اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 

ABŞ-ın “İDEOLOJİ İŞĞAL” PİRAMİDASI

Yayım Tarixi: 25.12.2011 10:10
Təhlil
Yazı ölçüsü: büyüt küçült         

haber
"Mən Sovetlərin parçalanmasına aktiv cəlb edilmişdim. Qapalı cəmiyyətlərin opponenti kimi onun məhv edilməsini ehtirasla arzulayırdım". (Corc Soros)

Bizim üçün praktiki olaraq həyata keçirilə bilən kurs [kommunist] tərəfdarları ölkələrinin dönükcəsinə ayrılması prosesinə dəstək verməkdədir. Onların zəif görsənməyinə baxmayaraq dönükcəsinə parçalanma üçün ilkin şərait vardır. Üzərimizə heç bir məsuliyyəti götürmədən biz bu çatların genişlənməsinə dəstək verə bilərik. Parçalanma baş verdikdə isə sovetlərin birbaşa hədəfinə biz tuş gəlməyəcəyik, çünki mübahisə Kreml ilə Kommunist islahatçıları arasında baş verəcəkdir”
(ABŞ Milli Təhlükəsizlik Şurasının Direktivindən)

   ABŞ-ın “TROYA ATLARI”
Təqribən bir il əvvəl XX əsrin 70-ci və 80-cı illərinin məşhur siyasi dissidenti, Sovet İttifaqının “parlaq düşməni” və Qərbin “yaxın dostu” Aleksandr Zinovyev vəfat etdi. Allah ona və bütün ölənlərə rəhmət etsin.
Qərbin üçüncü dünya ölkələrini istismar etməsini və onların çiynində inkişaf etdiyini ömrünün sonunda etiraf edən A. Zinovyev Qərb demokratiyası pərdəsi altında digər xalqların vəhşicəsinə istismarını tənqid etməyə və Sovet İttifaqının dağılmasını tarixi səhv kimi qiymətləndirməyə macal tapdı.
Lakin o, keçmiş məşhur dissident kimi dünya xalqlarına müraciət edərək, buraxdığı səhvlərin tarixi analizini aparmağa və bu cür dissident fəlsəfələrin formalaşmasında Qərb institutlarının rolunu açıqlamağa macal tapmadı. Mən inanıram ki, tale dahi fizik və böyük demokrat Saxarova da dağıdılmış Sovet xarabalıqlarını və bu gün bir-birinə düşmən kəsilmiş keçmiş sovet xalqlarının dilənçi həyatını görməyi qismət etsəydi, o da «öz ölkəmi Qərbin ayağına verməklə mən səhv etmişəm!» deyərdi. Lakin artıq gecdir!

ABŞ-ın Üçüncü Dünya ölkələrində, xüsusilə təbii sərvətlərlə zəngin ölkələrdə fəaliyyətini tədqiq edən qurumlar və analitiklər yaxşı bilir ki, ABŞ-ın yeni müstəmləkəçi siyasəti vertikal idarəolunan institusional şəbəkə tərəfindən həyata keçirilir. ABŞ xarici siyasətinin mahiyyəti haqqında kifayət qədər sanballı əsərlər heç də az deyil.
Təəssüf ki, ABŞ-ın yeni müstəmləkə siyasəti haqqında keçmiş Sovet respublikalarında, o cümlədən Azərbaycanda geniş tədqiqatlar aparılmır və açıq diskussiyalar təşkil edilmir. Bu heç də təsadüfü deyildir və ABŞ-ın xarici siyasətinə xidmət edən ideoloji işğal şəbəkəsi ilə birbaşa bağlıdır.

