Əgər iki namaz qılan insan bir-birini görəndə bu gün sübh namazına durub-durmadığını soruşursa - Biz Hüseyn (ə) aşiqiyik?
Yezid tuğyan edib balaca Rüqqəyələrin başından hicabını açanda, süst dayanıb susuruqsa - Biz Hüseyn (ə) aşiqiyik?
Əgər öz evimizdə, öz ailəmizdə hicabı bərpa edə bilməmişiksə, “dində məcburiyyət yoxdur” adda “geydirmə şüarı” əlimizdə bayraq ediriksə - Biz Hüseyn (ə) aşiqiyik?
Ruhanilərimizi gözümüzün qarşısında tutub aparırlar, amma səsimiz də çıxmır, “təfriqə yaratmayın” deyiriksə - Biz Hüseyn (ə) aşiqiyik?
Həbsdə olan mömin qardaşlarımızın ailəsini ayda bir dəfə ziyarət etməyə əriniriksə - Biz Hüseyn (ə) aşiqiyik?
Haqqı deyənin sözünü kəsib, kəskin danışma deyib guya “ara sakitləşdiririksə” - Biz Hüseyn (ə) aşiqiyik?
Analarımızın, bacılarımızın başından hicabını açıb, özlərini yerdə sürüyəndən sonra, Quranı ayaq altında atandan sonra yenə xahiş edib yalvarırıqsa - Biz Hüseyn (ə) aşiqiyik?
Yaxud da ancaq “əxlaq, əhkam, nə bilim filan...” danışıb insanları aldadırıqsa - Biz Hüseyn (ə) aşiqiyik?
Nahaqqın gözünə baxıb, haqqı deyən qardaşlarımızın dalınca yüz dənə şəbədə düzüb qoşub orda burda-qeybətini ediriksə - Biz Hüseyn (ə) aşiqiyik?
İmam Zamanın (ə.f) malını ürəyimiz istədiyi kimi yeyib, üstündən su içib oruc tuturuqsa - Biz Hüseyn (ə) aşiqiyik?
“Filankəsçilər”, “bəhmankəsçilər” deyib, bir-birimizdən “hansı məscidin uşağısan” soruşuruqsa - Biz Hüseyn (ə) aşiqiyik?
Ancaq Aşurada Kərbəlanı yada salıb sinə vurub, qalan vaxtlarda dövrün Kərbəlasına göz yumuruqsa - Biz Hüseyn (ə) aşiqiyik?
İslamı “hacılarla”, “kərbəlayilərlə”, “məşədilərlə” ölçüb elm öyrənmiriksə - Biz Hüseyn (ə) aşiqiyik?
Zülmə etiraz etməyib, zalıma zalımsan deməyib, məzlumun haqqını qorumayıb İmam Hüseyni (ə) ziyarətə gediriksə - Biz Hüseyn (ə) aşiqiyik?
Zəmanə İmamını tanımırıqsa, yalnız adını eşidib özünü görə bilmiriksə, onunla dost ola bilmiriksə - Biz Hüseyn (ə) aşiqiyik?
P.S. Yalandır. Boğazdan yuxarıdır danışdıqlarımız. Axı hər kəs özü-özünü daha yaxşı tanıyır. Ən azından özümüz-özümüzü aldatmaqdansa əməllərimizi düzəltsək yaxşı olar içi mən qarışıq. Əli Cəfəri
islamazeri.az