اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 22.05.2012, 30 Cəmadiyül-axır 1433

Demokratlar və respublikaçılar "bir bezin qırağıdırlar"

Yayım Tarixi: 24.12.2011 01:10
Təhlil
Yazı ölçüsü: büyüt küçült         

haber
Unutmayaq ki, dövlətin xarici siyasəti onun daxili siyasəti ilə sıx surətdə bağlıdır və çox hallarda onun tələblərindən doğur.

“Amerika xarici siyasətini hərbi imperiyanın birtərəfli fəaliyyətinə çevirdiyi üçün Corc Buşun Respublikaçılar Partiyasının ətrafında geniş yayılmış ultra konservativ ideologiya bəzi dairələr tərəfindən günahlandırılır. Bəzi müdafiəçilər demokratik imperialist olmaqdan qürur duyurlar. Bəzi Respublikaçılar və Demokratlar isə ənənəvi Amerika xarici siyasətinə, yəni Müttəfiqlər arasındakı konsensusa əsaslanan hegemonluğa qayıtmağı tələb edirlər. Bu debatın hər iki tərəfi aldadırdı. İqtisadi və siyasi gücün əsas məsuliyyətini öz üzərinə götürən bu funksiyalardanhər ikisi qəbul edilsə də uzun müddət üçün dayanıqlı deyildir, nə ABŞ üçün, nə də qalan dünya üçün sağlam deyildir”. F. (Uilliam Engdahl)

