İslamazeri.az-ın "Bizim qonaq" layihəsinin ilk qonağı olan vəkil Anar Qasımlı ona ünvanlanan sualları cavablandırıb
Əvvəlcə bütün sual verən oxuculara təşəkkürümü bildirirəm. Suallarınızı çalışdığım qədər ətraflı cavablandırmağa çalışdım
Nigar xanım
Sual: İslamçıların azadlığa buraxılmaları bu yeni ildə hansı amillərlə bağlıdır?
Cavab: İslamçıların həbsi hüquqdan kənar olduğu üçün hansısa amillərə ümid etmək olmaz. Qanunsuz həbs olunmuş insanlar dərhal azadlığa buraxılmalıdır. Bu Azərbaycan dövlətinin iradəsi olmalıdır. Konstitusiyamıza və qanunlarımıza hörmət amilindən başqa hər hansı bir amilə gərək yoxdur.
Mətanət xanımSual: Üzümüzə gələn 2012-yə planlarınız barədə açıqlama verə bilərsinizmi?
Cavab: 2012-ci ildə də həmişəki kimi vəkilliklə məşğul olacağam, vəkillikdən əlavə, hüquq müdafiəçiliyinə də başlamaq niyyətindəyəm. Eyni zamanda elmi işimi tamamlamaq və qismət olarsa müdafiə etmək fikrim var. Elmi-pedaqoji fəaliyyətimi daha da genişləndirməyi planlaşdırıram.
Rusif Hüseynov
(Tələbə)Sual: Salam, Sualım İslam Partiyasının sədri cənab Hacı Mövsüm Səmədovla əlaqəlidir. Hacı Mövsümün və digər ruhanilərimizin həbsxanadakı vəziyyətləri və səhhətləri necədi? Bir də sualım budur ki, Hacının və digər ruhanilərimizin siyasi məhbus statusu almaları mümkündürmü?
Cavab: Əvvəla onu deyim ki, Hacı Mövsümlə və hüquqlarını müdafiə etdiyim digrə ruhani və dindarlarla mütəmadi olaraq hər həftənin şənbə günləri görüşürəm. Əhval-ruhiyyələri yaxşıdır. Hərdən səhhətlərində kiçik problemlər yaranır və müraciətimiz əsasında zəruri tibbi yardım göstərilir. Onların siyasi məhbus sayılıb-sayılmamasına gəlincə isə, deyərdim ki, müvəkkillərim vicdan məhbuslarıdırlar. Yəni onların heç bir təqsiri yoxdur, sadəcə, dedikləri sözə, cəmiyyətdə müəyyən hadisəslərə etiraz etdiklərinə görə qanunsuz həbs olunublar. Vicdan məhbusundan fərqli olaraq, siyasi məhbusun əməlində cinayət tərkibi olur, lakin onun həbsi törətdiyi cinayət əməli ilə deyil, siyasi motivlərlə bağlı olur, yaxud siyasi motivlərə görə sərt cəzalandırılır vəs. Heç bir günahı, təqsiri olmadan tutulan insanlar isə, vicdan məhbusları hesab olunurlar.İlhamiyyə rzayeva
(Müstəqil jurnalist)Sual: Hörmətli Anar bəy, sizin fəaliyyətinizi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, öz sahəsində vicdan və peşəkarlıqla fəaliyyət göstərmək şərəfli olduğu qədər də çətin məsələdir. Odur ki, Sizə sualı sadəcə vəkil olduğunuz üçün deyil, cəmiyyətdə tanınan və dəyərləndirilən söz sahibi və ictimai xadim kimi verirəm. Sizə elə gəlmir ki, islamofobiya iqtidar və müxalifətin həmrəy olduğu yeganə nöqtədir və sizcə bunun səbəbi nədir?
Cavab: İslamafobiya iqtidarla müxalifətin yeganə həmrəy nöqtəsi olsa da, düşünmürəm ki, onları birləşdirən dəyərdir. 2011-ci ilin olayları açıq-aşkar göstərdi ki, cəmiyyətdə islamafobiyanın miqyası çox böyükdür. Hesab edirəm ki, bu İslamın yanlış təbliği və təqdimatı ilə bağlıdır. Həm müxalifətçilərin, həm də iqtidar mənsublarının dilindən tez-tez “molla dövləti”, “molla rejimi” və s. bu kimi ifadələr eşidirik. Fikrimcə, bunlarım İslama dəxli yoxdur. Eyni zamanda qeyd etmək lazımdır ki, başqa dinlər kimi İslam dininin də siyasiləşmək haqqı var. Ancaq hər hansı bir din siyasiləşirsə, mütləq, müasir ictimai-siyasi və hüquqi dəyərlərlə uzlaşmalıdır.
