Öz vətənimdə keçirdiyim, məni cəhənnəmə hazırlayan günlərim...
Mən vətənimdə fəaliyyət göstərdiyim müddətdə çox böyük günahlara mübtəla olmuşam ki, ibadətlərimi həbs edib və onların qəbul olunmasının qarşısını almışdır. Onlardan biri də müsəlman qardaşlarımın qeybətini etməyimdir. Halbuki Quranda Allah- Təala qeybət etməyi belə qadağan edir. “Bir-birinizin qeybətini etməyin. Sizdən biriniz ölmüş qardaşınızın ətini yeməyə razı olarmı? Bu sizdə ikrah hissi oyadar [qeybət də belədir] (Hucurat-12) Məndən soruşun ki, niyə Allah qeybət edəni ölmüş qardaşının ətini yeyənə bənzədir? Bunun 4 səbəbi var.
1. Müsəlmanlar bir-birilə qardaş hökmündədirlər.
2. Müsəlmanın abır-həyası onun əti kimidir.
3. Müsəlmanın olmadığı yerdə onun ardınca danışmaq, onun gizlində etdiyi günah və səhvləri başqalarının yanında ifşa etmək həqiqətdə onun abır-həyasını aradan aparmaq və ətini yemək kimi bir şeydir.
4. Haqqında qeybət olunan şəxs hazırda deyil və bu danışıqdan xəbərsiz olub özünü müdafiə edə bilmir, sanki həmləyə məruz qalmış ölü kimidir.
Qeybət etmək 40 gün ibadətlərin qəbul olunmasının qarşısını alar. Hər günə ən azı bir qeybətimi hesablayın və ibadətlərimin nə vəziyyətdə olduğundan tam xəbər tutacaqsınız. Özü də mən 8 səbəbə görə qeybət edərdim.
1. Birinə qarşı qəzəbim, kin-küdurətim və həsədim olanda dərhal onun qeybətini edirdim ki, camaat da ona qarşı o münasibətdə olsunlar. Çünki bu durum mənə tam sərf edirdi və həm də mən ictimai fəaliyyətlə məşğul olurdum. Çox nüfuz qazandığımdan camaat da mənim fikirlərimlə oturub-dururdular.
2. Elmli olduğum üçün fəxr edirdim və yeri gəldi-gəlmədi deyişmələr edirdim. O halda biri mənə başqa bir alimdən sitatlar gətirəndə mən onun heç nə bilmədiyini və onun bütün nöqsanlarını dilə gətirir, özümün ondan üstün, bilikli olduğumu sübut etmək istəyirdim.
3. Özümün bir eyibli işim olanda başqa alimləri də o işdə şərikli edirdim. Məsələn deyirdim ki, filan alim də bu işi görür. Bununla özümü sığortalamaq istəyirdim.
4. Mənim həmsöhbətlərim birinin qeybətini edəndə onlar inciməsinlər deyə mən də həmin adamın heç kəsin bilmədiyi eyiblərini üzə çıxarır, bununla özümü daha da məşhurlaşdırmaq istəyirdim.
5. Səmimiyyət arasında söhbətlərim əsnasında onlarla zarafat etmək istəyəndə başqalarını yamsılayır və onları məsxərəyə qoyurdum. Bununla da özümü gülərüz və zarafatcıl göstərmək istəyirdim.
6. Birinin mənə qarşı düşmənçiliyindən və mənim eyiblərimi başqa yerdə açacağından xəbər tutanda onun sözlərinin təsirini aşağı salmaq üçün dərhal onun əleyhinə təbliğat aparır və camaat arasında onun bütün eyiblərini açıb tökürdüm. Bu işi özüm üçün bir növ müdafiə obyekti seçmişdim.
7. Biri məndən öz etdiyi günahlarının əlac yollarını soruşanda təbii ki, konkret olaraq hansı günahlar etdiyini söyləyirdi. Mən də onların əlac yollarını ona göstərirdim. Sonra ona qarşı məndə mehribançılıq yaranırdı və bir növ onun halına yanırdım. Belə olan surətdə başqalarının yanında deyirdim: Yazıq filankəs! Görün nə böyük günahlara mürtəkib olub...
8. Birinin bir günah etdiyini görəndə bəzən çox təəccüblənirdim və bu təəccübü başqaları ilə bölüşürdüm. Soruşun necə? Məsələn deyirdim ki, filankəsin etdiyi pis iş məni o qədər təəccübləndirdi ki... Adam da belə bir pis iş görər?
Mələk mənə belə nida etdi: Bu əməllərinə sən nə qiymət verirsən? Mən bu ayəni oxudum: “ Kaş bu əzabı görməmək üçün torpaq olaydım!” (Nəbə 40).
Mələk belə buyurdu: Allahdan çox sadə bir şey istəyirsən. Allah istəsə səni torpağa döndərər. Amma sənin əməllərinin cəzasını kim çəkəcəkdir? Bu qədər boynunda haqqlar var, onları kim ödəyəcək? Əməl dəftərini yazmağa davam et!