Amerika Birləşmiş Ştatlarında 2006-cı il seçkilərində Demokratlar partiyasının qələbəsi bütün dünyada birmənalı qiymətləndirilmədi. Xüsusilə, ABŞ xarici siyasətinin dəyişməsini arzulayan insanlar, o cümlədən politoloqlar ABŞ siyasi kursunun dəyişəcəyinə daha inamlı idilər. ABŞ xarici siyasətinin mahiyyətini dərindən bilməyən bir çox siyasətçilər və politoloqlar ABŞ-ın Yaxın Şərq siyasətində ciddi dönüşlərin olacağını, hətta ABŞ qoşunlarının lap yaxın vaxtlarda İraqdan çıxarılacağını da proqnozlaşdırırdılar. Keçmiş Sovet respublikalarında ABŞ imperializmi haqqında çox az informasiyalar olduğu üçün ictimai şüurda manipulyasiya etmək də kifayət qədər asandır. Mən çoxlarından fərqli olaraq, ABŞ xarici siyasətinin anatomiyasına bələdəm. Odur ki, kifayət qədər əmin idim ki, ABŞ xarici siyasəti nə demokratlar, nə də respublikaçılar tərəfindən deyil, onların hər ikisini nəzarətdə saxlayan və eyni maraqlara xidmət edən digər qruplar tərəfindən idarə edilir. Məhz buna görə 2006-cı il seçkilərinin ABŞ xarici siyasətində ciddi dəyişikliklərə gətirəcəyini gözləmək ən azı sadəlövhlüyün təzahürü idi. ABŞ-ın Demokrat və Respublikaçılar Partiyalarının Yaxın Şərqlə bağlı siyasətinin bir birindən o qədər də fərqlənmədiyi haqda mən öz fikirlərimi seçkilərdən dərhal sonra Azərbaycan mətbuatında bildirmişdim . Lakin təəssüf edirəm ki, bu mövzu da, ABŞ-la bağlı digər mövzular kimi, geniş müzakirəyə çıxarılmadı və Azərbaycan KİV-lərində, xüsusilə elektron KİV-lərdə bu mövzu çox tez qapandı.
Bir daha qeyd edək ki, 2006-cı il seçkilərindən sonra Demokratlar Partiyası 110-cu Konqresdə, həm də Nümayəndələr Palatasında çoxluq təşkil edirlər. Seçkilər öncəsi ABŞ xarici siyasətinin son illərdəki əsas prioritetlərinin tənqidi demokratlar tərəfindən seçki prosesində seçicilərin cəlb edilməsi üçün məharətlə istifadə edilmişdir. Əslində demokratlar tərəfindən siyasətin dəyişəcəyi ilə bağlı seçkiqabağı verilmiş vədlər sonradan ABŞ xarici siyasətində nəyinsə dəyişəcəyinə inamı formalaşdırmışdır. Görəsən doğrudanmı ABŞ xarici siyasət kursu məhz Konqres və ya Senat tərəfindən müəyyən olunur? ABŞ siyasi həyatının aparıcı partiyaları olan Respublikaçılar və Demokratlar arasında ABŞ xarici siyasətinə aid ciddi fərqlər mövcuddurmu? Doğrudanmı bu iki partiyanın hər hansı birinin seçkilərdə qalib gəlməsi ABŞ xarici siyasətinə dünyanın hiss edə biləcəyi dərəcədə təsir göstərə bilərmi? Qeyd edək ki, ilk baxışda çox mübahisəli görünən bu sualların araşdırılması və buna uyğun olan nəticələrdən ABŞ-Dünya münasibətlərinin başa düşülməsində istifadə edilməsinə ciddi ehtiyac vardır. ABŞ-Dünya münasibətlərinin getdikcə kəskinləşməsi dünyanın təkcə dinlərə, dillərə, irqlərə və sair keyfiyyətlərə görə deyil, həm də ABŞ-a aid olan və ona aid olmayan kimi bölgünün də aparılmasını vacib edir. Bu mənada Tony Judt haqlı olaraq qeyd edir ki, “Bizim dünya müxtəlif yollarla bölünmüşdür: varlı/kasıb; Şimal/Cənub; Qərb/qeyri-Qərb. Lakin getdikcə Amerikanın digərlərindən ayrılması daha ciddi məna kəsb etməyə başlamışdır ”. Demokratların qələbəsinin ABŞ xarici siyasətinə nə dərəcədə təsirlərinin olacağını düzgün anlamaq üçün Demokratlar və Respublikaçıların ABŞ-dan kənarda olan Dünyaya münasibətdə hansı mühüm fərqlərinin olmasına diqqət yetirmək lazımdır. Başqa sözlə desək, ABŞ xarici siyasətinin əsas prioritetləri kimi xarakterizə olunan məsələlərə münasibətdə bu iki partiya arasında mövcud olan yanaşma fərqləri nədən ibarətdir?
Həm Respublikaçılar, həm də Demokratlar Partiyasının son dövrlərdə açıqladıqları siyasi platformalara əsasən ABŞ xarici siyasətində prioritet məsələlər sırasında ABŞ-İraq, ABŞ-Əfqanıstan münaqişəsi, Kosovo məsələsi, hərbi büdcənin formalaşması, İsrail-Ərəb münaqişəsinə münasibət, “terrora qarşı müharibə” siyasəti, “narkotikə qarşı müharibə” siyasəti və sair məsələlər dayanır. Əlbəttə, respublikaçılarla demokratlar arasındakı seçki mübarizəsi təkcə ABŞ xarici siyasət məsələlərini yox, həmçinin ABŞ daxili siyasət məsələlərini də əhatə edirdi və tərəflər öz baxışları arasındakı “fərqi” ciddi arqument kimi irəli sürürdülər. ABŞ-dan kənardakı Dünya əsasən ABŞ-ın xarici siyasətinin obyekti olduğu üçün bu sahədə Respublikaçılarla Demokratlar arasındakı fərqlərin nədən ibarət olduğu daha maraqlıdır. Lakin unutmayaq ki, dövlətin xarici siyasəti onun daxili siyasəti ilə sıx surətdə bağlıdır və çox hallarda onun tələblərindən doğur.
Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, ABŞ hərbi qüvvələrinin İraqa və Əfqanıstana təcavüzü həm demokratlar, həm də respublikaçılar tərəfindən dəstəklənmişdir. Respublikaçıların nümayəndəsi olan C. Buş dəfələrlə qeyd etmişdir ki, ABŞ xarici siyasətinin əsas məqsədi ya diplomatik, ya da hərbi yolla ABŞ-ın təhlükəsizliyinə və maraqlarına təhlükə ola biləcək millətlərin demokratikləşməsindən ibarət olmalıdır. Belə xarici siyasətin nə dərəcədə şovinist və faşist xarakterli olmasını müzakirə etməyə o qədər də ehtiyac yoxdur. Lakin maraqlı olan fakt bundan ibarətdir ki, belə faşist xarici siyasətin demokratlar tərəfindən də dəstəklənməsi son seçkilərə ümid edənlərin nəzərindən çox tez yayınıb. Hətta Bus hakimiyyətinin İraqla bağlı siyasətinə, xüsusilə beynəlxalq hüquq normalarını pozaraq İraqa hərbi müdaxilənin edilməsinə də demokratların çox az hissəsi öz narazılığını bildirdi.
Əksər demokratlar isə belə hərbi müdaxiləni dəstəklədilər. Bəli, bu gün bəzi demokratlar ABŞ hərbi qüvvələrin İraqdan çıxarılmasını daha tez-tez dilə gətirirlər, lakin bu qüvvələrin hələ İraqda saxlanmasını tələb edən demokratlar da az deyil. Yada salmaq kifayətdir ki, Kerry , həm də Cohn Edvards ABŞ prezidenti C. Buşa İraqda müharibənin aparılması üçün konstitusiyaya zidd səlahiyyətlərin verilməsinə səs vermişlər. Kerry çəkinmədən həmişə qeyd edirdi ki, Konqresin təsdiqi olmadan Prezident istənilən millət ilə mübarizə aparmaq hüququna malikdir. ABŞ-ın Əfqanıstana təcavüzü də eyni şəkildə həm respublikaçılar, həm də demokratlar tərəfindən dəstəklənmişdir. Bu partiyaların hər ikisi Əfqanıstana çox geniş miqyaslı hərbi kontingentin göndərilməsi və ölkənin nəzarətə alınması üçün geniş miqyaslı bombardmandan istifadə edilməsinə narahatçılıq keçirməmişlər.
Digər millətlərə qarşı zor tətbiq edilməsinə münasibətdə bu partiyalar arasında mahiyyətcə ciddi fərq olmasa da onları yalnız unilateralism doktrinasına münasibət fərqləndirir. Belə ki, Respublikaçılar ABŞ-ın milli təhlükəsizliyini təmin etmək üçün xarici və beynəlxalq dəstək olmadan hərbi qüvvələrindən istifadə imkanlarını dəstəklədikləri halda Demokratlar bunun yolverilməz olduğunu qeyd edirlər. Göründüyü kimi, bu partiyaların hər ikisi digər millətlərə qarşı hərbi qüvvələrin tətbiqinin tərəfdarıdır. Digər millətlərə qarşı hərbi qüvvələrdən istifadə edilməsində digər ölkələrin dəstəyinin alınması isə əslində ABŞ-ın qeyri-qanuni fəaliyyətinə haqq qazandırmaq və bəşəriyyət qarşısında məsuliyyətinin bölüşdürülməsi məqsədi daşıyır.
1999-cu ildə NATO qoşunlarının Kosovonu bombalaması da çox uzaq tarix deyil və demokratlar ilə respublikaçılar arasında bu məsələ ilə bağlı ciddi fərqlərin olmaması da diqqətdən yayınmamalıdır. ABŞ-ın “Vətənpərvərlik Aktına”, “Hərbi Komissiyalar haqqında Akta” olan münasibətdə də bu partiyaların strategiyaları arasında ciddi fərqin olmadığı hiss olunur. “Vətənpərvərlik Aktını” demək olar ki, bütün demokratlar, o cümlədən Kerry də dəstəklədi. ABŞ-ın onsuzda çox yüksək olan hərbi büdcəsinin yenidən artırılması demokratları heç də narahat etmir. Respublikaçıların, xüsusilə C. Buşun hərbi büdcənin daim artırılması ilə bağlı, hətta “Ulduz Müharibəsi” Hava Hücumundan Milli Müdafiə qanununun qəbulu ilə bağlı fəaliyyəti əslində demokratlar tərəfindən də müdafiə olunur. Demokratlar da nəinki hərbi büdcənin artmasını dəstəkləyirlər, hətta ABŞ Xüsusi qüvvələrinin genişləndirilməsi layihəsini hazırlamışlar.
Demokratlar və Respublikaçılar arasında terrorizmlə bağlı məsələlərdə də ciddi fərqlər yoxdur. Artıq dünya ictimaiyyətinə bəllidir ki, bu partiyaların hər ikisi terrorizmdən ABŞ-ın enerji maraqlarının təmin edilməsi üçün istifadə edilməsinə meyllidirlər. Həm demokratlar, o cümlədən U. Clinton, həm də respublikaçılar, o cümlədən C. Buş müxtəlif terror qruplarının fəaliyyətlərindən Yaxın Şərqdə ABŞ maraqlarının qorunması üçün müvəffəqiyyətlə istifadə etmişlər.