ABŞ-ın digər ölkələrlə münasibətinin tədqiqi bunu deməyə əsas verir ki, müəyyən dövrdə müstəqil siyasət yeridən və ya yeritmək istəyən hər hansı bir ölkənin ABŞ tərəfindən «müştəri ölkəyə» çevrilməsi üçün konkret addımlarından birincisi bu ölkənin daxilində “dissidentlər şəbəkəsinin” yaradılmasından ibrətdir. Adətən bu şəbəkələr sonradan təşkilatlandırılır və ABŞ-ın nəzarətində olan ciddi siyasi müxalifətə çevrilir. Məsələn, 1953-cü ildə İran, 1973-cü ildə Çili hadisələri və ya 2003-cü ildə Gürcüstan inqilabı ABŞ xüsusi xidmət orqanlarının fəaliyyəti ilə birbaşa əlaqəli idi.
“MKİ Çilidə müxalifət qruplarını maliyyələşdirərək stabilliyin pozulmasına nail oldu. 1973-cü il sentyabrın 11-də MKİ S. Allyendəni devirərək general Avqusto Pinoçetin diktator rejimini qurdu... Çili təbii resurslarla zəngin ölkədir və S. Allyendə siyasəti mis sənayesini nəzarətdə saxlayan ABŞ investorları üçün o qədər də əlverişli deyildi. Çilinin müstəqilliyi ABŞ iqtisadiyyatı üçün o qədər təhlükəli olmasa da onun müstəqilliyi digər ölkələr üçün nümunə ola bilərdi. . Odur ki, Dövlət katibi Henri Kissiger Çilini “regionu ve ətraf dövlətləri yoluxdura bilən virus” adlandırırdı. Odur ki, o məhv edilməli idi” .

ABŞ-ın yeni müstəmləkəçi xarici siyasətini həyata keçirən və şaquli idarəedilən institusional şəbəkənin (ideoloji işğal piramidasının) ilkin mərhələlərindən biri cəlbedici paradiqmalardan istifadə olunmasıdır. Bu mərhələ o qədər adi, təbii və cəlbedici ideoloji əsaslara malikdir ki, onun təkzib edilməsi çox çətindir. Məhz bu paradiqmalar siyahısında “açıq cəmiyyət”, «insan hüquqları», «milli azlıqların hüquqları», «söz azadlığı», «vicdan azadlığı», «qanunun aliliyi», «demokratiya», və sair anlayışlar əsas yer tutur. Özünü demokrat adlandıran hər bir kəs üçün bu anlayışlar insan həyatının ayrılmaz elementləridir və bu dəyərlər uğrunda mübarizə etməyə dəyər. Lakin bu anlayışların əslində «ideoloji işğal piramidası»nın daha yüksək mərhələlərində ABŞ yeni müstəmləkəçi xarici siyasətinin əsil mahiyyətini pərdələdiyi addımbaaddım üzə çıxır. Əgər «ideoloji işğal piramidası»-nı bir neçə institusional mərhələnin fəaliyyət sahələrinə böləriksə, yüksək mərhələlərdən birini Amerika Mərkəzi Kəşfiyyat İdarəsi tutar. Digər daha aşağı mərhələlərdən fərqli olaraq bu mərhələdə yeni müstəmləkəçi siyasət ABŞ xarici siyasətinin prioriteti kimi daha aydın və ciddi qoyulmuşdur. Bu elə bir ideoloji şəbəkədir ki, «müştəri ölkənin» ictimai-siyasi həyatına nüfuz edir, onun KİV-ni, təhsilini və ictimai şüurunu tam nəzarətdə saxlayır.
ABŞ imperializminin anatomiyasına görə “müştəri ölkələrin” və dünyanın nəzarətdə saxlanması üçün istifadə edilən bəzi metodlar, o cümlədən ölkələr arasında müharibələrin qızışdırılması, müttəfiqlərinin hərbi gücündən və MKİ-nin terror şəbəkəsindən istifadə edilməsi, “yardımlardan”, çevrilişlərdən, hər cür sanksiyalardan və seçkilərin idarə edilməsindən istifadə edilməsi ABŞ-ın siyasətinə birbaşa xidmət edən və yerlərdə fəaliyyət göstərən təşkilatlar tərəfindən reallaşır.
ABŞ-ın öz hərbi gücündən istifadə etdiyi hallarında da, işğal faktına haqq qazandırmaq üçün ABŞ-ın “Troya atlarının” xidmətindən istifadə edilir. Belə hallarda adətən “Troya atları” işğaldan sonrakı mərhələdə fəaliyyət göstərərək cəmiyyətdə nisbi stabilliyin yaradılmasına cəhd göstərirlər.

