اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 

ABŞ iqtisadiyyatının "Axilles dabanı"

Yayım Tarixi: 09.12.2011 12:30
Təhlil
Yazı ölçüsü: büyüt küçült         

haber
ABŞ imperializminin anatomiyası:

"Bizim tariximiz, XIX əsrdə heç bir millətin tarixi ilə müqayisə edilə bilməyən istila, müstəmləkəçilik və təcavüzkarlıq tarixidir. Gələcəkdə heç kəs bu işdə bizim qarşımızı almaq gücündə olmayacaq”
(Senator Loc)

“Digər ölkələr beynəlxalq bazarda onlara lazım olan malları almaq və ya öz xarici borclarını qaytarmaq üçün ehtiyac duyduqları dolları gərgin işlə qazanmağa məcbur olanda ABŞ ancaq bu dolları çap etməyə ehtiyac duyur ”
(Pierre Lecomte, Fransa maliyyə tədqiqatçısı)

Artıq heç kəs üçün sirr deyil ki, ABŞ-ın digər ölkələrə qarşı siyasi və silahlı təcavüzü onun iqtisadi problemləri ilə bağlıdır. Başqa sözlə desək, ABŞ iqtisadiyyatı getdikcə daha zəif templə inkişaf edir və əsasən digər ölkələrin iqtisadi istismarı hesabına hazırda qismən dayanıqlıdır . ABŞ rəsmilərinin dəfələrlə qeyd etməsinə baxmayaraq, həm Əfqanıstanın, həm də İraqın işğalı, bu ölkələrdə əslində demokratik dəyişikliklərin edilməsi məqsədi daşımamış və yalnız iqtisadi xarakterlidir. Digər ölkələrə, o cümlədən neftlə zəngin ölkələrə, siyasi təzyiqlər də ABŞ iqtisadiyyatının tənəzzül etdiyindən və ciddi problemləri olduğundan xəbər verir. Tarixən ABŞ hakimiyyəti belə tənəzzülləri özünün birbaşa və yaxud dolayısı ilə cəlb edildiyi hərbi müdaxilələr vasitəsilə və ya siyasi təsirlərlə aradan qaldırmağa cəhd etmişdir. Məsələn, İkinci Dünya müharibəsində də ABŞ-ın iştirakı onun iqtisadiyyatının möhkəmlənməsinə səbəb olmuşdur.
Bu gün Amerika cəmiyyətində istehlak həcminin kəskin artması belə müharibələrin və siyasi təzyiqlərin, təəssüf ki, sonuncu olmadığından və getdikcə kəskinləşməsindən xəbər verir. Əlbəttə, tarixdə istənilən müharibələrin baş verməsinin obyektiv səbəbləri olmuşdur. Bu səbəblər içərisində əsas yeri məhz iqtisadi amillər təşkil edir. Sadəcə olaraq çox hallarda müharibələrin və siyasi təzyiqlərin səbəbi gizlədilir və ictimai şüurda məharətlə manipulyasiya edilir. Strateji olaraq, Hitler Almaniyasının hərblə edə bilmədiyini son əlli ildə ABŞ hökuməti «demokratikləşmə», «qloballaşma» və «müstəqillik» və s. adı ilə çox məharətlə həyata keçirir . Məhz bu anlayışlarla çaşdırılmış üç yüz milyonluq sovet cəmiyyəti yetmiş ildə qurulmuş və formalaşmış bir iqtisadi strukturun asanlıqla məhv edilməsinə sükutla yanaşdı.
