Bu imtahandan bəziləri üzü ağ, bəziləri isə üzü qara çıxırlar
Allah Təala bu dünyanı imtahan üçün xəlq edib. Bu imtahandan bəziləri üzü ağ, bəziləri isə üzü qara çıxırlar. İmtahanlardan biri də, imkansız və ehtiyaclı olanlara necə münasibət göstərməyimizdir. Axı Uca Yaradan özü buyurur ki, biz sizi var dövlətinizlə sınağa çəkərik. 14 yaşlı Əmrah Əliyev də belə bir imtahandan üzü ağ çıxmağımız üçün bəlkə də Allahın bir lütfüdür desək yanılmarıq. Əmrah Əliyev uşaqlıqda keçirdiyi xəstəlik nəticəsində beynində yaranmış problemlər səbəbilə bədəninin funksiyalarının bir hissəsini itirib. Həkimlər təcili olaraq onun əməliyyat olmasını israr etsələr də, 2600 manatın çatmaması ucbatından artıq bir ildən çoxdur ki, 14 yaşlı Əmrah yaşadığı ağrı-acılarını müvəqqəti də olsa yalnız xüsusi sakitləşdiricilər qəbul etməklə və yatmaqla sovuşdurmaq məcburiyyətində qalır. İslam-Azeri.az İnternet qəzeti Əmrahın anası ikinci qrup əlili İradə xanımın müraciətini xeyirxah Azərbaycan xalqının diqqətinə çatdırır. Qeyd edək ki, bu əməliyyata lazım olan pulun böyük hissəsi artıq yığılıb və köməklik edənlər arasında ruslar və gürcülər də var. Bunu da qeyd edək ki, Əmrah Əliyev xəstəlik səbəbilə təhsilini davam etdirmək imkanından da məhrum olub.
Qeyd edək ki, yardım olunub.
islamazeri.az