İdeoloji şəbəkənin daha aşağı mərhələləri daha yüksək mərhələlərlə gizli siyasətlə əlaqələndirilir və ciddi subordinasiyaya əməl edilir. Öz dövlət və qeyri-hökumət təşkilatlarını «demokratiya dərsi» öyrətmək üçün dünyaya səpələyən ABŞ, əslində «ideoloji işğal piramidası» -na keçmiş Sovet respublikalarında “humanitar” və ya “xeyriyyəçi” təşkilatlar kimi tanınan fondları və qeyri-hökumət təşkilatlarını da qoşmuşdur. Bunlardan ən məşhuru və təhlükəlisi C. Sorosun yaratdığı “Açıq Cəmiyyət İnstitutudur”. C. Soros ABŞ-ın Xarici Əlaqələr Şurasında, Dünya İqtisadi Forumunda və “Human Rights Watch” təşkilatında xüsusi çəkisi olan şəxsdir. Şərqi Avropa ölkələrində və keçmiş Sovet İttifaqında kommunist rejiminin süqutunda və Sovet İttifaqının paralanmasında onun müstəsna xidməti vardır. Sovet sistemi dağıldıqdan sonra bu respublikalarda hakimiyyətə müxalif qüvvələrin formalaşmasında və yerli hakimiyyətlərin ABŞ-ın təsirində saxlanmasında onun xüsusi rolu vardır. C. Sorosun yaratdığı “Soros Fondu” Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən yaradılan “Azad Avropa” və “Azadlıq” radiolarının Qafqazda və Mərkəzi Asiyada sərbəst yayılmasını dəstəkləyir. Gürcüstanda və Ukraynada baş verən rəngli inqilablarda da C. Sorosun xüsusi “xidmətinin” olduğu qeyd edilir.

Dünya Bankını, Beynəlxalq Valyuta Fondunu, Avropa Yenidənqurma və İnkişaf Bankını da bu siyahıya daxil etmək olar. Bu təşkilatlar da ABŞ hökumətindən nəinki asılı vəziyyətdədirlər, hətta ABŞ maraqlarına xidmət etməklə onun siyasətini birbaşa yerinə yetirirlər. Azərbaycan xalqının vaxtı ilə böyük ümid bəslədiyi, bu gün isə fəaliyyəti ümidsizlik və hətta rişxənd obyekti olan ATƏT də bu piramidada aşağı mərhələlərdən birində lokallaşıb. ABŞ-ın yeni müstəmləkəçi xarici siyasətini həyata keçirən və üçüncü ölkələrin ABŞ-ın «müştəri ölkəsinə» çevrilməsinə xidmət edən bu «Troya Atları» məhz «rəngli inqilabların» təşkilatçıları kimi də çıxış edirlər.
Son dövrlərdə Mərkəzi Kəşfiyyat İdarəsinin Şərqi Avropa ölkələrində gizli həbsxanalarının olması və bu həbsxanalarda çoxsaylı insanların işgəncələrə məruz qalması faktlarının Avropanın nüfuzlu dövlətlərarası təşkilatları tərəfindən etiraf edilməsi başqa bir həqiqəti üzə çıxarır: Avropa ABŞ-ın yeni müstəmləkəçi siyasətindən ciddi narahat olmağa başlayıb. ABŞ-ın «terrora qarşı müharibə»si əslində onun siyasətinə tabe olmayanların cəzalandırılması üçün «yalnız ABŞ-a verilən müstəsna hüquq» -a bənzəyir. Terrorçuluqda şübhəli bilinən hər hansı bir şəxsin gizli həbsxanalarda saxlanması nə qədər insan hüquqları dəyərləri ilə uyğun gəlir. Qanunun aliliyini müdafiə etdiyini bəyan edən və lazım gəldikdə yerli hökumətlərə təzyiq etməkdən çəkinməyən ABŞ Dövlət Departamenti nə üçün digər ölkələrin ərazisində belə həbsxanaların yerləşdirilməsinə imkan verib? Öz ərazisində belə həbsxanaların olmasını qadağan edən ABŞ hərbi qanunu digər ölkələrdə belə həbsxanaların məhz Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən təşkil edilməsini və ABŞ vətəndaşlarına məxsus ictimai vəsaitlə saxlanmasına necə yol verir?