Musayev Orxan
(Tələbə)
Sual: Sualım bundan ibarətdir ki, hicabın müdafiəsində söz deyib içəridə olanlar yanlış iş görüb tutuldular. Əgər yanlış iş üstündə tutulublarsa, niyə indi minbərdə xütbə deyənlər onlar üçün dua deyirlər? Yoxsa, sükut edən minbər sakinləri yanlış edirlər? Məgər tutulmalarının səbəbi hicabın müdafiəsi üstündə olmayıb? İndi əsas problem yaddan çıxıb tutulanlar haqda dua etməliyik. Tutulanlar bizdən dua istəyir ya onların etdikləri sözləriylə, əməlləriylə hicabın müdafiəsini minbərdə olanların biz dindar təbəqənin vəzifəsi nədən ibarətdir? Rəbbimizin qarşısında üzü ağlardanıq ya yox?
Cavab: Özümü kimin yanlış, kimin doğru etdiyinə qərar verəcək səlahiyyət sahibi hesab etmirəm. Hər kəsin inandığı dəyərlər uğrunda mübarizə haqqı var.
Saleh Şükürov
Sual: Salam. Anar müəllimə vermək istədiyim sual ondan ibarətdir ki, niyə ilin yekunları ilə bağlı bir mətbuat konfransı keçirmədi? Həqiqətən də Anar müəllim 2011-ci ildə çox işlərə imza atıb. Mütləq lazım idi ki, bu barədə geniş informasiya verəydi. İstəyirəm heç olmazsa, qısaca olaraq ötən ilki fəaliyyətini xarakterizə edəydi. Öncədən dərin təşəkkürümü bildirirəm.
Cavab: 2011-ci ildə vəkillik fəaliyyətimin demək olar ki, hər dəqiqəsi mətbuatda dərc olunub. Eynulla Fətullayevin, Mövsüm Səmədovun və digər ruhanilərin, Cabbar Savalanlının, Tural Abbaslının işi hər an mətbuatın və beynəlxalq təşkilatların diqqət mərkəzində olub. Ona görə də, buna xüsusi ehtiyac duymuram ki, ayrıca mətbuat konfransı keçirəm. Təkcə onu deyə bilərəm ki, 2011-ci ildə müdafiəçisi olduğum vicdan məhbuslarının işi üzrə verdiyim yüzlərlə vəsatət və şikayətin heç biri təmin olunmayıb. Nə qədər təzadlı olsa da, 2011-ci ildə ancaq iki dəfə əfv sərəncamına və iki nəfər hicab məhbusunun şərti azadlığa buraxılmalarına sevinməkdən başqa müsbət hadisə olmayıb.
Həsənov Xəyal Vahid oğluSual: Hər şeydən öncə Sizi salamlayır və dəyərli vəkilimiz Anar Qasımlıya sual ünvanlama imkanını bizə yaratdığı üçün islamazeri.az saytına öz dərin minnətdarlığımı bildirirəm.
Anar bəy müdafiə etdiyiniz Hacı Abgül Süleymanovun vəziyyəti ilə bağlı nə deyə bilərsiniz? Ümumiyyətlə Abgül Süleymanovla görüşünüz zamanı əsasən nə kimi söhbətlər edirsiz onun ictimaətə hansı mesajları var. Xahiş edirəm bu barədə geniş danışasınız.
Cavab: Hacı Abgül Süleymanova qarşı silah və narkotiklə əlaqədar ittihamlar irəli sürülüb. Hələlik, istintaq başa çatmadığından detallı məlumat verə bilmirəm. Çünki, rəsmi olaraq, istintaq sirrini yaymamaq barədə öhdəliyə imza atmışam. Ancaq onu deyə bilərəm ki, tezliklə baş tutması gözlənilən məhkəmə prosesində bu işin qeyri-peşəkar rejissorun ssenarisi əsasında hazırlanmasına hamınız şahid olacaqsınız. Oruc tutan insanın cibindən narkotik çıxması heç Hollivud rejissorlarının da ağlına gəlməzdi.
Mehdi Məhərrəmov
(ticarətçi)
Sual: Sizi salamlayıram. Bu ilin ən “vacib” sualını vermək istəyirəm. Anar Qasımlının fikrincə bizə Evrovision lazımdı?