ABŞ xarici siyasəti ilə yaxından tanış olan hər kəs üçün bəllidir ki, «Demokratikləşmə», «insan hüquqlarının qorunması», «Qloballaşma», «müstəqillik», «azad iqtisadiyyat» və sair kimi ilk baxışda cəlbedici görünən bu anlayışların arxasında əslində dünya ölkələrinin iqtisadiyyatının parçalanması və ABŞ tərəfindən iqtisadi əsarətə çevrilməsi dayanır. Tanınmış ingilis tarixçisi Arnold Toynbi ABŞ-ın müstəmləkəçilik siyasətini tənqid edərək qeyd edirdi ki, “Bu gün Amerika imperializmi uzaq keçmişdə Roma imperiyasına oxşar mövqeyi tutmuşdur. Qədim Roma imperiyası da istila etdiyi ərazilərdə varlıların çoxluqda olan yoxsullara qarşı mübarizəsini dəstəkləyirdi. Amerikanın Roma imperiyasını əvəz etməyə cəhd göstərməsi tamamilə qərəzlidir” . Əlbəttə zaman dəyişdikcə ABŞ öz siyasətində dəyişiklik edərək dünya hegemonluğuna nail olmaq üçün yeni-yeni «bəhanələr» düşünməyə çalışır. Belə ki, iyirminci əsrdə kommunist rejiminin totalitar xarakterini bəhanə gətirərək böyük bir ölkənin parçalanmasına nail olan və onun kiçik hissələrində, o cümlədən Azərbaycanda öz iqtisadi maraqlarını təmin edən ABŞ, keçən əsrin 90-cı illərindən başlayaraq digər siyasi bəhanələrdən, məsələn «terrora qarşı müharibə» bəhanəsindən istifadə edərək neftlə zəngin ölkələrin ələ keçirilməsinə cəhd edir .
Dünya ölkələrini «qloballaşmış» və «qloballaşmayan» ölkələr kimi iki növə bölən ABŞ hakimiyyəti əslində bu bölgünü «qloballaşmayan» və yaxud «qloballaşmaq istəməyən» ölkələrin sərvətlərinin ələ keçirilməsi üçün istifadə edir. Hazırda ABŞ-ın digər ölkələr ilə münasibətində qəribə bir paradoks yaranmışdır. Belə ki, dünya siyasətində ABŞ-ın hegemonluğu elə bir səhv təəssürat oyadır ki, guya bu ölkə iqtisadi cəhətdən çox qüdrətlidir və dünya iqtisadiyyatının, həmçinin müasir texnologiyanın inkişafında aparıcı yer tutaraq dünyanın inkişafına mühüm tövhələr verir və beləliklə guya haqlı olaraq dünyanı özündən asılı etmişdir.
Azərbaycan politoloqları arasında ABŞ-ın bir qütblü dünya yaratmaq səylərinə haqq qazandıranlardan ən “məşhuru” bir zamanlar komsomol fəalı olmuş və kommunist ideoloqu kimi nomenklatura sisteminin yüksək səviyyələrinə qalxmış, kommunizmin iflasından sonra isə kommunizm ideologiyasına qənim kəsilmiş və ABŞ siyasətinin təbliğatçısı kimi yetişmiş Rasim Musabəyovdur. O qeyd edir ki, “Ölkə daxilində sabitliyi təmin etmək üçün polis sisteminə ehtiyac olduğu kimi dünya miqyasında da sabitliyi təmin etmək üçün ABŞ kimi jandarmın olmasına ehtiyac var” . Lakin ABŞ demokratiyasının “yorulmaz” təbliğatçısı bu faktı da gizlədə bilmir ki, “İraqın neft sərvətlərinin nəzarətə alınmasına cəhd İraq əməliyyatının hərəkətverici qüvvəsi olmuşdur” . Amerikanın jandarm roluna haqq qazandıran politoloq ictimaiyyəti inandırmağa çalışır ki, “İraqdakı çoxmilyardlı xərclərə və böyük hərbi kontingentin daxil edilməsinə baxmayaraq Vaşinqtonun səyləri müsbət nəticə verməmişdir. Lakin bu o demək deyil ki, amerikanlar İraqdan getməlidirlər və orada hər şey öz –özünə normalaşacaq. Orada təkcə regionun yox, həm də bütün dünyanın sabitliyinə və təhlükəsizliyinə qorxu yarada bilən xaos baş verə bilər” . Göründüyü kimi, ABŞ siyasətinin dünyaya səpələnmiş təbliğatçıları əvvəllər ABŞ hərbi qüvvələrinin İraqa hücumunu müxtəlif bəhanələrlə dəstəkləyirdilər, indi isə dünyanı mümkün xaosla hədələyərək ABŞ qüvvələrinin İraqda öz təcavüzkar fəaliyyətlərini davam etdirməsinə haqq qazandırırlar. ABŞ-ın onun “haqlı və humanist” olmasına görə, dünya mədəniyyətinə verdiyi tövhələrə görə yox, “hərbi cəhətdən güclü” olmasına görə dəstəklənməsi məntiqi Azərbaycan siyasi və ictimai elitasının təfəkkür tərzinin əsas istiqamətlərini müəyyən edir.