«İdeoloji işğal piramidasının» daha aşağı mərhələlərində qərar tutan, lakin ictimai şüura daha yaxın olan və üçüncü dünya ölkələrində insan hüquqlarının pozulmasını əsas gətirərək bu ölkələrdə siyasi dəyişiklikləri tələb edən digər «Troya Atları»- beynəlxalq qeyri-hökumət təşkilatları-Mərkəzi Kəşfiyyat İdarəsinin gizli həbsxanalarında saxlanılan insanların özünümüdafiə imkanlarının olmamasının heç fərqində deyillər. «Terrora qarşı müharibə» bəhanəsi ilə istənilən bir şəxsin ABŞ tərəfindən məhv edilmə və ya həbs edilmə imkanının müqabilində adi vətəndaşlar özünü müdafiə imkanlarından tam məhrum edilmişlər. Qeyd edək ki, Mərkəzi Kəşfiyyat İdarəsinin həbsxanalarında gizli şəraitdə saxlanılan və müxtəlif təzyiqlərə məruz qalan insanların ən adi insani hüquqları işgəncələrə və ya hər hansı qeyri-insani münasibətə qadağa qoyan konvensiyalarda şərh edilmiş və ABŞ tərəfindən imzalanmışdır. Bəs nə üçün ABŞ BMT-nin «İşgəncələrə və digər qəddar, qeyri-insani və ya təhqiredici davranma və ya cəza vermə əleyhinə» Konvensiyasının tələblərinə məhəl qoymur? Doğrudanmı dünya dövlətləri ABŞ-a istənilən vaxt istənilən ölkədə terrorçu axtarışına çıxmaq bəhanəsi ilə silah işlətmək icazəsini və bu Konvensiyanı pozmaq hüququnu da vermişdir?

«İdeoloji işğal piramidanın» aşağı mərhələlərində yerləşən institutlardan biri də ABŞ-ın iqtisadi maraqlarını təmin edən transmilli şirkətlərin ictimai əlaqələr departamentləri və investisiya proqramlarıdır. Transmilli şirkətlərin, xüsusilə Britiş Petrolium (BP) şirkətinin üçüncü dünya ölkələrdə, o cümlədən Azərbaycanda fəaliyyəti ilə bağlı “Bəzi ümumi qayğılar” adlı tədqiqat əsərində geniş məlumat verilmişdir . Transmilli şirkətlərin yerli hökumətlərin daxili işinə nüfuz etməsi, qanunvericiliklə bağlı təzyiqlər göstərməsi, yerli mətbuatı, xüsusilə elektron informasiya vasitələrini nəzarətdə saxlaması, korrupsiyanı təşviq etməsi və insan hüquqlarını pozması ilə bağlı faktları artıq Azərbaycan cəmiyyətində yeni hadisə deyildir. Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da bu tip «Troya Atları» əhalinin ən geniş təbəqəsini ələ almaqla bərabər, mövcud idarəçilik strukturlarına nüfuz edir və reallıqda onları «satın alır». ABŞ-ın nəzarətində olan Transmilli şirkətlərin və dolayısı ilə ABŞ-ın iqtisadi maraqlarının ən yüksək səviyyədə qorunması müxtəlif saziş və prinsiplərlə təmin edilir. Hətta belə prinsiplər olmasa belə «həmişəyaşar prinsip» - «terrora qarşı mübarizə» prinsipi ABŞ-a istənilən vaxt hərbi güc işlətməyə «haqq qazandırmış» olur.

