Dünya əhlinə xüsusən də İslam alimlərinə və tələbələrinə salam olsun. Mən dünyada yaşayarkən Allahın mənə bəxş etdiyi lütf və mərhəməti sayəsində 25 il Müqəddəs elm şəhərlərindən birində oxudum. Sonra öz doğma vətənimə qayıtdım. Hər şey elə oradan başladı. Mən burada dərk etdim ki, bir ömür kimə bəndəlik etmişəm. Əqidə əsasında olan sorğular bitdikdən sonra mələklər gözdən itdilər və üzü günəşdən də parlaq olan bir mələk peyda oldu. Sonra mənə xitabən buyurdu: Yaz! Dedim: Nə yazım? Dedi: Dünyada etdiyin bütün əməlləri yaz! Dedim: Nə ilə yazım? Dedi: Barmağını qələm, ağzının suyunu mürəkkəb elə. Dedim: Nəyin üzərinə yazım? Dedi: Kəfəninin bir hissəsini cır, onun üzərinə yaz. Mən də o cür etdim və əvvəl yaxşı əməllərimi yazmağa başladım. Dinin sütunu namaz olduğu üçün onu yaxşı əməllərimin birincisi qərar verdim. Dedi: Əl saxla! Mən də elə qorxdum ki, heç dünyada belə qorxmamışdım və dərhal dayandım. Sonra belə xitab etdi: Sənə namaz vacib olan gündən 25 il müddətində olan namazların öz yerindədir. Çünki sən eyni zamanda həm bu müddətdə dərs oxumusan, həm də ixlasla namaz qılmısan. O zamanlar sənin bütün işlərin Allaha xatir idi, hətta yemək yeməyin və yatmağın da Allah üçün idi. Amma bundan sonra sən 40 il öz vətənində yaşadığın müddətdə namazından bir xəbər yoxdur. Qorxumdan dilim-ağzım qurudu. Bədənimdə cəhənnəmin şölələrini indidən hiss etdim, başa düşdüm ki, ağır bir duruma düşmüşəm və burdan mənə Allahdan başqa heç kəs nicat verə bilməz. Çünki mən alim idim, cahil olsaydım işim daha asan olardı. Istədim səbəbini soruşum, amma dərhal yadıma o günlərim düşdü.
Öz vətənimə çatanda böyük bir izdihamla qarşılaşdım. Mənim üçün qurban kəsən kim, hədiyyə gətirən kim. Hamı məni təbrik edir, mənə bundan sonrakı fəaliyyətimdə uğurlar arzulayırdılar. Bütün bunlar mənim qəlbimə təkəbbürlük və riyakarlıq toxumunu səpməyə başladı. Halbuki əziz Peyğəmbərimizin (s) hədislərinə əsasən qəlbində zərrə qədər təkəbbürlük hissi olan şəxs cənnətə daxil olmaz və riya ilə görülən əməl Allah tərəfindən qəbul olunmaz. Qiyamətdə o adama “kimə görə bu əməli etmisən, savabını da ondan al!” deyilər. Bunların hamısını bilirdim, amma qəlbimdə olan riya və təkəbbürdən qəflətdə idim. Camaat məni məscidə apardı və camaat namazını mənim rəhbərliyimlə qıldıq. Namazın iqaməsi deyilən zaman qəlbimdən bu fikirlər keçdi: “ gör mənim nə qədər üstünlüyüm var ki, bu qədər adam mənim arxamda namaz qılır.” Niyyətə çatanda isə fikirləşdim ki, qoy namazı o qədər təvazökarlıqla qılım ki, camaat mənim həqiqi mömin bir bəndə olduğumu görsünlər. Bu mənim mədrəsədən sonra vətəndə ilk namazım idi. Təməli riya və təkəbbürlüklə qoyulan namazım. (Alim burda nalə çəkərək ağlayır) Mən 40 il bu cür namaz qılmışam. Camaatın mənə bu tərzdə hörmət etməsi mənə Allahı da unutdurdu. Bundan sonra bütün işlərimi camaatın razılığını qazanmaqdan ötrü həyata keçirməyə başladım. Çünki fikirləşdim ki, həm camaatın maddi və mənəvi köməyi ilə oxumuşam, həm də həmişə bu camaatla bir yerdə olacağam. Amma burda o camaatdan heç biri mənə kömək etmək iqtidarında deyil. Mən peşmançılığın dəhşətindən çox ağır bir hala düşdüm və üzümün qaraldığını müşahidə etməyə başladım. Sonda üzüm o qədər qaraldı ki, dünyadakı ən tünd qara rəng belə ondan ağ görünürdü. İstədim mələyə belə bir sual verim: “Məni dünyaya qaytar, 40 illik namazlarımı yenidən ixlasla təzələyim. Sonra düşündüm ki, bu sual cahillərin sualıdır. Mən ki, alim bir şəxsəm, mənə bu cür suallar vermək yaraşmaz. Sonra axırımın nə ilə nəticələnəcəyini gözümün qabağına gətirdim. Dəhşət məni elə bürüdü ki, alimliyim də yadimdan çıxdı və istər-istəməz bu sualı olduğu kimi ünvanladım. Cavabım isə belə oldu: Ey bəndə! Sən burda da öz təkəbbürlüyündən qalmırsan. Özünü hələ də alim bilirsən və bəzi şeyləri özünə yaraşdırmırsan. Həmçinin dünyada günahları bilərəkdən etdiyin kimi, burda da bilirsən ki, düyanın qapıları sənin üzünəbağlıdır və oraya əməl etmək üçün qayıdış qeyri mümkündür. Bu cavabı eşitdikdə bütün ümidlərim heçə getdi. Qorxunun dəhşətinin çoxluğundan özümü çox aciz, qüdrətsiz hiss elədim. Bir an məhv olmağımı istədim. Başa düşdüm ki, burda hər şey mən istəyən kimi deyil, Allah istəyən kimidir. Elə qışqırırdım ki, elə bilirdim səsim göylərə yetişir. Amma gördüm ki, səsimi özümdən başqa heç kəs eşitmir. İmdad diləyirdim, səsimə səs verən yox idi. Birdən mələk nida etdi: Yaz!
Qorxu mənim canıma elə düşdü ki, ağzımın suyu qurudu. Qorxunun təsirindən yaxşı əməllərimi yazmağa belə cürətim çatmırdı. Çünki namazımın həqiqəti üzə çıxandan sonra o biri əməllərimin nə əhəməyyəti var idi. Namaz qəbul olmayan surətdə o biri əməllər də qəbul deyil. Mənim namazımın nə durumda olduğunu gördünüz. Bunları fikirləşirdim ki, mələk nida elədi: “Yaz” əmrini eşitmədinmi? Dedim: Eşitdim. Dedi: Bəs niyə yazmırsan? Məgər yaxşı əməllərin qurtardı? Dedim: Xeyr, qurtarmayıb. Dedi: Camaat yaxşı əməllərini yazanda fəxrlə yazır, amma növbə pis əməllərə çatanda sən keçirdiyin həyəcanı keçirirlər. Sənə nə olub ki, belə bir vəziyyətə düşmüsən? Mən ona heç nə cavab verə bilmədim və qorxa-qorxa yazmağa başladım. Oruc.
Dedi: Saxla. Dedim: Orucum da namazımın günündədir? Dedi: Nə gözləyirdin bəs? Dərhal yenə o bədbəxt günlərim yadıma düşdü. Öz vətənimdə keçirdiyim, məni cəhənnəmə hazırlayan günlərim...
Fərhad Mirzə
Ardı var...