Art Kamp Mübariz İbrahimov adına Gənclərin I Ümumrespublika Teatr Festivalı çərçivəsində baş tutacaq.
Azərbaycanda keçiriləcək Mübariz İbrahimov adına Gənclərin I Ümumrespublika Teatr Festivalı ilə bağlı mətbuat konfransı keçirilib. Tədbirdə festivalın ideya müəllifi millət vəkili Jalə Əliyeva, icraçı direktoru Ramil Ağasıyev, bədii rəhbəri Əfsələddin Ağalarov, gənclər və idman nazirinin müavini İntiqam Babayev və başqaları iştirak edib.
Festivalın keçirilməsində məqsəd Mübariz İbrahimovun böyük vətənpərvərlik nümunəsini Azərbaycan gənclərinə təbliğ etmək və onun qəhrəmanlığını əbədiləşdirməkdir. Festivala əsasən yaradıcı gənclər qatılıb. İyul ayından etibarən start verilən festivalın təşkilatçıları bu müddət ərzində bölgələrdə yaradıcı gənclərin axtarışına çıxıb və nəticədə 4 rayonun gənclərini bu festivala cəlb etməyə nail olublar. Beləliklə festivalda İsmayıllı, Ucar, Mingəçevir, Zaqatala rayonlarının və 8 paytaxt truppası daxil olmaqla 110 gənc iştirak edir.
Milli qəhrəmanın xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda teatr festivalı “Sağlam düşüncə” İctimai Birliyi (İB), Gənclər və İdman Nazirliyinin, habelə Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsidir. Festivalın devizi kimi Heydər Əliyevin ”Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” fikri seçilib.
Festivalın tamaşaları 28, 29, 30 noyabrda Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş olunacaq. Tamaşalara baxış pulsuzdur. Festivalın bağlanışı dekabrın 1 - də olacaq. Həmin gün Gənc Tamaşaçılar Teatrında böyük bir qala konsert keçiriləcək.
Tamaşalar nümayiş olunacaq günlərdə isə peşəkarlardan ibarət münsiflər heyəti qran-pri, 2-ci və 2-cü yerləri, eyni zamanda ən yaxşı ssenari, ən yaxşı rejissor, ən yaxşı qadın və kişi rolları və.s nominasiyalar üzrə qalibləri seçəcəklər.
Festival çərçivəsində istər peşəkar, istərsə də həvəskar gənc teatr kollektivlərində, habelə ali və orta məktəb tələbə və şagirdləri arasında seçim aparılıb. Festival çərçivəsində ölkədə ilk dəfə Art Kamp keçiriləcək. Art-kampda peşəkar aktyor və rejissorlar tərəfindən pulsuz ustad dərsləri və müxtəlif janrlarda seminarlar təşkil ediləcək.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev öz çıxışında layihənin maraqlı və aktuallığını əsas gətirərək festivalın ənənəvi xarakter daşıyacağını və bundan sonra hər il keçiriləcəyini nəzərdə tutduqlarını bildirdi.
Festivalla bağlı bölgələrdə yaradıcı gənclərin axtarışına çıxan festivalın icraçı direktoru Ramin Ağasiyev təəsüratlarını belə bölüşdü: "Bölgələrdə kifayət qədər istedadlı gənclərimiz var. Amma onların özlərinə inamı azdır. Biz onlara festivalda iştirak etmələrini təklif edəndə, dedilər ki, "onsuz da bütün yerlər tutulub, qatılmağımızın nə əhəmiyyəti?". Mən onları inandırdım və festivalda iştirak etməyə razı saldım. Qeyd edim ki, bu festivalda Bakı Slavyan Universitetindən 2 truppa iştirak edir. Düşünürəm ki, rəqabət güclü olacaq. Çünki gənclər festivala yüksək səviyyədə hazırlaşırlar”.
Bakı Bələdiyyə Teatrının direktoru Amaliya Pənahova festivalın keçirilməsi təşəbbüsünü dəstəklədiyini deyib: “Sağlam gəncliyimiz var və bu gəncliyi doğru istiqamətləndirməliyik. Mənəviyyat ədəbiyyatla, teatrla, kino ilə formalaşır. Bu baxımdan gənclərimizin vətənpərvər ruhda tərbiyə olumasında bu festivalın rolu böyükdür."
Qeyd edək ki, “Sağlam düşüncə” İctimai Birliyi (İB) tərəfindən həyata keçirilən Mübariz İbrahimov adına Gənclərin I Ümumrespublika Teatr Festivalı, Gənclər və İdman Nazirliyinin, habelə Mədəniyyət və Turizm nazirliyinin birgə layihəsidir.
islamazeri.az