfindən tam dəstəklənir. Hərbi Komissiyalar Aktı üzrə müzakirələr zamanı Konqres üzvləri bu proqramı onun beynəlxalq hüquqa zidd olmasına baxmayaraq dəstəklədiklərini bildirdilər. Minlərlə insan heç bir ittiham və məhkəmə qərarı olmadan İraqdakı, Əfqanıstandakı və Quantanamodakı ABŞ həbsxanalarında qeyri-müəyyən formada saxlanılır. Hərbi Komissiyalar üzrə Aktı qəbul etməklə Konqres həbsdə olanlara və ya onların ailələrinə kömək etməkdən məhrum oldular” .
Qeyd edək ki, “Hərbi Komissiyalar üzrə 2006-cı il Aktı” yalnız daha qəddar terrorçular üçün hərbi komissiyaların təşkilini yox, həm də onların dindirilməsi üçün qadağan olunmuş metodların tətbiqini nəzərdə tutur. Bu sənəd qadağan olunmuş metodları tətbiq edən xüsusi xidmət orqanları əməkdaşlarına məsuliyyətdən azad olunmaq üçün zəmanət də verir. İnsan hüquqlarını kobud surətdə pozan bu qanun ABŞ hakimiyyətinin nə dərəcədə qeyri-demokratik olduğunu və insan hüquqlarına nə dərəcədə hörmətsizlik göstərdiyini bir daha sübut edir.
ABŞ-ın öz təhlükəsizliyini qorumaq bəhanəsi ilə “terrora qarşı” müharibə elan etməsi, onun istəyinə və marağına tabe olmaq istəməyən ölkələrə qarşı güc tətbiq etməsi, hətta lazım gələrsə, bütöv millətlərə qarşı hərbi gücdən istifadə etməsi imkanları onun digər dövlətlərdən daha yüksək səlahiyyətli olmasından xəbər vermirmi? Bu tarixi hüququ kim verdi ABŞ-a? Nə üçün digər ölkələr və millətlər onlardan daha güclü olan ABŞ-dan mümkün olan təhlükələrdən qorunmaq üçün lazım olan addımları atmaq imkanında deyildirlər? Kim kimə təhlükədir: Güclü zəifə, yoxsa zəif güclüyə?
ABŞ-ın təhlükəli hesab etdiyi və mübarizə hədəfində saxladığı ölkələr sırasında əsasən kiçik və iqtisadi cəhətdən zəif, lakin təbii sərvətlərlə zəngin ölkələrin olması ABŞ Milli Təhlükəsizlik Strategiyasının mahiyyətinin məhz işğalçılıqla bağlı olduğundan xəbər verir. “Bizim əsas önəm verdiyimiz məsələ terror təşkilatlarının qarşısının alınmasından və məhv edilməsindən, onların liderlərinə, maddi və maliyyə dəstəklərinə hücumdan ibarətdir” deyən Milli Təhlükəsizlik Strategiyası ABŞ-ın uzun müddət istifadə etdiyi və Amerika cəmiyyətində mövcud olmuş düşmən obrazının XXI əsrdə dəyişdiyindən xəbər verir. Belə ki, XX əsrin ikinci yarısında ABŞ-ın əsas düşməni onunla iqtisadi cəhətdən rəqabətə girə bilən ölkələr, məsələn Sovet İttifaqı, sonralar isə Yaponiya hesab edilirdisə, XXI əsrdə belə düşmən kimi ABŞ kiçik və zəif ölkələrin adlarını ön plana çəkir. ABŞ tarixi hərb və istila tarixidir. Onun hərbi münaqişəyə cəlb etdiyi ölkələrin siyahısında onsuz da böyük və güclü ölkələrin adı yoxdur. Hətta İkinci Dünya müharibəsində ABŞ-ın hərb maşını Almaniyaya və Yaponiyaya qarşı çevriləndə bu ölkələr artıq zəifləmiş və demək olar ki, məğlub olmuşdular. Lakin kiçik və iqtisadi cəhətdən zəif ölkələrin nəzarətə alınması təkcə onların iqtisadi istismarı ilə yox, həmçinin ABŞ-ın öz sərhədlərini “genişləndirməsi” və mümkün konfliktlərin ABŞ sərhədlərindən uzaqlaşdırılması ilə müşayiət olunmur.
