اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 22.05.2012, 30 Cəmadiyül-axır 1433

"Bu din sahəsini qəbristanlıq mollalarına verməkdir"

Yayım Tarixi: 17.11.2011 15:55
Müsahibə
Yazı ölçüsü: büyüt küçült         

haber
İlahiyyatçı ekspert, fəlsəfə doktoru Elşən Mustafaoğlunun müsahibəsi

Noyabrın 15-də Milli Məclisin Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə etdiyi dəyişikliklərə münasibətinizi bilmək istərdik. Qanunvericilikdəki yeniliklər dini fəaliyyətdə qadağaları sərtləşdirir. Bundan əvvəl də “Dini etiqad azadlığı” haqqında qanuna eyni xarakterli dəyişikliklər olub. Dini qanunvericiliyə bu qədər dəyişiklik hansı ehtiyacdan doğur. Bu nə qədər vacibdir?

- Bəlkə də qanunlarımız içində ən çox dəyişikliklərə məruz qalan “Dini etiqad azadlığı” haqqında qanun və onunla əlaqədar digər hüquqi aktlardır. Əgər əlavə və dəyişikliklər dövrün tələblərindən, cəmiyyətimizin inkişaf dinamikasından irəli gəlirsə, bunu normal hesab etmək lazımdır. Amma Milli Məclisin az qala hər sessiyasında dinlə bağlı qanunvericilikdə dəyişikliklərin edilməsi maraqlı görünür. Bu onu göstərir ki, düzəlişlər üzərində çalışan mütəxəssislər dini etiqadla bağlı şəraiti daha dərindən təhlil etməli, daha incəliklə araşdırmalıdırlar ki, irəli sürdükləri yeni düzəlişlər uzun müddət işlək vəziyyətdə olsun, onu hər üç-dörd aydan bir dəyişməyə ehtiyac qalmasın.Bir mühüm məqamı qeyd edim ki, din azadlığı - vicdan azadlığı və ümumiyyətlə insan haqlarının ayrılmaz hissəsidir. Adından da göründüyü kimi, müvafiq qanunumuz da məhz “Dini etiqad azadlığı” adlanır. Yəni söhbət insanların dinlə bağlı azadlıqlarından gedir, məhdudiyyətlərindən, qadağalarından yox. Deməli, qanun və onunla bağlı bütün digər hüquqi aktlar tam mənası ilə vətəndaşlarımızın dini etiqad azadlığını təmin etməlidir. Bu məntiqlə qanunvericiliyə düzəlişlər edildikdə məqsəd məhz vətəndaşlara verilən azadlıqların əhatə dairəsini daha da genişləndirmək olmalıdır. İnsan haqları və azadlıqların, o cümlədən din və vicdan azadlığının təmin olunması istənilən cəmiyyət və dövlətin ümumi inkişafı baxımından təməl prinsiplərdəndir. Əgər düzəlişlər yeni məhdudiyyətlərə, qadağalara, hətta ən sərt cəza növlərinə, böyük məbləğdə cərimələrə, həbslərə şərait yaradacaqsa, o halda etiraf etməliyik ki, bu düzəlişlər vətəndaşlarımızın konstitusion haqlarını məhdudlaşdırmış olur.Azərbaycan Konstitusiyası tam mənası ilə dini etiqad azadlığını tanıyır və bütün qanunlar, onlara edilən düzəlişlər əsas qanunumuzun tələblərinə cavab verməlidir. Konstitusiyamızın 48-ci maddəsində göstərilir ki, hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək və dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ var. Həmin maddədə deyilir ki, dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyilsə, sərbəstdir. Konstitusiyanın sərbəst elan etdiyi bir hərəkətə görə insanı cinayət məsuliyyətinə cəlb etmək olarmı? Dinlə bağlı bütün qanunvericilik aktları məhz konstitusiyamızın bu tələbini əks etdirməli, bunun mexanizmini açıqlamalıdır, bu təməl prinsipləri kobud şəkildə məhdudlaşdırmalı deyil. Ölkədə hər kəs öz dini inancını ifadə etməkdə və yaymaqda sərbəst olmalıdır.

- Qadağalar qoyulur, amma ictimaiyyətin bununla bağlı etiraz bildirmək imkanları çox məhduddur. Misal üçün, dəfələrlə dini kəsimin Bakı Şəhər İcra Hakimiyyətinə aksiyalarla bağlı müraciətləri olub, lakin oradan “yox” cavabı verilib. Qanunlarda qadağalar, sərbəst toplaşmaq hüququndan istifadəyə qadağalar... Sizcə, hakimiyyətin bu addımları dini kəsimin radikallaşmasına gətirə bilərmi?