Demokratlar və Respublikaçılar arasında Yaxın Şərq problemləri ilə də bağlı ciddi fikir ayrılığı yoxdur. Hər iki partiya çoxlu sayda dinc insan qırğınına səbəb olmuş İsrail-Livan münaqişəsində Buş hakimiyyətinin rəsmi münasibətinə haqq qazandırmış, müharibənin davam etdirilməsində israrlı olmuşlar. Hər iki partiyanın nümayəndələri İsrail hökumətinin Fələstinlə bağlı siyasətinə haqq qazandıraraq, əslində Yaxın Şərq problemlərinin həllini xeyli gərginləşdirirlər. II Dünya müharibəsindən sonra ABŞ-ın Yaxın Şərq siyasətinin əsas mahiyyəti, yəni ABŞ-ın enerji maraqlarının qorunması və İsrailin hər tərəfli müdafiəsi hər iki partiya tərəfindən dəstəklənməkdədir.
ABŞ xarici siyasətində hər iki siyasi partiya arasındakı gizli “həmrəylik” onların ABŞ-ın daxili siyasətinin bir çox aspektlərinə yanaşmalarına da aiddir. Belə ki, ABŞ-da ölüm hökmünün ləğvinin baş tutmaması, sağlamlıqla bağlı sığortalama siyasətinin həyata keçirilməməsi məsələlərində də bu partiyalar “əlbir fəaliyyət” göstərirlər.
ABŞ siyasi həyatının aparıcı partiyaları olan bu iki partiyanın enerji siyasəti ilə bağlı yanaşmalarının da üst-üstə düşməsi təsadüfi deyildir, çünki ABŞ xarici siyasətinin əsas prioritetlərindən biri də məhz enerji təhlükəsizliyi və ABŞ şirkətlərinin maraqlarının qorunmasıdır. Odur ki, yüksək kapitala arxalanan və onların vasitəsilə maliyyələşən həm Respublikaçılar, həm də Demokratlar əslində ABŞ xarici siyasətinin əsas prioritetlərinin, yəni enerji təhlükəsizliyinin təminatında və ABŞ şirkətlərinin maraqlarının qorunmasında birbaşa maraqlıdırlar. Açıq etiraf edilməsə də hər iki partiyanın konkret fəaliyyəti bunu deməyə əsas verir ki, onlar ABŞ-ın ən güclü dövlət kimi dünyanı özünə uyğun formada dəyişdirmə cəhdini dəstəkləyirlər və belə bir hüququn ABŞ-a verilib verilməməsinin heç fərqinə də varmırlar. Artıq inkar etmək mümkün deyil ki, hər iki partiyanın ideologiyasının əsasında neokonservativ yanaşma dayanır. Son dövrlərdə ABŞ-ın təcavüzkarlığının artması və milli təhlükəsizlik məsələlərinin xarici siyasətdə prioritetə çevrilməsi dövlət idarəçiliyində neokonservativ qruplaşmanın formalaşmasından xəbər verir. Qeyd etmək lazımdır ki, təkcə son seçkilərədək Konqres və Senatı nəzarətdə saxlayan respublikaçılar yox, həm də demokratlar neokonservativ strategiyanın daşıyıcılarıdır.
ABŞ xarici siyasətinin və dövlət idarəçiliyində daha çox səlahiyyətləri olan neokonservativ qrupun fəaliyyətinin əsil mahiyyəti ilə tanış olmayan hər kəs ABŞ-ın təcavüzkar siyasətini C. Buşun “dəcəlliyi” ilə və ya hər hansı dövlət məmurunun sözəbaxanlığı ilə əlaqələndirə bilərlər. Başqa sözlə desək, kimin hakimiyyətdə olmasından asılı olmayaraq ABŞ-İraq və ya ABŞ-Əfqanıstan müharibələri labüd idi və həm demokratların, həm də respublikaçıların dəstəklədiyi xarici siyasətin nəticəsidir. Bu siyasət isə imperialist mahiyyətli ABŞ dövlət maşını ilə hazırlanır və kimin hakimiyyətdə olmasından asılı olmayaraq icra edilir. Bu mənada Mişel Çossudovski tamamilə haqlıdır ki, “Yeni Dünya Nizamı adı altında Dövlət Departamentində, Pentaqonda və Mərkəzi Kəşfiyyat İdarəsində hərbi planları hazırlayanlar xarici siyasətə həmlə edirlər. Onlar təkcə NATO ilə bağlı deyildirlər, həmçinin Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və Dünya Ticarət Təşkilatının əməkdaşları ilə də əlaqələr saxlayırlar. Öz növbəsində, Vaşinqtonda yerləşən beynəlxalq maliyyə bürokratiyası öldürücü “iqtisadi terapiyanı” Üçüncü Dünya ölkələrinə sırıdığına görə məsuliyyət daşıyırlar” . Bəli, ABŞ-ın digər ölkələrə, xüsusilə onun təhlükəsizliyinə qorxu yaratmayan üçüncü dünya ölkələrinə, təcavüzləri həm demokratların, həm də respublikaçıların siyasi maraqlarına uyğundur və ABŞ-ın imperialist mahiyyətindən doğur. Başqa sözlə desək, Konqresin və ya Senatın hansı partiyanın nəzarətində olmasından asılı olmayaraq ABŞ-Dünya münasibətlərinin mahiyyətinin dəyişməsi sülhsevər bəşəriyyət qarşısında ciddi problem olaraq qalacaqdır.
...

"BÖYÜK ŞEYTAN və ya SONUN BAŞLANĞICI" monoqrafiyasından

islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768