Beləliklə, kiçik ölkələrin ABŞ tərəfindən nəzarətə alınması və “dünyanın yenidən bölüşdürülməsi” gələcəkdə yeni konflikt ocaqlarının yaranmasına səbəb ola bilər. Belə konfliktlər təkcə kiçik ölkələrin özünümüdafiə və milli azadlıq hisslərinin güclənməsi ilə yox, həmçinin ABŞ-la onlara rəqib olan ölkələr arasındakı geniş miqyaslı və bəşəriyyəti məhv edə bilən regional səviyyədən çıxa bilən konfliktlərlə müşayiət oluna bilər. Doğrudanmı ABŞ cəmiyyəti dünyanın ABŞ-a qarşı artan narazılıqlarını görmür və narahatlıq hissi keçirmir? Bütün bu suallar ABŞ-ın “terrora qarşı müharibə” siyasətinin əsil mahiyyətinin öyrənilməsini, həmçinin Amerika cəmiyyətinin digər ölkələrdəki insan əzablarına etinasızlığının psixologiyasını tədqiq etməyi bir daha zəruri edir.
Dünyanı “düşmən” və “dost ölkələr” kimi iki qrupa bölərək “düşmənləri” təcrid etmək siyasəti əslində ABŞ-ın özünü dünyaya qarşı qoymuşdur. Bu tendensiya ABŞ-ın bəzi siyasilərini də artıq narahat etməyə başlamışdır. 2008-ci il prezident seçkilərinə Demokratlar Partiyasından namizədliyi irəli sürüləcəyi ehtimal olunan Hillari Klinton C. Buş hökumətinin Yaxın Şərq siyasətini ciddi tənqid edərək ABŞ-ın digər ölkələrlə, xüsusilə Yaxın Şərq ölkələri ilə əməkdaşlığının vacibliyini qeyd etmişdir. Əlbəttə, güman etmirəm ki, ABŞ hökumətinin Respublikaçılardan Demokratlara ötürülməsi və ya Konqresdə Respublikaçılarla Demokratlar arasındakı nisbətin hər hansı formada dəyişməsi ABŞ-ın xarici siyasətində hər hansı ciddi dəyişikliklərə gətirib çıxaracaq. Bu dolayısı ilə sübut edir ki, həm Demokratlar, həm də Respublikaçılar Partiyaları mahiyyətcə bir-birlərindən o qədər də fərqlənmirlər. Daha dəqiq desək, bu Partiyaların hər ikisi ABŞ xarici siyasətinə ciddi təsir imkanları olan və qüvvələr tərəfindən idarə edilirlər.
Lakin maraqlı olan fakt ondan ibarətdir ki, ABŞ-ın qeyri-humanist xarici siyasətinin fəsadlarının aradan qaldırılması zərurəti ABŞ siyasilərinin özü tərəfindən etiraf edilir. Beləliklə, bütün dünyanı özünə potensial düşmən və “terrorçu” hesab edən ABŞ hakimiyyəti öz xalqını qorxu və səksəkədə saxlamaqla əslində bir qrup şəxsin iqtisadi maraqlarına xidmət edir. Başqa sözlə desək, “Terrora qarşı müharibə” adı ilə ABŞ öz şirkətlərinin daha təhlükəsiz və daha gəlirli fəaliyyətini təmin etmək, ucuz enerji daşıyıcılarını ələ keçirmək, maliyyə bazarını nəzarətdə saxlamaq, beləliklə də yeni iqtisadi müstəmləkəçilik siyasətini həyata keçirmək yolunu tutmuşdur. Bu siyasət üçüncü dünya ölkələrində milyonlarla insanın həyatını ağır və məşəqqətli vəziyyətə salmışdır.