Cavab: Bilirsiniz, bu suala istər təsdiq, istərsə də inkar formada verilmiş cavabın yaşamaq haqqı var. Hər şey məsələyə yanaşma tərzindən asılıdır. Məsələn, mən, 2011-ci ilin müdhiş olaylarından, həbslər dalğasından sonra, 2012-ci ildə Evrovision yarışmasının Azərbaycanda keçirilməsini çox önəmli sayıram və düşünürəm ki, bu fürsətdən maksimum yaralanıb, az da olsa, cəmiyyətin demokratikləşməsinə, siyasi və vicdan məhbuslarının azadlığa buraxılmasına nail olmaq, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq mümkündür. Digər tərəfdən, görəndə ki, Evrovision yarışmasını keçriləcək deyə, insanların mülkiyyət hüququ kobud şəkildə pozulur, evləri uçurdulur, bu zaman öz-özünə sual verirsən: “Mənə Evrovision lazımdır? Təbii ki, yox!”
Sədaqət Əliyeva(evdar qadın)
Sual: Sizcə 2011-ci ili "dindar ovu" ili adlandırmaq olarmı?
Cavab: Ümumiyyətlə, 2011-ci il həbslər ili oldu. Yanvarın 7-də Mövsüm Səmədov və digər AİP funksionerlərinin, ruhanilərin həbsi ilə başlayan il, Cabbar Savalanlının, Bəxtiyar Hacıyevin, Tural Abbaslının və digər Aprelçilərin, Taleh Bağırov və digər hicab məhbuslarının, Abgül Süleymanovun, Arif Qəniyevin, ramin Bayramovun, Nemət Pənahlının, Əvəz Zeynallının və digərlərinin həbsi ilə davam edib tarix oldu. Bu səbəbdən də, tək “dindar ovu” demək düzgün deyil, “siyasi həbslər ili” daha dəqiq ifadə olardı. Kaş ki, 2012-ci il “siyasi azadlıqlar ili” olsun.
Orxan Sükürov
(mühasib)Sual: Sizcə ədalət nədir?
Cavab: Ədalət intuitiv və subyektiv anlayışdır. Mənim ədalətli sandığım bir şeyi siz ədalətsiz hesab edə bilərsiz və ya əksinə. Ədalət anlaşıyını məhdudlaşdıraraq bir tərifə sığışdıracaq qədər ədalətsiz olmaq istəməzdim.
Nurənə Kərimova
(Tələbə)
Sual: Vəkil olmağı qərara alanda nəyi əsas tutdunuz?
Cavab: Hüquqşünaslıq ixtisasına bağlı peşələr içində ən gözəl peşə vəkillikdir. Azadlıq və müstəqillik bu peşənin əsas üstünlükləridir. Bu suala pafoslu cavab vermək istəmirəm, amma bir faktı deyə bilərəm ki, hələ Hüquq fakültəsinin birinci kursunda oxuyanda müəllimlərimizdən birinin gələcəkdə hansı peşəni seçmək istəyərdiniz sualına dair anonym sorğusuna auditoriyanın doxsan faizindən çoxu prokuror cavabı vermişdi. Tək bir nəfərin cavabında vəkil olmaq arzusu vardı. Həmin cavabı mən yazmışdım.
Rəsul Əkbərov
(hüquqşünas)Sual: 2011-ci ildə bir çox vəkillərə qarşı təqiblər oldu. Elçin Namazov, Osman Kazımov, Xalid Bağırovun Vəkillər Kollegiyasından çıxarıldı. Sizcə bunun səbəbi nədir? Sizə qarşı da təzyiqlər olubmu?
Cavab: Bir dəqiqləşdirmə edim ki, Osman Kazımov Kollegiyaya bərpa olunub, Xalid Bağırov isə, Kollegiyadan çıxarılmayıb, fəaliyyəti bir il müddətinə dayandırılıb və bu müddət bitəndən sonra o, fəaliyyətini davam etdirəcək. Hər bir halda, 2011-ci ildə vəkillərlə bağlı baş verənlər, vəkillərə qarşı təqib və təzyiqlər ümumilikdə, cəmiyyətdə baş verən qanunsuzluq və özbaşınalıq hallarının bir tərkib hissəsi idi. Adlarını sadaladığınız vəkillərin hamısı vicdan məhbuslarının işlərində fədakarlıq göstərən, prinsipial nümayiş etdirən, vəkil adını şərəflə və vicdanla daşıyan şəxslərdir. Təbii ki, bu amillər vəkilliyin güclənməsində, nüfuzunun atmasında maraqlı olmayan qüvvələri narahat etməyə bilməzdi. Müdafiəçi olduğum siyasi işlərlə bağlı ara-sıra təqib və təzyiqlər olur.
Nəriman Qəhrəmanov
(oxucu)
Sual: Hüquq müdafiəçiləri niyə müxalifətlə dindarlara fərq qoyurlar. Ax məhbus elə məhbusdur da...