Beləliklə, ABŞ İmperiyasının mövcudluğunun dünya üçün mühüm əhəmiyyət daşıması ictimai şüura durmadan yeridilir. Lakin nəzərə almaq lazımdır ki, əslində ABŞ iqtisadiyyatında maliyyə və ticarət defisitinin ildən ilə artması onu digər ölkələrdən daha çox asılı etmişdir. Başqa sözlə desək, dünya ölkələri getdikcə ABŞ iqtisadiyyatından daha az asılı olmağa başlamışlar və buna getdikcə daha çox cəhd edirlər. ABŞ iqtisadiyyatı isə digər ölkələrin iqtisadiyyatından daha çox asılı olmağa başlamışdır və bu asılılığın artmasına qarşı müqavimət göstərməyə çalışır . Əgər ikinci dünya müharibəsindən dərhal sonra ABŞ iqtisadiyyatı dünya qızıl ehtiyatının yarısına malik idisə, hazırda bu rəqəm 25%-i keçmir. ABŞ iqtisadiyyatında idxalın həcmi getdikcə artır.
ABŞ-ın bir dövlət kimi inkişaf tarixi bunu deməyə əsas verir ki, əslində bu inkişafın əsasında hərbi müdaxilə vasitəsilə pul sisteminin möhkəmlənməsi dayanır. İkinci dünya müharibəsində ağır itkilərə məruz qalmış Avropa və Sovet İttifaqından fərqli olaraq ABŞ kəskin iqtisadi və siyasi xeyir əldə edərək öz dollarını əsas dünya yığım valyutasına çevirməyə və bu günə qədər saxlamağa müvəffəq olmuşdur. Odur ki, ABŞ-ın iqtisadi gücünün sirrini onun dünya iqtisadiyyatına verdiyi texnoloji tövhələrdə və ABŞ cəmiyyətinin iqtisadi fəaliyyətdə «tökdüyü tərdə» deyil, dollarda axtarmaq daha düzgündür. İkinci Dünya müharibəsindən sonra dolların qızıl qiymətinin müəyyənləşməsini elan edən ABŞ hökuməti dolları bütün dünyada əsas pul vahidinə çevirərək, dolayısı ilə dolların yığıldığı ölkələri öz iqtisadi təsir dairəsinə daxil etmişdir. Öz iqtisadiyyatını iflasdan qorumağa cəhd edən kiçik ölkələr isə dollar ehtiyatını artırmağa çalışaraq əslində ABŞ iqtisadiyyatını stimullaşdırmış oldular.
1971-ci ildə dolların qızıl standartının ləğv edilməsi dolları bir qədər zəiflətsə də o əsas valyuta olaraq öz hegemonluğunu saxlamışdır . Lakin 1974-cü ildə isə Səudiyyə Ərəbistanına siyasi təsirlər göstərərək neft satışının dollarla həyata keçirilməyinə müvəffəq olan ABŞ, təkcə dolların yenidən güclənməsinə yox, həmçinin satılan neftin miqdarı qədər çox-çox ucuz dollar və «havayı» neft əldə etmiş oldu. İqtisadiyyatı neft idxalından asılı olan ölkələr tərəfindən dollar ehtiyatının artırılmasına hər hansı cəhd də əslində ABŞ iqtisadiyyatını möhkəmləndirmiş oldu. Odur ki, tamamilə əminliklə demək mümkündür ki, neftlə zəngin ölkələrin ABŞ tərəfindən hər cür nəzarətə alınması cəhdləri təkcə onun enerjiyə olan tələbatından, başqa sözlə desək, enerji təhlükəsizliyi baxımından zəruri deyil, həmçinin onun daha geniş həcmdə iqtisadi marağından, dollarının möhkəmlənməsi tələbindən irəli gəlir. ABŞ dünyada getdikcə artan və onun ziyanına işləyən iqtisadi disbalansı dolların güclü qalması ilə nizamlamaq ümidindədir.
