Qəbələ RLS-in statusuna dair sənədin tezliklə imzalanması üçün danışıqlar davam etdiriləcək
Rusiyanın Müdafiə Nazirliyində Qəbələ RLS-in statusu ilə bağlı Azərbaycan-Rusiya danışıqlarının növbəti raundu olub. Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, danışıqlarda Qəbələ RLS-in statusu, istifadə şərtləri və prinsiplərinin əks olunduğu dövlətlərarası müqavilənin müddətinin uzadılmasına dair müzakirələr aparılıb. Tərəflər sənədin tezliklə imzalanması üçün danışıqların davam etdirilməsi barədə razılığa gəlib.
Məsələ ilə bağlı fikirlərini açıqlayan ekspertlər hesab edir ki, görüşdə elə bir ciddi nəticə əldə olunmayıb və tərəflər arasında hələ də həll olunmamış məsələlər qalmaqdadır. Rusiya və Azərbaycan tərəfləri bir daha mövqeləri nəzərdən keçiriblər.
Politoloq Rasim Musabəyov hesab edir ki, Rusiyada prezident seçkilərinə cəmi bir ay vaxt qaldığı üçün bu məsələnin həlli bir qədər ləngiyəcək. Buna baxmayaraq, mütəxəssis vurğulayır ki, Azərbaycanın bu hərbi obyektlə bağlı məsələdə razılığa gəlməsi Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı götürəcəyi öhdəliklərdən də asılı ola bilər. Rusiyanın əsas istəyi isə 2017-2019-cu illərə qədər inşası gözlənilən “Voronej-VP” yeni radiolokasiya stansiyasının tikintisinə qədər Qəbələ RLS-nin istifadə müddətini uzatmaqdır.
Politoloq Rasim Musabəyovun sözlərinə görə, hələlik bu mövqeləri tam yaxınlaşdırmaq mümkün olmayıb: “Bu təkcə Qəbələ RLS və onun Azərbaycanda hansı şərtlərlə - köhnə RLS-in istifadəsi və ya yeni stansiyanın qurulmasına dair razılığın əldə olunması ilə bağlı deyil. Bunun daha geniş konteksti var. Burada ABŞ-ın, NATO-nun və Türkiyənin yanaşması var. Bundan başqa, Rusiyanın Azərbaycanın təhlükəsizliyi ilə bağlı öz mövqeyi var”.
Xatırladaq ki, Azərbaycanın Qəbələ rayonunda yerləşən və 1985-ci ildə istifadəyə verilmiş “Daryal” tipli RLS SSRİ-nin raketdən müdafiə kompleksinin 8 əsas stansiyalarından biri olub. Hazırkı müqavilə ilə Rusiya Qəbələ Radiolokasiya Stansiyasının icarəsinə görə, ildə 7 milyon dollar ödəyir. Bu ilin sonunda Qəbələ Radiolokasiya Stansiyasının icarə müddəti başa çatır.
Ekspertlərin sözlərinə görə, Azərbaycan bu məbləği 15 milyon dollara qədər artırılmasını istəyir. Bundan əvvəl, Azərbaycanın bir sıra əlavə şərtlər irəli sürdüyü barədə məlumatlar yayılsa da, Rusiyanın xarici işlər naziri Sergey Lavrov onları təkzib edərək əsas məsələnin icarə haqqı olduğunu demişdi. Lavrov iki ölkə arasında icarə məsələsində prinsipial fərqin olmadığını bildirmişdi.
Qəbələ radiolokasiya stansiyası Rusiyanın hava hücumundan müdafiə sisteminin mühüm elementi sayılır və Yaxın Şərq, Fars körfəzi regionunda hava məkanında baş verənləri izləmək iqtidarındadır.
islamazeri.az