اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 22.05.2012, 30 Cəmadiyül-axır 1433

Azərbaycanda hər üç tələbədən ikisi ödənişli təhsil alır

Yayım Tarixi: 25.01.2012 12:50
Elm
Yazı ölçüsü: büyüt küçült         

haber
Əli Məsimli: «Tələbələrin əksəriyyəti təhsil haqqını ödəyə bilmir»

Milli Məclisin yaz sesiyasında qəbul olunması gözlənilən qanun layihələrindən biri də «Təhsil krediti haqqında» sənəddir. Layihənin əsas müəllifi olan iqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli  bildirdi ki, hazırda ölkəmizdə hər üç tələbədən ikisi ödənişli təhsil alır, orta təhsil haqqı isə ildə 2000-2500 manat təşkil edir. Tələbələrin heç də hamısı belə maliyyə yükünün öhdəsindən gələ bilmir, ona görə də bu gün qanunun qəbuluna ehtiyac var.
Qanun layihəsinə görə, kreditlər ali və orta təhsil müəssisələrinin maliyyələşdirilməsi üçün veriləcək. O qeyd etdi ki, gələcəkdə belə kreditlərin orta məktəblərin və digər tədris müəssisələrinin şagirdlərinə verilməsi də mümkün olacaq: «Kreditlər kommersiya xarakterli təhsil kreditləri və sosial xarakterli təhsil kreditləri üzrə olmaqla iki formada veriləcək. Onlar təyinat xarakterinə görə də iki istiqamətə ayrıla bilərlər. Kreditlər əsas təhsil xərclərinin ödənilməsi və ya borcalanın təhsil aldığı müddətdə qidalanma, mənzil, nəqliyyat və sair ilə əlaqədar xərclərini ödəmək üçün verilən kreditlər».
Müsahibimiz dedi ki, yeni layihəyə görə, təhsil kreditinin məbləği borcalanın birbaşa təhsil haqqının və təhsillə bağlı digər xərclərinin tam ödənilməsi üçün yetərli olmalıdır: «Təhsil kreditinin birbaşa təhsillə bağlı hissəsinin illik məbləği borcalanın əsas təhsil xərcləri məbləğindən az ola bilməz. Əlaqədar təhsil xərclərinin məbləği, orta aylıq kirayə xərcləri yaşayış minimumunun iki mislindən artıq ola bilməz. Təhsil krediti alan şəxs hər bir təhsil pilləsi üzrə (bakalavriat, magistratura, doktorantura) yalnız bir kredit müqaviləsində iştirak edə bilər».
Bu sənədin inkişaf etmiş ölkələrin təcrübəsi əsasında hazırlandığını diqqətə çatdıran iqtisadçı millət vəkili həmin ölkələrdə təhsil kreditlərinin 3-5 faiz arasında verildiyini vurğuladı: «Qonşu Rusiyada bu rəqəm 5,5 faiz təşkil edir. Azərbaycanda təhsil kreditlərinin 5 faizlə verilməsini məqbul sayıram. Buradakı 2 faiz bankların qazancı ola bilər. Amma bir məsələ də var ki, 23-25 faizə kredit verən bankların 5 faizlə kredit verməsi bəzən mümkün görünmür. Sirr deyil ki, banklar mənfəətlərini daha çox düşünürlər. Bir məqam da ondan ibarətdir ki, təhsil kreditlərinin maksimal faiz dərəcəsi bütün müvəkkil banklar üçün eynidir. Borcalan, aldığı kommersiya və sosial təhsil kreditlərini bu qanunla müəyyənləşdirilmiş qaydada və təhsil kreditləri müqaviləsində nəzərdə tutulan şərtlər daxilində 20 ildən çox olmayan müddətdə qaytarmalıdır. Fikrimcə, banklar buna gedərlər».