- Bir daha vurğulayım ki, din və vicdan azadlığı əslində insan haqlarının ayrılmaz hissəsidir. Əgər vətəndaşlar nədənsə narazıdırlarsa və öz etirazlarını bildirə bilmirlərsə, onların konstitusiyamızda təsbit edilmiş sərbəst toplaşmaq haqqı pozulursa, bu artıq yalnız cəmiyyətin inanclı təbəqəsinin problemi deyil, ümumi insan haqları problemidir. İnsan haqları pozulan cəmiyyətdə inanclıların da, digərlərinin də haqları pozulmuş olur. Bu baxımdan söhbət yalnız dini kəsimin radikallaşmasından deyil, ümumiyyətlə cəmiyyətdə radikallıq meyllərinin artmasından gedir.İnsanlara sərbəst şərait yaradılsa ki, sözlərini rahat deyə bilsinlər, qanuni qaydada etiraz aksiyaları keçirsinlər, tənqidi fikirlərini sərbəst ifadə edə bilsinlər, o zaman heç kəs qeyri-qanuni aksiyalar haqda düşünməz, radikal meyllər yaranmaz. Biz konstitusiyamızda təsbit edilmiş haqları insanlara verməyəcəyiksə, bəs onda konstitusiyanın mahiyyəti nədən ibarətdir? Sualınıza qayıdaraq bir daha qeyd edim ki, problem ümumi insan haqları ilə bağlıdır. O öz həllini taparsa, hamının, o cümlədən inanclı insanların da, dini kəsimin də bu sahədə müşkülləri öz həllini tapar. Əks halda cəmiyyət radikallaşa bilər.

- Bu radikallıq kimlərə sərf edə bilər?

- Yalnız Azərbaycanı istəməyənlərə. Cəmiyyətdə gərginlik artarsa, bundan ölkəmiz yalnız zərər görər. Azərbaycana bədxah münasibət bəsləyənlər isə sevinər. Onlar hər an sanki pusquda dayanıb belə bir əlverişli şəraitin yaranmasını gözləyirlər. Biz axı nə üçün onlara fürsət yaradaq? Bu gün bizim milli birliyə ehtiyacımız var. Qarabağ dərdi olan ölkədə insanları niyə bir-birindən incik salaq? Hər kəs atdığı addımları ilə mövcud problemləri həll etməyə, gərginliyi aradan qaldırmağa çalışmalıdır, onu bir az da qızışdırmağa yox.İnanclı insanların konstitusion haqqı olan hərəkətlərə görə onları ağır cərimə və həbslərlə təhdid etmək, zənnimcə, gərginliyi aradan qaldırmağa xidmət etmir. Bu gün vətənimizin əmin-amanlığı, rifahı, inkişafı naminə cəmiyyətimizdə barışığa doğru addım atmalı, insan haqlarını rəhbər tutaraq hətta bizim kimi düşünməyənləri, əqidə fərqliliklərini qəbul etməliyik. Plüralizmin və barəsində çox danışdığımız tolerantlığın mənası budur. Başqa cür düşünənlərə qara yaxmamalı, onları kənar qüvvələrə xidmət etməkdə suçlamamalıyıq. Əksinə, barışıq dili tapmağa səy göstərməliyik. Lakin son düzəlişlərin tonunda sanki aqressiya hiss olunur. Bu isə, məncə, ölkəmizin maraqlarına cavab vermir.

- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyir ki, xaricdə dini təhsil alanlarda milli və dövlətçilik təəssübkeşliyi olmur. Sizcə, buna hansısa əsas varmı?

