Alimlərin fikrincə yaxın zamanlarda beynin aktivliyini, qavrama qabiliyyətini və yaddaşı gücləndirən xüsusi həblərin hazırlanması da mümkün olacaq
İslamazeri.az İnternet Qəzetinin "Science"-ə istinadən verdiyi xəbərə görə, Yaponiya alimləri "Matrix" filmindəki möcüzəni gerçəyə çevirməyin bir addımlığında olduqlarını bildiriblər.
Müxtəlif ölkələrdə alimlər tərəfindən insan beyninə kənardan müdaxilə ilə onun imkanlarının artırılması istiqamətində işlərin getdiyi heç kimə sirr deyil, hətta bu ixtiralardan bəziləri müəyyən zamanlarda kütləvi informasiya vasitələrində də işıqlandırılır.
Məsələn Duke Universitetinin alimləri beyninə mikroçiplər yerləşdirilmiş meymuna istədikləri məlumatları ötürə bildiklərini açıqlayıblar.
Daha sonra isə rusiyalı alim Vitali Valtsev düşünmə qabiliyyətinə malik olan və bir uşaq kimi təlim-tədrisə ehtiyacı olan bir kompüter hazırladığını bildirib.
Onun sözlərinə görə bu kompüter "təlim-tərbiyə" olunmazsa onsuzda özü ətrafı müşahidə edərək bir çox şeylər öyrənəcək, lakin bu halda onun arzuolunmaz şeyləri öyrənərək təhlükəli bir cihaza çevrilməsi ehtimalı var.
Yaponiyanın Kyoto Neyronologiya Akademiyasının alimləri isə Matrix filmindəki kimi bir neçə dəqiqə ərzində insan beyninə müxtəlif elmi bilikləri və ya bacarıqlar "yükləməyin" artıq bir addımlığında olduqlarını bildiriblər.
Mütəxəssislərin fikrincə yaxın dövrlərdə hər hansı bir xarici dilin və ya xüsusi bacarıqların insanın hətta yatdığı zaman belə beyninə "yüklənmə"si mümkün olacaq.
FMRİ adlı bir cihaz hazırladıqlarını bəyan edən alimlər, bu cihazın göndərdiyi siqnallar vasitəsilə beyinin aktivliyini artırmağa nail olduqlarını və bunun yuxarıda qeyd edilənləri praktik olaraq həyata keçirməyə şərait yaratdığını qeyd ediblər.
Bununla yanaşı alimlərin fikrincə yaxın zamanlarda beynin aktivliyini, qavrama qabiliyyətini və yaddaşı gücləndirən xüsusi həblərin hazırlanması da mümkün olacaq.
Bu həblər vasitəsilə beyinə zərər vermədən lazımi qədər informasiya beyinə qəbul ediləcək və uzun müddət yaddaşda saxlanıla biləcək.
islamazeri.az