Azərbaycan-ABŞ münasibətlərində də belə «müstəsna hüquqlar» ABŞ tərəfində saxlanılır. ABŞ silahlı qüvvələrinin Azərbaycan ərazisinə daxil olması üçün nə Əl-Qaidə üzvlərinin Azərbaycanda sığınacaq tapması faktının bəhanə edilməsinə, nə də yerli terror qruplarının ABŞ-ın milli maraqlarına ciddi təhlükə törədə biləcəyi fərziyyəsinə ehtiyac yoxdur. ABŞ-ın enerji maraqlarına xidmət edən Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin təhlükəsizliyini nəzərdə tutun və Azərbaycanın da imzaladığı «Könüllülük Prinsipləri» ABŞ qüvvələrinin Azərbaycana daxil olması üçün hüquqi əsas verməsə də kifayət qədər BƏHANƏ verə bilər. “Könüllülük Prinsipləri” və onun Azərbaycanın suverenliyinə zidd mahiyyəti haqqında qısa məlumat “Mədən sənayesində şəffaflıq və yerli icmaların inkişafı” məqaləsində verilmişdir .

BTC boru kəmərinin icmalara təsirinin monitorinqi bir daha təsdiq etmişdir ki, boru kəmərinin təhlükəsizliyi ilə bağlı həyata keçirilmiş tədbirlər, o cümlədən həm Azərbaycanın, həm də BP-nin qoşulduğu «Könüllülük prinsipləri» əslində icma üzvlərinin hüquqlarına mənfi təsir göstərmişdir.
«Könüllülük Prinsipləri» hasilat sənayesində insan hüquqları standartlarını özündə ehtiva edən təhlükəsizlik aksiyalarının həyata keçirilməsi üçün xüsusi normalardan ibarətdir. Bu standartlara həmçinin BMT-nin Hüquq Mühafizə Orqanları üçün Davranış Kodeksi və Hüquq Mühafizə Orqanları tərəfindən Gücdən və Atıcı silahlardan İstifadə haqda BMT-nin Əsas Prinsipləri daxildir.
Azərbaycanda neft hasilatı ilə məşğul olan Konsorsium rəsmilərinin məruzəsinə əsasən, BTC-nin təhlükəsizliyi ilə yanaşı insan hüquqlarının qorunması üçün indiyə kimi çoxlu tədbirlər görülmüşdür. Xüsusi Dövlət Təhlükəsizlik Xidmətinin (XDTX) məruzəsinə əsasən, onlar boru xəttinin təhlükəsizliyini təmin edəcək və təxminən 650 məsul şəxsi bu işə cəlb edəcəklər. Onlar polis işçiləri səlahiyyətlərinə malik olmayacaqlar və kimisə həbs etmək hüququna malik deyillər. Azərbaycanda boru xəttinin uzunluğunu nəzərə alsaq, aydın məsələdir ki, XDTX-nin əməkdaşlarının sayı onun təhlükəsizliyinin təmin olunması üçün kifayət deyil. XDTX zabitlərinin məruzəsinə əsasən, onlar boru xətti boyu dayanmayacaqlar və təhlükəsizliyi təmin etmək üçün 4 nəfərdən ibarət mobil qruplar şəklində boru xətti boyu hərəkət edəcəklər.

Lakin, bu prinsiplərdə əsas təhlükəsizlik öhdəlikləri kimi icmaların təhlükəsizliyi deyil, təşkilatların avadanlıqlarının, əmlaklarının və işçi heyətinin təhlükəsizliyi əsas məqsəd kimi qəbul edilir. Təşkilatların işçi heyəti və əmlaklarının təhlükəsizliyi könüllülük prinsipləri ilə bir sırada durur. Narahatçılıq vardır ki, BTC-nin şəxsi heyətinin və əmlakının mühafizəsinə üstünlük verilməsi ictimaiyyətin təhlükəsizliyi sahəsində pis vəziyyət doğuracaq. Qəbul etmək lazımdır ki, Azərbaycanda təhlükəsizlik məsələləri ilə əlaqədar yerli icmalarla səmərəli münasibətlər mövcud deyil. Bu gün BTC Co ATƏT-in köməkliyi ilə özəl və dövlət təhlükəsizlik xidmətlərinin əməkdaşları üçün 52 seminar və görüşlərin keçirilməsi ilə fəxr edir. Xüsusilə, XDTX-nin əməkdaşları tərəfindən gələcəkdə boru kəməri keçən ərazilərdə yerli əhalinin hərəkətinə və torpaqlarından istifadə etməsinə məhdudiyyətlər qoya bilməsi narahatçılıq doğurur.