- Bu sözlərə görə çox təəssüflənirəm. Xaricdə dini təhsil almış vətəndaşların hamısının üstündən belə qara xətt çəkmək görün nə qədər xoşagəlməz haldır. Əgər bu, kənar təsirlərə hesablanaraq deyilibsə, ölkədən kənarda təhsil alıb-almamasından asılı olmayaraq istənilən şəxs xarici təsirlərə məruz qala bilər. Bu gün Azərbaycandan bir dəfə belə kənara çıxmayan yüzlərlə, bəlkə minlərlə insan yad təfəkkürlərə, ideyalara xidmət edir. Əvəzində xaricdə təhsil almış nə qədər vətəndaşımız müxtəlif sahələrdə ləyaqətlə vətənə xidmət edir. O üzdən Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğundan, demokratik ənənələrdən söhbət getdiyi bir zamanda mülahizələrdən, fərziyyələrdən çıxış edib din mütəxəssislərinin, alimlərin fəaliyyətini məhdudlaşdırmaq məntiqsizlik olardı. Üstəlik, konstitusiyaya əsasən, hər bir vətəndaş azad təhsil almaq hüququna malikdir.Siz diqqət yetirin, sədr müavini deyir ki, guya xaricdə məhz dini təhsil alanlarda milli və dövlətçilik təəssübkeşliyi olmur. Tutalım, iki dost xaricə gedib təhsil alır - biri islam dini ixtisası üzrə, digərisə siyasi elmlər və ya iqtisadiyyat üzrə. İndi nə üçün məhz o dini təhsil alan tələbədə dövlətçilik təəssübkeşliyi olmasın, amma gecə-gündüz onunla birlikdə olan qeyri-dini təhsil alan tələbədə olsun? Sədr müavini xaricdə məhz dini təhsil almış şəxslərdə milli və dövlətçilik təəssübkeşliyinin olmadığını, bu səbəbdən də onların milli kadr sayılmadığını vurğulayıb. Bəs onda hansı məntiqlə xaricdə qeyri-dini təhsil alanlar milli kadr sayılır? Baxın, bu gün ölkəmizdə çoxlu sayda kadr var ki, xaricdə siyasi, iqtisadi və hərbi təhsil alıb və hazırda ən yüksək, həm də olduqca strateji, həssas vəzifələrdə çalışır. Bu vəzifələri molla və ya axundla müqayisə etmək olmaz! Necə ola bilər ki, xaricdə təhsil alıb elə həssas vəzifələrdə çalışmaq, ordu generalı olmaq, strateji bir sahəyə rəhbərlik etmək normal qəbul edilsin, onlar milli kadr sayılsınlar, amma kiçik bir çevrədə insanlara Allahdan-dindən, mənəviyyatdan danışan mütəxəssislər milli kadr hesab olunmasın, təhlükə mənbəyi kimi qəbul edilsinlər? Üstəlik, nəzərə alaq ki, qanunvericiliyə edilən düzəliş islam dininə aiddir. Deməli, xaricdə qeyri-islam dini təhsili almış şəxslərdə milli və dövlətçilik təəssübkeşliyi olur, onlar bizim milli kadrlarımız hesab edilir, amma millətin mütləq əksəriyyətini təmsil edən müsəlmanlar oyundankənar vəziyyətdə elan edilir?

- Məhdudiyyət yalnız islam dininə aid ayin və mərasimlərin Azərbaycandan kənar təhsil almış vətəndaşlar tərəfindən həyata keçirilməsinə şamil edilir?

- Təəssüflər olsun ki, belədir. Əlbəttə, bizim mövqeyimiz budur ki, bu məhdudiyyətlər ümumiyyətlə heç bir dinə şamil edilməsin. Sadəcə qeyd edim ki, İnzibati Xətalar Məcəlləsinin bu bəndi, eləcə də müvafiq qanunda olan bu müddəa konstitusiyamıza ziddir. Konstitusiyamızın “Din və dövlət” adlanan 18-ci maddəsində kifayət qədər aydın göstərilir ki, bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Amma şahidi olduğumuz kimi, dini təhsil mövzusunda bu prinsipə zidd olaraq məhdudiyyətlər yalnız islam dininə şamil edilir. Yəni, məsələn, pravoslav, yaxud yəhudi və ya buddist xaricdə dini təhsil alaraq Azərbaycanda dini fəaliyyət göstərə, dini məclislər idarə edə bilir, amma müsəlman buna görə külli miqdarda cərimə və ya həbslə cəzalanır. Buna mən yalnız heyfsilənirəm ki, inanclı müsəlmanlara qanunvericilik səviyyəsində ayrı-seçkiliklə yanaşılır və qeyri-səmimi münasibət bəslənilir.

- Ümumiyyətlə, xaricdə dini təhsil almağa ehtiyac varmı?