“Demokratikləşmə”, “açıq cəmiyyətin yaradılması”, “terrora qarşı müharibə” və sair kimi siyasi paradiqmaların arxasında müəyyən dövrlərdə və siyasi şəraitdə ABŞ-ın digər ölkələrə qarşı təcavüzünün “bəhanəsi” dayanır. ABŞ tarixində ilk dəfə Reyqan terrora qarşı mübarizəni dövlətin prioriteti kimi qarşıya çəkdi. Terroru Sovet İttifaqının təkcə ABŞ-a qarşı deyil, həmçinin bütün sivilizasiyaya qarşı mübarizəsi kimi xarakterizə edən ABŞ hakimiyyəti, əslində əsas məqsəd kimi Sovet İttifaqının məhv edilməsini nəzərdə tuturdu. Bu məqsədlə bütün diplomatik, iqtisadi, hərbi güc səfərbər edilmiş və təkcə dövlət orqanlarının deyil, həmçinin qeyri-dövlət orqanlarının, o cümlədən maliyyə fondlarının koordinasiyası qurulmuşdur. Aydındır ki, “Mən Sovet sisteminin məhv edilməsinə gətirən inqilabların fəal iştirakçısı olmuşam ” deyən Corc Soros öz fəaliyyətini üç yüz milyonluq xalqın taleyi üzərində yalnız “açıq cəmiyyət təcrübəsi” aparmaq üçün qurmamışdır. Onun bu fəaliyyəti Sovet İttifaqının məhvinə hesablanmış geniş və məkrli planın tərkib hissəsi idi. Məhz bu dövrdə Sovet İttifaqının daxildən parçalanması üçün separatçılıq meylləri dəstəklənmiş və sovet ərazisində regional etnik konfliktlərin qızışdırılması planı hazırlanmışdır. Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən Sovet İttifaqına və digər ölkələrə qarşı belə məkrli fəaliyyətlərin aparılması və getdikcə güclənməsi haqqında N. N. Yakovlev “MKİ SSRİ-yə qarşı” əsərində geniş məlumat vermişdir .
Maraqlı faktlar ondan ibarətdir ki, ABŞ tərəfindən müxtəlif bəhanələrlə ələ keçirilən və “müştəri ölkəyə” çevrilən regionlarda ABŞ-ın şirkətləri çox qısa zamanda ölkələrin maliyyə və iqtisadi sahələrini, daxili bazarını ələ keçirirlər. ABŞ xarici siyasətinin bu mahiyyəti özünü keçmiş Sovet respublikalarının və keçmiş Yuqoslaviyanın ərazisində də, müharibə ilə ələ keçirilmiş İraq və Əfqanıstanın iqtisadiyyatında da aydın hiss edilir.
