Şimali Qafqazda son ayların ən qanlı və genişmiyqaslı əməliyyatına son qoyulub
Rusiyanın Kabardin-Balkar Respublikasının Nartkala qəsəbəsində yaşayış evlərindən birində gizlənən 3 döyüşçü zərərsizləşdirilib. Onlar təslim olmaq əmrinə atəş açmaqla cavab verdikləri üçün atışma başlayıb və polislər tərəfindən öldürülüb. 1 polis əməkdaşı da yaralanıb.
Çeçenistan və Dağıstan respublikalarının inzibati sərhədində isə 4 gün boyunca xüsusi əməliyyat həyata keçirilib. Təhlükəsizlik qüvvələri ilə 3 silahlı qruplaşmanın üzvləri arasında gedən atışma nəticəsində 17 polis ölüb, 24-ü isə yaralanıb. Bu barədə Çeçenistan Daxili İşlər Nazirliyi məlumat verib. Dağlıq-meşə massivində mühasirəyə alınan döyüşçülər müqavimət göstərib, güc strukturları isə aviasiya və artilleriya cəlb edib. Polisin məlumatına görə, sayının 50-100 arasında dəyişdiyi ehtimal edilən döyüşçülər də azı 20 nəfər itki verib. Bu, son aylarda Şimali Qafqazda ən qanlı və genişmiyqaslı əməliyyat olub.
Çeçenistan respublikasının başçısı Ramzan Kadırov da əməliyyatın həyata keçirildiyi Nojay-Yurt rayonuna gəlib. «Silahlı qruplaşma tamamilə zərərsizləşdirilib. Əməliyyat Dağıstanın Kazbek rayonunda həyata keçirilib. Biz həmçinin Dağıstanda və onun İnquşetiya ilə sərhədində genişmiqyaslı xüsusi əməliyyatlar həyata keçirməyi planlaşdırırıq», - deyə Çeçenistan respublikasının başçısı bildirib.
Ramzan Kadırov bildirib ki, zərərsizləşdirilən döyüşçülər terror aktı törətməyə hazırlaşırmış. «Polis əməkdaşları öz həyatları bahasına çox sayda insanın həyatını xilas edib» deyən R.Kadırov döyüşçülərə qarşı xüsusi əməliyyatda iştirak edən polislərin könüllü olduğunu da vurğulayıb.
Rusiya prezidenti Dmitri Medvedev isə daxili işlər naziri Rəşid Nurqaliyevə əməliyyat zamanı ölən və yaralanan polislərin ailələrinə yardım edilməsinə dair göstəriş verib.
islamazeri.az