Ə.Məsimlinin sözlərinə görə, kreditlər dövlət vəsaiti, bankların vəsaitləri və qanunla qadağan olunmayan digər vəsaitlər hesabına verilə bilər: «İlkin maliyyələşmə üçün dövlət büdcəsindən ildə 15 milyon manat vəsaitin ayrılması tələb olunur ki, bu da büdcədən təhsil üçün ayrılan vəsaitin bir faizindən azdır. Onlar büdcədə təhsil üçün nəzərdə tutulan vəsaitdən ayrılmayacaq, əlavə xərc maddəsidir. Amma məsələ ondadır ki, təhsil kreditlərinin mənbəyi təkcə dövlət vəsaiti olmamalıdır. Banklarda öz maliyyə resurslarından bu məqsədlə istifadə edə bilərlər. Təcrübəsini araşdırdığım ölkələrdə təhsil kreditlərini maliyyələşdirmək üçün mütləq büdcədən vəsait ayrılır. Əgər dövlət vəsait ayırarsa, deməli, Mərkəzi Bank faiz dərəcələrinin aşağı olmasını şərt kimi qoya bilər. Bilirsiniz, dövlət bu prosesə dəstək verməsə, xüsusən ilkin beş ildə yardımçı olmazsa, qanun qəbul edilsə də, kağız üzərində qalacaq. Yenə də aztəminatlı ailələrin uşaqları ali təhsil almayacaqlar, ali təhsil alanların sayında artım olmayacaq. Bu qanun dövlətin və təhsil almaq istəyənlərin hüquqlarını müdafiə edir».
İqtisadçı millət vəkili deyir ki, layihə qəbul edilərsə 600-dən yuxarı bal toplayanlar təhsil haqqından azad olacaqlar: «Etiraf edim ki, bu, barmaqla sayılcaq qədər tələbəni əhatə etsə də, çox mühüm məsələdir. Bundan başqa, aztəminatlı təbəqə üçün verilən təhsil kreditinin faizsiz olması önə çəkilib. Əgər həmin tələbə bakalavrı əla qiymətlə bitirərsə, avtomatik olaraq təhsil kreditini qaytarmaq öhdəliyi ləğv edilir və dövlət bu xərci öz üzərinə götürmüş olur. Bu da gənclərdə stimul yaradır ki, onlar yaxşı oxusunlar».
Onun sözlərinə görə, layihədə qeyd olunur ki, təhsil kreditini tələbənin əvəzinə işlədiyi və ya istənilən müəssisə ödəyə bilər: «Bir sıra sivil ölkələrdə dövlətlə yanaşı, xeyriyyə cəmiyyətləri tələbələrin təhsil xərclərini öz üzərinə götürür. Türkiyədə böyük təşkilatlar təhsil təqaüdləri təyin edirlər ki, dövlət də bunun müqabilində onlara vergi güzəştləri edir. Ölkəmizdə bu kimi güzəştlər olmadığından böyük müəssisələrin tələbələrə təqaüd təyin etməyə marağı yoxdur. Ona görə də bu prosesdə ağırlıq dövlətin üzərinə düşəcək. Razıyam ki, dünyada beynəlxalq təşkilatların kredit xətləri var. Amma bizdə ilkin mərhələdə bu ağır yükü dövlət özü üzərinə götürməlidir».
Müsahibimiz dedi ki, ki layihədə kreditin təhsil haqqından aşağı verilməməsi göstərilib: «Məsələ ondadır ki, bir sıra ölkələrdə bu məbləğ aşağı nəzərdə tutulur. Məsələn, təhsil haqqı 1500 manatdırsa, 800-900 manat verilir. Təhsil kreditinin maksimum məbləği ona görə müəyyən edilməyib ki, gələcəkdə bu kimi problemlər ortaya çıxmasın. Tələbənin təhsil haqqı bu il 1000 manatdırsa, bank 1000 manat verəcək. Gələn il universitet təhsil haqqını əlavə olaraq 200 manat yüksəldəcəksə, tələbə müvafiq arayışı gətirdikdə bank da universitetin hesabına 1200 manat pul köçürəcək».
Qeyd edək ki, «Təhsil kreditləri haqqında» qanunun və müvafiq proqramın reallaşması vəziyyəti Hesablama Palatasının illik hesabatına salınacaq və ildə bir dəfə Milli Məclisə hesabat veriləcək.
/Üç nöqtə/

islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768