Bölgələrdə insan hüquqları ilə bağlı real vəziyyəti, insanların öz hüquqları ilə bağlı bilgilərini, habelə dövlət təhlükəsizlik qüvvələri və dövlət orqanları işçilərinin yerli əhali ilə münasibətlərini nəzərə alsaq, yaxın gələcəkdə XDTX işçilərinin insan hüquqlarına hörmət səviyyəsini anlamaq çətin deyildir. Könüllülük prinsiplərinə əsasən təhlükəsizlik riskləri siyasi, iqtisadi, ictimai və sosial faktorların nəticəsində meydana çıxa bilər. Lakin, şirkətlərin fəaliyyəti ilə bağlı olan təhlükələrin, xüsusilə iqtisadi və sosial təhlükələrin qarşısını almaq üçün onlar yerli əhalinin hüquqlarını məhdudlaşdıran təhlükəsizlik sistemlərini inkişaf etdirirlər. Şirkət yerli əhalinin sosial problemlərinin həllinə kömək etmək yolu ilə təhlükəni azaltmaq üçün müəyyən tədbirlər görə bilər. Prinsiplərə əsasən, zorakılıq üçün potensial risk mövcuddur və şəraitdən asılı olaraq müəyyən regionlarda zorakılıq geniş və kiçikmiqyaslı ola bilər. Bu o deməkdir ki, bu regionlarda yaşayan Azərbaycan əhalisi gələcəkdə zorakılıq hallarına və hüquqlarının pozulmasına hazır olmalıdır.
Könüllülük prinsiplərində nəzərdə tutulan riskin qiymətləndirilməsi, BTC Co şirkətinin fəaliyyəti ilə bağlı risklərdən başqa, bütün mümkün təhlükəsizlik risk mənbələrini qəbul edir. Fakt ondan ibarətdir ki, yerli ictimaiyyət layihənin təhlükəsizliyində maraqlı olaraq təhlükəsizlik tədbirlərində o zaman iştirak edəcəkdir ki, onun bu işdə sosial, iqtisadi mənafeyi müdafiə olunsun. BTC boru kəmərinin inşası prosesində insanların çoxunun birbaşa iqtisadi mənfəəti yoxdur. Əksinə onların çoxu bu tikinti nəticəsində ya öz torpaqlarını və mal-qara üçün otlaqlarını itirmiş, ya da hər gün evlərinin və yollarının dağıdılmasını müşahidə edirlər. Əgər BTC-nin istismara verilməsindən sonra dövlət orqanları və BTC-dən mənfəət götürən transmilli şirkətlər əhalinin iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində vacib addımlar atmazsa, əksinə XDTX və yerli mühafizə qüvvələri yerli əhalini zor işlətməklə hədələsələr, o zaman əhalinin BTC-nin təhlükəsizliyində heç bir marağı olmayacaq.

Könüllülük prinsiplərə əsasən, Azərbaycan hökuməti və BP yerli konfliktlərin təbiətini və səbəblərini bilməli, eyni zamanda, insan hüquqlarına və Beynəlxalq Humanitar Hüquq standartlarına əsas iştirakçılar tərəfindən hörmət edilməsini nəzərdə tutmalı və qəbul etməlidirlər. Prinsiplərə əsasən, BP Şirkətlə işçilər və onların birlikləri arasında əlaqələri təşkil etmək üçün strategiya işləməlidir. Lakin, bu gün reallıqda BP və BTC Co şirkətinin tərkibində heç bir həmkarlar ittifaqı yoxdur və bunun yaradılmasına icazə verilmir.
Şirkətlər mütəmadi olaraq yerli hökumətlər və icmalarla həyata keçirilən təhlükəsizlik tədbirlərinin təsiri barədə məsləhətləşmələr aparmadıqları üçün icma üzvləri boru kəmərlərinin inşasından sonra öz torpaqlarından necə istifadə edəcəklərini bilmir və BTC rəsmiləri tərəfindən cərimə olunacaqlarından qorxaraq boru kəmərinə yaxın yerlərdə yerləşən torpaq sahələrində işləmirlər. Mülkiyyətçilərin dediyinə görə kəmərin mühafizəsini həyata keçirən qoruyucular torpaq payı kəmərin tikildiyi əraziyə düşən mülkiyyətçilərin torpaqlarından istifadəsinə məhdudiyyətlər qoyurlar.