Dollardan asılı olan dünya ölkələri mal, əmtəə istehsal edir, ABŞ isə onlar üçün dollar kağızı çap edir. Təəssüf ki, iyirmi birinci əsrdə də bu malların məhz ABŞ-ın çap etdiyi dollarla satılması üçün ABŞ tərəfindən onlara qarşı hərbi güc və siyasi zor tətbiq edilməsi qaçılmaz olacaq. Lakin hər gün 1, 5 milyard dollarlıq defisitlə işləyən ABŞ iqtisadiyyatını və onun «Axilles dabanı» olan dolları hərbi müdaxilə ilə əldə edilmiş ucuz neft və qarət ilə əldə edilmiş var-dövlət xilas edə bilməyəcək.
Nəzəri cəhətdən belə nəticə çıxarmaq olar ki, əgər dünya ölkələri müəyyən razılığa gələrək dolların əsas valyuta kimi qəbul edilməsindən imtina edərlərsə, onda ABŞ iqtisadiyyatı və dollar zəifləyər. Lakin bunun praktiki olaraq baş verməməsi üçün ABŞ hərbi gücünü dayanmadan artırır və ondan əməli fəaliyyətdə istifadə edir. Bu gün ABŞ öz iqtisadi təhlükəsizliyini təmin etmək üçün iqtisadi cəhətdən güclü ölkələrdən, məsələn Avropa İttifaqından, Yaponiyadan, Çindən və sair iqtisadi asılılığını azaltmaq üçün daha zəif ölkələrə, lakin təbii sərvətlərlə zəngin və strateji cəhətdən əlverişli mövqeyi olan ölkələrə siyasi təsirlər göstərir.
ABŞ-ın öz təhlükəsizliyini təmin etmək üçün daha güclü iqtisadiyyatı olan ölkələrə qarşı yox, əksinə daha zəif ölkələrə hərbi müdaxilə etməsi də bu strateji məqsədlərlə bağlıdır. Belə ölkələrdə «demokratiyanın möhkəmlənməsi» və «insan hüquqlarının qorunması» bəhanəsi ilə hərbi gücün və siyasi zorun tətbiq edilməsi də əslində ucuz enerji əldə etməklə və dünya bazarında dolları möhkəmlətməklə güclü ölkələrin iqtisadiyyatından mümkün asılılığı azaltmağa yönəlmişdir. Əlbəttə, bu məqsədlə Beynəlxalq Maliyyə Qurumlarının xidmətindən də bacarıqla istifadə edilir.
İqtisadi zəif və “müstəqillik xəstəliyinə” tutularaq parçalanmış ölkələr, o cümlədən Azərbaycan, Qazaxıstan, Türkmənistan və sair “təklənmiş” ölkələr dolların əsarətindən xilas ola bilərlərmi? Neft ixracından gələn gəlirlərin dollarla olması, bu məbləğin böyük hissəsinin isə məhz dollarla yığılması və onların xərclənməsi üzərində mövcud nəzarət mexanizminin zəifliyi təəssüflə bunu deməyə əsas verir ki, nəinki Azərbaycan, hətta digər neft ixrac edən və ABŞ-ın siyasi nəzarətində olan, “parçala və hökm sür” metodu ilə “təklənmiş” bütün ölkələr dolların əsarətindən yaxın on illiklərdə xilas ola bilməyəcəklər. Əgər öz iqtisadi, siyasi və hərbi güclərini birləşdirməsələr və real vəziyyəti nəzərə almadan dollar əsarətindən xilas olmağa çalışsalar, onda ABŞ-ın «qəzəbinə» düçar olaraq «məxməri», «qızılgül» və sair hər hansı «rəngli» inqilablarla daha da zəifləmiş olacaqlar.
Bu gün bəşəriyyət ciddi bir problemlə qarşılaşmışdır. Bir tərəfdə işlək və iqtisadiyyatını inkişaf etdirməyə cəhd edən, necə deyərlər, «başını aşağı salıb, öz işi ilə məşğul olan» işgüzar dünya, digər tərəfdə isə müxtəlif bəhanələrlə onların hesabına daha yaxşı yaşamağa cəhd edən ABŞ durur. Bu iki qütbün mübarizəsi ehtimalı durmadan artır və getdikcə daha təhlükəli və qarşısıalınmaz ziddiyyətə çevrilir.