Hazırda ABŞ-da 200 minə yaxın müxtəlif yönlü korporasiyalar fəaliyyət göstərir. Əslində geniş iqtisadi rəqabət mühitinin və demokratik seçimin olduğu fərz edilən ABŞ-da milli sənaye aktivlərinin düz yarısı cəmi 100 şirkətin payına düşür. Başqa sözlə desək, əhalisi 3 milyon nəfər olan hər bir iqtisadi ərazinin milli sənaye aktivlərinin yarısı orta hesabla cəmi 1 şirkətə, qalan yarısı isə digər 2000 şirkətə məxsusdur. ABŞ-ın cəmi 50 bankı və sığorta şirkəti isə maliyyə aktivlərinin düz yarısını nəzarətdə saxlayır. Başqa sözlə desək, 6 milyon nəfərlik iqtisadi ərazidə (təqribən Azərbaycan iqtisadi ərazisi kimi) orta hesabla bir bank və sığorta şirkəti maliyyə aktivlərinin yarısına nəzarət edir. ABŞ-ın cəmi 10 şirkəti ABŞ iqtisadiyyatından daxil olan bütün gəlirin 22 faizinə malikdir. Bütün bunlar ABŞ iqtisadiyyatında geniş maraqları olan bir qrup şəxslərlə ABŞ cəmiyyətinin maraqları arasında gizli ziddiyyətin olmasından xəbər verir. Bir faktı da qeyd etmək lazımdır ki, ABŞ-ın sənaye şirkətlərinin 30 faizindən çoxu onun sərhədlərindən kənarda yerləşir və əsas gəlirləri məhz bu ölkələrdəndir. Məsələn, Citibank öz gəlirlərinin 75 faizini ABŞ-dan kənar ölkələrdə qazanır. ABŞ və Qərbi Avropa şirkətləri Asiya, Afrika və Latın Amerikasının yeraltı sərvətlərinin 75 faizindən çoxuna nəzarət edir. Düşünürəm ki, bu rəqəmlər ABŞ iqtisadiyyatı üçün vacib olan Üçüncü Dünya ölkələrinin ABŞ tərəfindən nəyin bahasına olursa olsun nəzarətdə saxlanılması məntiqini başa düşməyə kömək edər. ABŞ hökuməti tərəfindən hazırlanan “nəzarət mexanizminin” əsas məqsədi isə yerli hökumətlərin nəzarətə alınmasından və ABŞ şirkətləri üçün əlverişli və təhlükəsiz şəraitin yaradılmasından ibarətdir.
ABŞ xarici siyasətinin analizi bunu deməyə əsas verir ki, ABŞ tərəfindən yerli hökumətlərin nəzarətə alınması və ABŞ şirkətlər üçün əlverişli və təhlükəsiz şəraitin yaradılması müxtəlif vasitələrlə həyata keçirilir. Son zamanlar bu vasitələrdən ən geniş yayılmışı məhz “terrora qarşı müharibə” bəhanəsi ilə yerli hökumətlərin devrilməsi və ABŞ-ın nəzarətində olan hakimiyyətlərin formalaşmasıdır. Başqa sözlə desək, ABŞ-ın iqtisadi maraqları dairəsinə daxil olan ölkələrdə terror qruplarının olması və fəaliyyət göstərməsi, ABŞ-a bu ölkələrə qarşı təcavüz etmək bəhanəsi verdiyi üçün, sərfəli ola bilər. Bu nöqteyi-nəzərdən ABŞ-ın maraqlarına xidmət etdiyi üçün terror təşkilatları kimi tanınmış təşkilatların və ya terrorçu kimi tanınmış şəxslərin böyük əksəriyyətinin elə MKİ tərəfindən hazırlanması və gizli dəstəklənməsi məntiqli görsənir. Məsələn, 1995-ci ildə 168 nəfərin ölümünə bais olmuş Timoti MakVey ABŞ-da hərbi təhsil almış və Fars Körfəzində təslim olmuş çoxsaylı İraqlı əsgərin işgəncə ilə öldürülməsində və yüzlərlə insanın diri-diri basdırılmasında iştirak etmişdir. Ağ Ev tərəfindən vaxtilə “Azadlıq uğrunda mübariz” adlandırılan Taliban qruplaşması da ABŞ-ın sonrakı dövrlərdə Əfqanıstana və regiona hərbi təcavüzü üçün mühüm bəhanə rolunu oynamışdır.