Tədqiqatlar və tarixi faktlar sübut edir ki, demokratik olmayan və yaxşı idarəçiliyə nail olmayan neftlə zəngin olan ölkələrin «göydən düşmə» neft gəlirləri bu ölkələrin iqtisadiyyatının və sosial həyatının inkişafdan daha çox müxtəlif subyektlər arasında neft gəlirlərinə sahib olmaq uğrunda mübarizələrini qızışdırmışdır. Belə mübarizələr əsasən siyasi hakimiyyətə sahib olmaqla şərtlənir. Nigeriya, Çad, Anqola, Boliviya, Peru, İndoneziya kimi ölkələrdə bu mübarizə hələ də səngiməmişdir.

Sovet sisteminin zəiflədiyi 80-cı illərin axırlarında Cənubi Qafqaz ölkələrində baş verən hadisələr, xüsusilə Dağlıq Qarabağ münaqişəsi də dolayısı ilə məhz Azərbaycan nefti üzərində nəzarətin ələ keçirilməsi məqsədilə uzun müddətə nəzərdə tutulmuş böyük bir planın tərkib hissəsidir. Azərbaycanda sonrakı dövrlərdə baş verən hadisələr, o cümlədən 1992-ci il dövlət çevrilişi, 1993-cü il dövlət çevrilişi, 1994-cü ilin oktyabrından sonra müxalifətə qarşı baş verən repressiya halları, 1995-ci il Konstitusiyasının qəbulu, 2002-ci ildə Konstitusiyaya edilmiş əlavə və düzəlişlər məqsədilə referendumun keçirilməsi və s. Azərbaycan cəmiyyətini demokratik dəyişikliklər etmək üçün əldə edilmiş tarixi imkanlardan uzaqlaşdırsa da, neft hasilatının genişlənməsi və təhlükəsiz ixracı üçün stabil şərait yaratmışdır. Yüksək neft gəlirləri və neft hasilatının qeyri-şəffaflığı, bu gəlirlər üzərində ictimai nəzarətin təmin edilməməsi korrupsiyanın daha geniş intişar tapmasına və «çirkli» pulların cəmiyyətin iqtisadi və intellektual inkişafı üçün o qədər də vacib olmayan sahələrdə tətbiqinə, yüzlərlə yeni yüksək yaşayış binalarının və şadlıq saraylarının tikintisinə stimul vermişdir.

ABŞ-ın yeni müstəmləkəçi xarici siyasətinin «İdeoloji piramidasının» orta mərhələlərində fəaliyyət göstərən qurumlardan biri də ATƏT-dir. İlk baxışda çoxsaylı dövlətlərin dövlətlərarası təşkilatı kimi çıxış edən ATƏT, əslində ABŞ milli maraqlarının dolayısı ilə müdafiəçisidir. Bu təşkilatın Azərbaycandakı fəaliyyəti əsasən seçki prosesi ilə və konfliktlərin həlli ilə bağlı olsa da əsas məqsəd neft ixracatının təhlükəsizliyi üçün regional və dayanıqlı sabitliyin təmin edilməsidir. ATƏT-in Minsk qrupu isə Dağlıq Qarabağ münaqişəsinin yaxın 20-25 il üçün dondurulmasını və cəmiyyətin tədricən mövcud vəziyyətə uyğunlaşmasını nəzərdə tutur. ATƏT-ın fəaliyyətinin əsil mahiyyəti getdikcə cəmiyyəti narahat etməyə başlamışdır. Artıq siyasi partiyalar və qeyri-hökumət təşkilatları ATƏT-in Minsk Qrupunun fəaliyyətinin dayandırılmasını açıq tələb etməyə başlamışlar.