Mən bu sözlərdən sonra özümün qiyamətdə olacaq halətimi təsəvvürümə gətirdim. Mən hələ əməl dəftərimi yazıram, bu ağır və çətin vəziyyətlərə düşürəm, görün qiyamətdə bu yazdıqlarımı bir-bir hesabat versəm, onda halım necə olacaq? Gözlərimin yaşı yanaqlarıma elə süzülürdü ki, heç dünyanın ən çətin bəlaları ilə qarşılaşanda belə ağlamamışdım. Dünyada övlad itkisindən ağır bir bəla yoxdur. Yadıma gəlir ki, mənim bir cavan balam əlimdən çıxdı. Çox ağladım, amma indiki kimi yox. Bu tamam başqa bir bəladır. Axirət qapısının ilk bəlaları...
Əməl dəftərimi yazmağa başladım. Hər hansı bir əməli yazmağa başlayanda mələk bu əməllərin ixlasla olmadığını və qəbul olmadığını, daha doğrusu bu əməllərin dərgaha qalxmadığını söylədi. Əməllər sırası “yaxşılığa dəvət və pislikdən çəkindirmək” maddəsinə çatana kimi olan hissələri sizin üçün yazmağa ehtiyac görmədim. Məktubun əsas hədəfi bu bölmədən sonra başlayır. Çünki bu bölmə tələbələr və alimlər üçün çox mühüm və məsuliyyətlidir. “Tələbələrin buna nə aidiyyatı var?” deyə soruşmaq istəsəniz bunun bir cavabı var. Tələbələr də gələcəyin alimləridir. Xülasə “mən camaatı yaxşılığa dəvət etmişəm və pislikdən çəkindirmişəm” cümləsini yazdım. Mələk mənə qarşı elə sərt davrandı ki, mən hələ onun mənimlə bu tərzdə davrandığını görməmişdim. Bu davranışdan bu maddənin nə qədər məsuliyyətli olduğunu çox gözəl anladım. Mələk səsini ucaldıb sərt halda mənim üstümə elə qışqırdı ki, elə bildim Sur çalındı. Elə anladım ki, qəbirdən qalxıb hesabat verməyə gedəcəyəm. Sonra özümə gəlib heç də mənim düşündüyüm kimi olmadığını müşahidə etdim.
Mələk mənə xitabən belə buyurdu: Sən elə bir əməlləri yazırsan ki, Allah-Təala məhz o əməllərin vasitəsilə Öz dinini bərpa etdi. Məhz o əməllərin vasitəsilə Peyğəmbər (s) insanları zülmətdən nura çıxartdı. Məhz o əməllərin nəticəsinə əsasən Əli (ə) mehrabda şəhadət şərbətini içdi. Məhz o əməllərin nəticəsinə əsasən Həsən (ə)-ı zəhərlədilər. Məhz bu əməli rəhbər tutaraq Hüseyn (ə) zalımlara qarşı qiyam edib şəhid oldu. Digər din rəhbərləri məhz bu əməli yerinə yetirdiklərinə görə müxtəlif işgəncələrə məruz qalaraq şəhid oldular. Onlardan qabaqkı peyğəmbərlər də məhz bu əməllərinə görə öldürülüblər. Onlardan sonrakı din təbliğatçıları da məhz bu səbəbə görə repressiya qurbanları oldular. Xülasə bu əməl insandan xüsusi dini qeyrət istəyir. Bu əməli həyata keçirmək istəyən şəxs hər an şəhadət şərbətini içməyə sevə-sevə hazır olmalıdır. Bu əməl insandan onun həyatını, valideynlərini, övladlarını ümumiyyətlə bütün var-yoxunu istəyir. Sən bu müqəddəs əməli necə həyata keçirdin? Bu saydığım şərtlər səndə də var idimi? Bunların hamısına sən də razı idinmi? Din sənə bu şərtlər əsasında gəlib çatmışdı. Keçmişdəkilərin xüsusi fədakarlığı nəticəsində sən dini elmləri mənimsəmişdin. Görəsən sən hansı fədakarlıqları İslam üçün etdin və bu dini özündən sonrakılara hansı vəziyyətdə təhvil verdin. O din sənə əmanət olaraq təhvil verilmişdi, görəsən sən də onu olduğu kimi qoruyub saxlaya bildinmi? Keçmişdəkilərin zəhmətlərini puça çıxarmadınmı görəsən?
Bu sözləri eşidə-eşidə ağlayırdım. Ah-naləm yeri-göyü götürmüşdü. Bunları eşitməyə taqətim qalmamışdı. Çünki bunların heç biri məndə olmamışdı. Dünyadakı günlərimə bir də səyahət edək...
Ardı var...
Fərhad Mirzə
islamazeri.az