Searaser adlı generator çox sadədir və iş prinsipinə görə velosiped nasosuna bənzəyir
İslamazeri.az-ın məlumatına görə, digər su enerji qurğularından fərqli olaraq, Searaser generatorunun ən kövrək hissələri texnikaya düşmən olan okean mühitində deyil, sahildə yerləşir. Beləliklə, qabarma energetikasının ən başlıca problemləri - xidmətin mürəkkəbliyi, sürətli köhnəlmə, korroziya və fırtına zamanı texnikanın, demək olar ki, bir qayda olaraq sınması problemləri həll edilir.
Qabarma energetikasının böyük perspektivləri vardır, belə ki, dəniz dalğaları külək və ya günəş enerjisindən fərqli olaraq, elektriki istənilən mövsümdə gecə-gündüz fasiləsiz surətdə hasil edirlər. Lakin dərinlikdə olan elektrik generatorlarının (xüsusən onların elektrik sistemlərinin) pis havadan və korroziya-aktiv dəniz suyundan qorunması hələ də çox mürəkkəb texniki məsələ olaraq qalır. Buna görə də belə qurğular istehsal və xidmət baxımından çox bahadır.
Ecotricity şirkətinin (Böyük Britaniya) Searaser sistemi suyun səviyyəsinin qalxmasından və enməsindən, yəni sadə desək, dalğadan istifadə edir. Konstruksiyanın əsas hissəsi iki buy arasında yerləşən şaquli porşendir. Bunlardan biri suyun səthində üzür və porşenlə birləşdirilmişdir.
Porşen silindrdə hərəkət edir, silindr isə dənizin dibində ikinci buya möhkəm bərkidilir. Dalğalar üzən buyu qaldırır və aşağı salır, o da öz növbəsində porşeni hərəkətə gətirərək suyu sahil generatorlarının pərlərinə ötürür.
Searaser generatorunun prototipi artıq müvəffəqiyyətlə sınaqdan çıxarılmışdır. Sistemin seriya istehsalına 2014-cü ildə başlanacağı gözlənilir. Generatoru icad edənlər bildirirlər ki, 18 metrdən 30 metrədək dərinlikdə quraşdırılmış 200 Searaser qurğusu 236 min evi enerji ilə fasiləsiz təchiz etməyə imkan verəcəkdir.
islamazeri.az