Son illər ABŞ-ın yeni müstəmləkəçi xarici siyasəti Avropa ölkələrinin milli maraqları ilə, o cümlədən bu ölkələrin enerji təhlükəsizliyi ilə üst-üstə düşdüyü üçün ABŞ-ın Avropa İttifaqı ilə razılaşdırdığı «İdeoloji işğal piramidasının” institusional qurumların fəaliyyəti təbii sərvətlərlə zəngin üçüncü dünya ölkələrinin, o cümlədən Azərbaycanın iqtisadi cəhətdən nəzarətə alınmasına yönəlmişdir. Belə ki, Avropa İttifaqının üçüncü dünya ölkələrində, o cümlədən Azərbaycanda həyata keçirdiyi proqramların mahiyyəti ABŞ xarici siyasətinin mahiyyəti ilə üzvi bağlıdır və dolayısı ilə ABŞ-ın və Aİ ölkələrinin iqtisadi maraqlarının müdafiəsini nəzərdə tutur.
Əgər Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlıq sahələrinə fikir versək bu sahələrin birbaşa və ya dolayısı ilə enerji sektoru ilə bağlı olduğunu, sovet təsərrüfat sisteminin tamamilə dağıdılmasına və ABŞ-ın maraqlarına uyğun olan mövcud hakimiyyətin gücləndirilməsinə yönəldiyini görərik.

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında imzalanmış Əməkdaşlıq və Tərəfdaşlıq Sazişi (ƏTS) də Aİ ölkələrinin biznes strukturlarının və investorlarının kommersiya maraqlarının qorunmasını Azərbaycanla əməkdaşlığının əsas məqsədi kimi ön plana çəkir .
Avropa İttifaqının, Dünya Bankı və digər Beynəlxalq Maliyyə İnstitutlarının, ABŞ Dövlət Departamentinin və ABŞ-ın nəzarətində olan Beynəlxalq Qeyri-hökumət təşkilatlarının həyata keçirdikləri layihələrin biri-birini tamamlaması və strateji cəhətdən üst-üstə düşməsi onların eyni yerdən, daha doğrusu ABŞ tərəfindən idarə edilməsini təsdiq edir.

Bu gün Şərqi Avropa ölkələrində Mərkəzi Kəşfiyyat İdarəsinin gizli həbsxanalarının olduğunu iddia edən və ABŞ dövlətindən hesabat tələb edən bəzi Avropa təşkilatları və rəsmiləri əslində ABŞ-ın «müstəsna hüquqlara malik» bir dövlət kimi formalaşmasına yardımçı olmuşlar.
Müxtəlif Maliyyə İnstitutlarının yaradılmasında ABŞ-la birgə fəaliyyət, postsovet ölkələrində yeni «müştəri ölkələrin» formalaşması üçün texniki yardımların göstərilməsi, bu ölkələrlə əməkdaşlıq və tərəfdaşlıq sazişlərində ABŞ maraqlarının dolayısı ilə nəzərə alınması, anti-İraq koalisiyasına daxil olmaq və sair fəaliyyətlər Avropa İttifaqına daxil olan ölkələrin ABŞ-la bir «səngərdə vuruşduğundan» xəbər verir.
Anti-İraq Koalisiyasına daxil olan, lakin bu gün ABŞ-ın kənar ölkələrdə gizli həbsxanalarından narahat olan bütün ölkələr başa düşməli idilər ki, bu koalisiyaya qoşulmaqla onlar ABŞ-ın bəşəriyyət qarşısındakı məsuliyyətini bölüşdürmüşlər. Belə gizli həbsxanaların yaradılması və Mərkəzi Kəşfiyyat İdarəsinin strukturları tərəfindən insan hüquqlarının hər cür tapdanması üçün ABŞ-a «müstəsna hüquqları» məhz bu ölkələrin özləri vermişlər.
...
"BÖYÜK ŞEYTAN və ya SONUN BAŞLANĞICI" monoqrafiyasından
(Akademik Mayis Güləliyev) 
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Şərh et yorum

ŞƏRHLƏR

Fer
26.12.2011 00:13
Salamu Aleykum
melumatlara gore tesekur edirem
Şərh et yorum

 

Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768