- Əvvəla, bu, vətəndaşın konstitusion hüququdur - hər kəs istədiyi ölkədə istədiyi ixtisasa uyğun təhsil almaq haqqına malikdir. Üstəlik, nəzərə alaq ki, 70 il dinsiz sovet rejimi dövründə vətəndaşlarımız Azərbaycanda ilahiyyat təhsili almaq imkanlarından məhrum olublar. İmperiya süqut etdikdən sonra mənəvi tələbatdan irəli gələrək gənclər təhsil almaq məqsədilə xaricdəki ən məşhur ilahiyyat universitetlərinə, elmi-dini mərkəzlərə yollandılar. Onların arasında dövlət xətti ilə göndərilənlər də oldu. Hətta dövlət səviyyəsində BDU-nun ilahiyyat fakültəsinə digər ölkələrin din mütəxəssisləri dəvət olundu və onlar müqaviləyə əsasən indiyədək orda çalışırlar. Xaricdə təhsil almış dindarlar Azərbaycan dövlətinin qanunları və mənafeyi çərçivəsində fəaliyyət göstərirlər. Əgər kimlərsə qanunazidd hərəkətlərə yol verirsə, onun barəsində hüquq mühafizə orqanları müvafiq ölçü götürür. Bu məhz onların vəzifəsidir. Onlar da bu işin öhdəsindən layiqincə gəlirlər. Lakin durub qanunvericilik səviyyəsində məhz islam dini mütəxəssislərini səbəbsiz-filansız islam maarifçiliyindən, mərasimləri aparmaqdan məhrum etmək konstitusiyada göstərilən din azadlığını məhdudlaşdırmaq, insan haqlarını pozmaq deməkdir.

- Ölkədə xaricdə təhsil almış xeyli şəxs var. İndiki qadağalar şəraitində onlar nə ilə məşğul olmalıdırlar? Tövsiyələriniz.

- Çox aktual məsələyə toxundunuz. Qafqaz Müsəlmanları İdarəsinin sədri, hörmətli şeyxülislam Hacı Allahşükür Paşazadə, onun müavini Hacı Salman Musayev, İslam Universitetinin rektoru Hacı Sabir Həsənli də xaricdə islam təhsili alıblar. İndi tutaq ki, Misirin “Əl-Əzhər” Universitetində təhsil almış möhtərəm Hacı Salman Musayev haradasa mərasim aparır, xütbə oxuyur. Bu zaman gəlib ona deyəcəklər ki, dini təhsilinizi xaricdə aldığınıza görə sizin mərasim aparmağa hüququnuz yoxdur. Siz qanunu pozursunuz. Buna görə Qafqaz Müsəlmanları İdarəsinin sədr müavinini külli miqdarda pul cəriməsimi edəcəklər? Acı gülüş doğurur, deyilmi?Təsəvvür edin ki, sabah bir qanun çıxarılır və xaricdə hərbi təhsil almışlar ordumuzdan qovulur. Aydındır ki, söhbət ən yüksək vəzifədə olan hərbiçilərimizdən gedəcək. Yaxud xaricdə iqtisad, yaxud tibb sahəsində təhsil alanlarımıza qarşı eyni qadağa qoyulur. Görün bu sahələr nə vəziyyətə düşər. İndi xaricdə islam təhsili almış mütəxəssisləri səhnədən çıxarmaq din sahəsini qəbiristanlıq mollalarına təhvil verməkdir. Uzun illər bilik və bacarığını ilahiyyat elmlərinə sərf etmiş vətəndaşlarımız səhnədən kənarlaşdırılırsa, bu insanlar bəs nə ilə məşğul olsunlar? Zənnimcə, elmi fəaliyyətlərini, maarifçilik işlərini davam etdirməli, cəmiyyətimizin mənəvi saflığına, ilahi-mənəvi dəyərlərimizin təbliği ilə məşğul olmalıdırlar. Cəmiyyətimizin buna ehtiyacı var. İnsanları mənən saf həyat sürməyə səsləyən insanları cinayətkar elan etmək olmaz.Bir daha qeyd edim, konstitusiyamız dini yaymaq hüququnu tanıdığı və dəstəklədiyi halda buna görə 5 ilədək həbs, yaxud 5-9 min manat cərimə tətbiq etmək düzgündürmü? Belə addımlarla yersiz, lazımsız olaraq inanclı insanlarla dövlət arasında inciklik yaratmağa, vətəndaşlarımızı küskün salmağa heç bir ehtiyac yoxdur. Gəlin əl-ələ verib ölkəmizdə hamımızın rahat yaşamasını təmin edəcək vətəndaş cəmiyyəti quraq. Öz vətəndaşlarımıza, onların dini hisslərinə ehtiramla yanaşaq. Aqressiya tonundan mehribanlığa, tolerantlığa, səmimiliyə keçək. Mənim tövsiyəm bu olardı. Konstitusiyada qeyd edildiyi kimi, ölkədə hər kəs öz dini inancını ifadə etməkdə və yaymaqda sərbəst olmalıdır.

"Media forum"
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768