Cavab: Mən də sizin sualınıza qoşularaq onu hüquq müdafiəçilərinə yönləndirirəm.
Nərminə Mehtiyeva(kompüter müəllimi)Sual: Azərbaycandan başqa hansı ölkələrdə vəkil olmaq istərdiniz?
Cavab: Ancaq Azərbaycanda.
Nüsrət Əliyev
(tərcüməçi)
Sual: Bu vaxta qədər müdafiə etdiyiniz şəxslərdən ən çox hansı sizin üçün daha əhəmiyyətli olub?
Cavab: Müdafiə etdiyim şəxslərlə bağlı bu və ya bu kimi digər təsnifatlar üzrə bölgü aparmıram.
Vasif Nərimanoğlu
(hərbçi)Sual: Deyirlər ki, Bakıda "Gey parad olacaq" buna münasibətiniz?
Cavab: Mənim üçün çox maraqlıdır, görəsən, Bakıda mitinq keçirmək üçün edilmiş müraciətləri “başqa şəxslərin istirahətinə, nəqliyyatın intensive hərəkətinə mane olmaq” bəhanəsi ilə, məqsədəuyğun saymayan Bakı şəhər icra hakimiyyətinin bu parada münasibəti necə olacaq? Əgər, onlar icazəsiz parad keçirsələr, polis aprel və may aylarında olduğu kimi davranacaqmı?
Könül Hacıyeva(tələbə)Sual: Həyatda ən çox kimə etibar edirsiniz və niyə?
Cavab: Daha heç kimə etibar etmirəm.
Ehtiram Vəliyev(usta)Sual: Anar bəy, necə düşünürsünüz Hacı Mövsüm 12 il həbsdə qalacaq ya?
Cavab: İnanıram ki, Hacı Mövsüm və başqa dindarlar tezliklə azad ediləcəklər.
Hüsniyyə xanımSual: Bu vaxta qədər müdafiə etdiyiniz şəxslərdən neçəsi bəraət alıb?
Cavab: Əsasən vicdan məhbuslarını, siyasi fəalları müdafiə etdiyim üçün, hələ bəraət hokum dinləməmişəm.
Fatimə Əlizadə
(müəllimə)Sual: Anar Qasımlı müharibə olsa vəkil xalatını çıxarıb əsgər paltarı geyərmi?
Cavab: Bu suala indi verəcəyim cavab pafoslu səslənə bilər. Odur ki, hələlik lazımın gəlməsini gözləyək.
Tural HəsənovSual: Anar bəy islamçıları müdafiə edirsiniz, qorxmursunuz?
Cavab: Burda qorxulu nə var ki? Hər kəsin müdafiə haqqı var. Müdafiə etmək isə, bizim peşəmizdir.
Səbinə MuxtarovaSual: Karieyranız ərzində ən maraqlı işiniz hansı olub?
Cavab: Ruhani Taleh Bağırovun işi çox maraqlı iş oldu. Həmin işdən bir epizod deyim. İstintaqda Talehi guya tanıyaraq üzünə dayanan “şahid” polis əməkdaşı məhkəmədə onu tanımadı. Həm Taleh Bağırov həm də digər təqsirləndirilən şəxs Elşən Abbasov eynək taxdıqları üçün, “şahid” çaş-baş qalaraq, “tərslikdən bunların ikisin də gözündə “oçki” var, mən nə bilim hansı Talehdir” dedi. Bu o deməkdir ki, həmin şahid yalançı şahiddir. Onu öyrədiblər ki, gözündə oçki olan Talehdir, lakin bir məqamı unudublar ki, Elşənin də gözündə eynək var. Polis isə, çaş-baş qalıb.
Gülşən ƏhmədovaSual: Günahı olan bir şəxsi müdafiə edərdinizmi?
Cavab: Əlbəttə. Şəxsin təqsirli olması o demək deyildir ki, onu müdafiə etmək olmaz.
Qismət RəhimliSual: Anar Qasımlı, İslamçılara niyə bəraət verilmədi? Sizcə onlar günahkardır?
Cavab: İslamçılara bəraət vermək üçün yalnız qanunlara tabe olan azad vəmüstəqil hakimlər (məhkəmə) yoxdur.
Mehman QuliyevSual: Həyatda ən çox nə qazanıb nə itirmisiniz? (Bu yaşınıza qədər təbii ki...)
Cavab: Qazandıqlarımız və itirdiklərimiz hər zaman olub və olacaq da, bu normal prosesdir. Heç vaxt qazandıqlarımı və itirdiklərimi hesablamıram.
islamazeri.az