Dünyada Amerika mallarının alınmamasına və boykot edilməsinə yönələn müxtəlif kompaniyalar mövcuddur. Lakin dolların haqsız gücünün azaldılması məqsədilə nəzərdə tutulan tədbirlərdən ən təsirlisi enerji resurslarının dollarla satılmaması ola bilər. Real vəziyyətdə iqtisadiyyatı neftdən asılı olan və digər ölkələrlə siyasi və hərbi birliyi olmayan, daha doğrusu, ABŞ-ın səyi ilə beynəlxalq aləmdə “təklənə bilən” ölkələrin bu addımı atmağa heç də gücü çatmır. 2000-ci ildə İraq hökuməti 10 milyard dollar valyuta ehtiyatını yevroya çevirdi. 2002-ci ildə belə bir addım İran tərəfindən atıldı. 2002-ci ildə Şimali Koreyanın xarici ticarət əməliyyatlarının rəsmi olaraq yevroya çevrilməsi də «dollar sahibinin» o qədər də xoşuna gəlməmişdir . Venesuela da dollardın təsirindən qurtarmaq üçün 2002-ci ildə cəhd göstərsə də bu cəhd hökumətin devrilməsi ilə nəticələndi.
Lakin dolların süni olaraq gücləndirilməsi hesabına dünya iqtisadiyyatının ABŞ tərəfindən istila edilməsi faktı artıq bir çox ölkəni, o cümlədən Rusiyanı, Çini, Cənubi Koreyanı və sair narahat etməyə başlamışdır. Əlbəttə yaxın vaxtlarda bu və digər ölkələrin birləşərək dolların təsir dairəsindən çıxmağa müvəffəq olmaları o qədər də real görünmür, lakin bu vəziyyətin sonsuz davam etməsi də inandırıcı deyil və dünyanın gələcəyi üçün ciddi təhlükə ola bilər. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, dolların təsirindən qurtararaq yevronun təsirinə düşmək ABŞ-ın müstəmləkəçilik siyasətinə müəyyən qədər müqavimət imkanı yarada bilsə də əslində dolların imkanının yevro ilə bölüşdürülməsi ilə nəticələnə bilər. Başqa sözlə desək, üçüncü dünya ölkələrinin həm Avropa Birliyi, həm də ona təsir imkanları hələ də yüksək olan ABŞ tərəfindən istismarı problemini yaxın zamanlarda aradan qaldırmaq çətin məsələ olaraq qalacaqdır.
Dünyanı düşündürən başqa bir məsələ isə dollar dilemmasının digər təhlükəsidir. Belə ki, dolların qəflətən qiymətdən düşməsi onu əsas yığım valyutası kimi istifadə edən ölkələrə də ciddi ziyan gətirə bilər. Məsələn Çin və Yaponiya bir trilyon dollardan çox dollar ehtiyatına malikdir. Azərbaycanın təkcə Neft Fondunun dollar ehtiyatı milyarddan çoxdur. Beləliklə, dünya iqtisadiyyatı istər-istəməz dolların əsirinə çevrilib və ondan «yaxasını qurtarmağa» çalışsa da bunun mənfi təsirlərini təkcə ABŞ-ın qəzəbinə gəlməkdə deyil, həmçinin ehtiyatlarında olan dollarların «nə ilə əvəz edilməsi» və «necə tez əvəz edilməsi» çətinliyində görürlər . Bir çox ölkələr dollarla olan valyuta ehtiyatlarını nə qədər mümkündür tez bir zamanda neft ehtiyatı ilə və ya digər mallarla əvəz etməyə çalışırlar. Onlar dərk edirlər ki, bu ölkələrin iqtisadiyyatına qəflətən və ciddi ziyan vurmaq üçün ABŞ hökuməti «dollar» adlı mühüm silahdan istifadə edə bilər.
ABŞ hökuməti tərəfindən öz maliyyə və ticarət defisitini azaltmaq məqsədilə dolların qiymətdən salmasının mümkünlüyünü qəbul edə bilməsi artıq ABŞ Federal Ehtiyatlar rəsmiləri tərəfindən də səsləndirilir. Əslində bu tədbirlər dollardan asılı olan ölkələrin iqtisadiyyatına daha ciddi zərbələr vurmaq məqsədi daşıya bilər. Odur ki, dollardan asılı olan və real təhlükəni dərk edən ölkələr dollardan ehtiyatla uzaqlaşmağa üstünlük verərək ABŞ-ın dollar siyasətinin yaratdığı müstəmləkəçi dilemmaya son qoymağa cəhd edirlər.
...

("BÖYÜK ŞEYTAN VƏ YA SONUN BAŞLANĞICI"
kitabından) 
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768