اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 22.05.2012, 30 Cəmadiyül-axır 1433

Başsağlığı əhvalatı (Məqalə)

Yayım Tarixi: 09.01.2012 22:38
Məqalə
Yazı ölçüsü: büyüt küçült         

haber
İnsanın öz əzizini itirməsi dünyanın hər yerində böyük faciə sayılır

Hər bir xalq yas mərasimini öz adət-ənənəsinə, mental dəyərlərinə uyğun keçirir. Əksər müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da təkcə yaxın qohumlar deyil, hətta uzaq tanışlar da əzizini itirmiş adamın kədərinə şərik çıxır, onun dərdini bölüşürlər.Azərbaycanda insanın kədərini ifadə etməsinin müxtəlif üsulları var. Əksər hallarda insanlar hüzr mərasiminə baş çəkir, mərhumun qohum-əqrəbasına şəxsən başsağlığı verirlər. Yazı-pozudan başı çıxan, mətbuatla əlaqəsi olan adamlar isə qəzet vasitəsilə başsağlığı verirlər. Mən, hüzr mərasimində iştirak edən adamın çantasından çıxardığı qəzeti mərhumun qohum-qardaşına öz əlilə təqdim etdiyinin dəfələrlə şahidi olmuşam.Mənə elə gəlir ki, mətbuat vasitəsilə başsağlığı verən adamlar həm də öz adlarının qəzet səhifələrində görünməsində maraqlıdırlar.

Bu həvəs bəzən texniki qüsurlarla müşayiət olunur, komik vəziyyətin yaranmasına səbəb olur. Çoxillik qəzetçilik karyeram dövründə mən ölən adamım özünə başsağlığı verildiyinin, yaxud ölü ilə dirinin dəyişik salındığının dəfələrlə şahidi olmuşam.Mən, “Bu gün” qəzetində şöbə müdiri işləyəndə indi iki uşaq atası olan Elvin Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsi idi. Bir gün Elvin məni arayıb, qrup yoldaşları Elxan Məhərrəmova başsağlığı vermək istədiklərini dedi. Sonra isə mesajla qruplarının nömrəsini, mərhumun adını və dərdinə şərik çıxdıqları tələbə yoldaşlarının ismini mənə göndərdi. Hətta Elvin məni yenidən arayıb, qrup yoldaşları adından öz minnətdarlığını bildirdi.

Elvin mənim qonşum idi. Demək olar ki, biz hər gün üz-üzə gəlirdik. O da yadımdadır ki, başsağlığı qəzetdə çıxandan sonra biz hər dəfə qarşılaşanda, Elvin mənə təşəkkür edirdi. Axırda özümdən 3 yaş kiçik olan qonşuma mənə təşəkkür etməyi qadağan etdim.Bu minvalla aradan xeyli müddət keçdi. Bir gün Elvin məni arayıb, qrup yoldaşları adından Elxan Məhərrəmova verdikləri başsağlığını səhifədən çıxarmağımı xahiş etdi.Əvvəlcə heç nə başa düşmədim. Buna görə də Elvindən söhbətin nədən getdiyini təkrar-təkrar soruşdum. Onun cavabı belə oldu: “Dünən Elxanın atasının “qırx” mərasimi oldu. Özü məndən xahiş etdi ki, daha başsağlığı qəzetdə getməsin”.Qəzetin sonuncu nömrəsini açıb, sürətlə səhifələri çevirdim. 13-cü səhifəyə çatanda, hər şey məlum oldu. Həmin vaxt tanınmış şirkətlərin birindən bir səhifəlik reklam almışdıq.

Redaksiya ilə şirkət arasında bağlanmış müqaviləyə əsasən, həmin reklam 6 ay qəzetdə getməliydi. Elvinin qrup yoldaşlarının verdikləri başsağlığını da həmin səhifədə yerləşdirmişdik. Beləcə, reklamla birlikdə başsağlığı da 40 gün qəzetdə gedib.Ertəsi gün Elvinlə qarşılaşanda, ondan başsağlığının 40 gün qəzetdə dərc olunmasından nə vaxt xəbər tutduqlarını soruşdum. Dedi ki, ilk gündən hamının xəbəri olub. Elxan elə bilib ki, atasının ölümü qrup yoldaşlarını sarsıtdığı üçün onlar kədərlərini bu cür ifadə ediblər...

Seymur Verdizadə 
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768