Şimali Qafqaz döyüşçülərinin liderinin yeni video-müraciəti yayılıb
Şimali Qafqaz döyüşçülərinin lideri Doku Umarov öz döyüşçülərini Rusiya vətəndaşlarına zərər yetirməməyə çağırıb. Doku Umarov bu yaxınlarda internetdə yayılmış növbəti video-müraciətində bu çağırışı edib. "İmarat-Kafkaz" adlandırılan terror qruplaşmasının lideri bildirib ki, Rusiyada vətəndaş etirazı prosesinin başlaması və əhalinin artıq Putin siyasətini qəbul etməməsi ilə əlaqədar öz döyüşçülərinə Rusiya vətəndaşlarına hücum etməmək göstərişi verib:
"Bu o deməkdir ki, etiraz edən Rusiya vətəndaşları Şimali Qafqazın hazırkı hökumətinin siyasətini də dəstəkləmir. Buna görə də Rusiya ərazisində xüsusi əməliyyatlar həyata keçirən bütün qruplaşmalara yerli sakinlərə əziyyət verməməyi əmr edirəm".
Doku Umarov öz müraciətində həmçinin bəyan edib ki, bu əmrdən sonra da Rusiya ərazisində vətəndaş obyektlərinə yaxud dinc sakinlərə hücum baş verərsə, bu, prezident seçkisi ərəfəsində "Putin rejiminin təxribatından" başqa bir şey olmayacaq. Bununla belə, Doku Umarov hücum etməmək əmrinin Rusiyanın güc strukturları, ordusu, xüsusi-xidmət orqanları və siyasi rəhbərliyinin obyektlərinə şamil edilmədiyini vurğulayıb. Videoyazının nə vaxt və harada çəkildiyi isə məlum deyil.
Qeyd edək ki, Şimali Qafqaz döyüşçülərinin lideri Doku Umarov 2011-ci il yanvarın 24-də Moskvanın "Domodedovo" hava limanında 19 nəfərin ölümü, 200-dən çox adamın yaralanması ilə nəticələnən terror aktını təşkil etməkdə şübhəli bilinir. Bu terror aktından sonra BMT-nin Təhlükəsizlik Şurası Doku Umarovu öz "qara siyahı"sına daxil edib. ABŞ-ın Dövlət Departamenti isə Doku Umarovun yerini deyənə 5 milyon dollar mükafat təyin edib. \ans\