Qeyd etmək lazımdır ki, ABŞ xarici siyasətində “terrordan istifadə” metodu təkcə hər hansı ölkəyə qarşı hərbi güc tətbiq etmək üçün bəhanə rolunu oynamır, həmçinin ABŞ cəmiyyətində hökumətin fəaliyyətinə haqq qazandırmaq üçün ciddi ideoloji işğal qüvvəsinə malikdir. Məhz bunun səbəbi idi ki, 11 sentyabrdan sonra ABŞ tərəfindən Əfqanıstana hərbi təcavüz ciddi ictimai qınağa və Buş hökumətə qarşı ciddi ictimai və siyasi mübarizəyə səbəb olmadı. Hətta 2001-ci il 11 sentyabr hadisələrindən sonra Buş hakimiyyətinin ABŞ cəmiyyətində reytinqi xeyli artdı. Ceremi Rifkin doğru qeyd edir ki, “11 sentyabr hücumu Fars körfəzində 10 illərlə əvvəl hazırlanmış hadisələrin ardıcıl davamının sadəcə bir hissəsi idi. Bu hadisələr qərb iqtisadi maşını üçün ucuz xam nefti təmin etmək məqsədilə qərb hökumətləri və neft şirkətlərinin bəzi ərəb liderləri ilə sövdələşməsinə əsaslanan müstəmləkəçi keçmişlə bağlı idi” . Bu hücum, ABŞ cəmiyyətinin diqqətini dünyada baş verən “qlobal ədalətsizlikdə” ABŞ-ın aparıcı rolundan yayındıraraq ABŞ “imperialist maşınına” yeni haqsızlıqlar etməyə və qanlar tökməyə şərait yaratdı.
Həm respublikaçılar, həm də demokratlar 11 sentyabr hadisəsindən çaşqın vəziyyətə düşmüş Amerika cəmiyyətinin dəstəyindən istifadə edərək Əfqanıstana və İraqa hərbi təcavüzü həyata keçirdilər. Amerika cəmiyyəti getdikcə başa düşəcək ki, “terrora qarşı müharibə” bəhanəsi vaxtaşırı belə terrorların imitasiya edilməsini zəruri edəcək. Belə imitasiyalar və “terrora qarşı müharibə” tədbirləri ABŞ cəmiyyətini həmişə qorxu və səksəkədə saxlamaqla bərabər dünyada ABŞ cəmiyyətinə olan inamı heçə endirəcək. Bir qrup şəxsin iqtisadi maraqlarının təmin edilməsinə xidmət edən “terrora qarşı müharibə” tədbirləri qlobal kapitalizmin üçüncü dünyaya qarşı elan edilməmiş müharibəsidir. Görünür, C. Buş “terrora qarşı müharibə öz bəhrəsini verdi” dedikdə, İraqda və Əfqanıstanda, demək olar ki, hər gün baş verən terror aktlarından əziyyət çəkən insanları unudaraq məhz belə iqtisadi bəhrələri nəzərdə tutur.
Bəli, ABŞ İraqa təcavüz etməklə bəzi “bəhrələr” əldə etdi. Məsələn, 1) İraq neftini tam şəkildə ələ keçirdi; 2) öz hərbi qüvvələrini neftlə zəngin Xəzər regionuna və İran sərhədlərinə yaxınlaşdırdı; 3)regionda öz hərbi qüvvələrini artırmaqla Yaxın Şərqdə daha da möhkəmləndi; 4)İsrailə düşmən olan İraq rejimini devirməklə onun Yaxın Şərqdə mövqelərini xeyli möhkəmləndirdi; 5) İraqın şimalında İsrail və ABŞ-a gələcəkdə müttəfiq ola biləcək separatçı kürd qüvvələrini möhkəmləndirdi və Türkiyənin mövqelərini xeyli zəiflətdi. Neftin qiymətinin artması da ABŞ dövlətinə dolayısı ilə xeyir gətirir. Qeyd edək ki, əksər ekspertlər neftin qiymətinin qalxmasını ABŞ iqtisadiyyatının ziyanına hesab edirlər. Lakin neftin satışı əsasən dollarla reallaşdığı üçün belə qiymət artımı dolların yığımını gücləndirir və ABŞ “əlavə dollar çap etməklə” böyük miqdarda əlavə vəsait əldə etmiş olur. Dolların qiymətinin aşağı düşməsi dollar ehtiyatı çox olan ölkələrə də xeyli ziyan vurmuş olur.
