1 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəis müavini rüşvətə görə həbs olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi xidmətinin 1 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəis müavini rüşvətə görə həbs olunub. Baş Prokurorluğun mətbuat xidmətindən İslamazeri.az-a verilən məlumata görə, vətəndaş Ağayev Əlifağa Dədəkişi oğlu Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin “161 Qaynar xətt” əlaqə mərkəzinə müraciət edərək, Xəzər rayonunda fəaliyyət göstərən özünə məxsus “Halal ərzaq” mağazasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi xidmətinin 1 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin vəzifəli şəxsləri tərəfindən aparılmış yoxlama zamanı əmək və əməyin mühafizəsi üzrə müəyyən edilmiş pozuntularla bağlı tərtib olunan protokola uyğun olaraq inzibati xəta ilə əlaqədar cərimənin tətbiq olunmaması üçün həmin müfəttişliyin rəis müavini Dəmirov Teyyub Umud oğlunun ondan 1 500 manat rüşvət tələb etdiyini bildirib. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində T. Dəmirov 18 fevral 2012-ci il tarixdə xidməti otağında Ə. Ağayevdən 1 500 manatı rüşvət kimi alarkən Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən cinayət başında tutulub. T. Dəmirov həmin pulları prokurorluq əməkdaşlarına təqdim edib, pullar hal şahidlərinin iştirakı ilə götürülərək rəsmiləşdirilib.
Həmin fakta görə başlanmış cinayət işi üzrə Teyyub Dəmirov Cinayət Məcəlləsinin rüşvət almaya görə məsuliyyət nəzərdə tutan 311.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda qeyd edilən cinayət işləri üzrə ibtidai istintaq davam etdirilir.
Bundan başqa Bakı şəhər sakini Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edərək, iş stajının hesablanması və əlillik dərəcəsinin təyin olunmasını vəd edən “Mübariz” Müharibə Veteranlar Birliyinin idarə heyətinin sədri Seymur Şirinovun ondan 2.000 manat rüşvət tələb etdiyini bildirib. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində S.Şirinov 17 fevral 2012-ci il tarixdə birliyin Bakı şəhərində yerləşən inzibati binasında xidməti otağında vətəndaşdan 2.000 manat pulu rüşvət kimi alarkən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən cinayət başında saxlanılıb. S. Şirinov həmin pulları prokurorluq əməkdaşlarına təqdim edib və hal şahidlərinin iştirakı ilə götürülərək rəsmiləşdirilib.
Fakta görə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. S.Şirinovun yaşadığı mənzilə baxış keçirilərkən oradan ayrı-ayrı şəxslərə məxsus 5 ədəd əmək kitabçası, şəxsiyyət vəsiqələrinin surətləri, 6 ədəd “Müharibə veteranı”, 2 ədəd “Mübariz” Müharibə Veteranlar Birliyinin üzvlük vəsiqələri, fiziki şəxs kimi özünün adına olan möhür və iş üçün əhəmiyyət kəsb edən sair sənəd və əşyalar aşkar edilərək götürülüb.
S.Şirinov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
islamazeri.az