Lakin ABŞ dövlətinin itirdikləri əldə etdiklərindən heç də az deyil. Belə ki, üç minən çox ABŞ əsgəri İraqda həlak oldu. ABŞ-ın nüfuzuna ciddi xələl dəymiş və üçüncü dünya ölkələri ABŞ əleyhinə birləşməyə getdikcə daha çox meyllənirlər. Neftin qiymətinin artması və dolların qiymətinin aşağı düşməsi isə ABŞ-ın sadə vətəndaşlarının həyat şəraitinə mənfi təsir göstərməyə bilməz. Bu təcavüz terrorun qarşısını da almadı (əlbəttə, ala da bilməzdi!), əksinə qlobal haqsızlığı daha da artırmaqla qisas hissini də xeyli gücləndirdi. ABŞ vətəndaşları özlərini təhlükəsiz şəraitdə hiss edə bilmirlər. Daimi psixi gərginlik ABŞ ictimai şüuruna da mənfi təsir göstərir.
Bir faktı da qeyd edək ki, ABŞ iqtisadiyyatında aparıcı mövqedə duran şirkətlər və şəxslər “terrora qarşı müharibə” siyasətindən istifadə edərək hərbi xərclərin artırılmasına çalışırlar. Bu fəaliyyətin də arxasında ABŞ vergiödəyicilərinin aldadılması və böyük miqdarda ictimai vəsaitin siyasilər və onlarla əlbir olan şirkətlər tərəfindən mənimsənilməsi durur. ABŞ-ın 11 sentyabrdan sonra hərbi xərclərinə diqqət yetirəndə bu ölkənin “ölüm kabusuna” çevrildiyi şübhə doğurmur. Yaxın Şərqdə hərbi əməliyyatların hazırlanmasına və həyata keçirilməsinə sərf edilən məbləğdən başqa ABŞ bu ərazidə olan neft maraqlarını qorumaq üçün hər il 20-30 milyard dollar pul xərcləyir . “Qlobal ədalətsizliyə” görə öz məsuliyyətini digər ölkələrlə bölməyə müvəffəq olan ABŞ Yaxın Şərq konfliktlərində də öz xərclərinin bir hissəsini bu ölkələrin üzərinə qoya bilib. Belə ki, Fars körfəzində müharibə zamanı əlavə xərclənmiş 71 milyard dolların 54 milyardı bu ölkələr tərəfindən ödənilmişdir . Belə hallarda da əsas məqsədinin “ABŞ hegemonluğu” və “iqtisadi mənfəət” olduğunu ört-basdır etmək və sadə amerikalıların fikirlərini sosial, tibbi və təhsil xərclərinin azalmasından yayındırmaq üçün “terrora qarşı müharibə” siyasətindən müvəffəqiyyətlə istifadə edilir.
“Terrora qarşı müharibə” və “qloballaşma” paradiqmalarının ABŞ-ın iqtisadi maraqları ilə əlaqəsi danılmaz faktdır. ABŞ siyasətinin tədqiqatçısı Mişel Çossudovski “Amerikanın terrora qarşı müharibəsi” əsərində qeyd edir ki, “Müharibə və qloballaşma bir-biri ilə ciddi əlaqəsi olan proseslərdir. 11 sentyabr hadisələrindən qabaq baş verən qlobal iqtisadi böhranların kökü Yeni Dünya Düzəninin “azad bazar” islahatlarındadır. 1997-ci il Asiya böhranından sonra maliyyə bazarı qəflətən tənəzzül etdi, milli iqtisadiyyatlar bir birinin ardınca süqut etdi və bəzi ölkələr (məsələn Argentina və Türkiyə) milyonlarla insanı dəhşətli yoxsulluğa düçar edərək öz beynəlxalq kreditorlarının tamamilə nəzarətinə keçdilər”
...
"BÖYÜK ŞEYTAN və ya SONUN BAŞLANĞICI" monoqrafiyasından
islamazeri.az