İspaniyada hazırlanan qeyri-adi "Hiriko" avtomobili Avropa Komissiyasında təqdim olunub
İspaniyada hazırlanan elektriklə işləyən və qatlanan kiçik avtomobil Belçikanın paytaxtı Brüsseldə Avropa Komissiyasına təqdim edilib. "Hiriko" adlandırılan avtomobil ekologiyanı çirkləndirən mənbələrin qadağan olunacağı Avropa şəhərlərində istifadə üçün gələcəyin avtomobili kimi təqdim olunub. Qatlanan "Hiriko" avtomobili İspaniyada yığılsa da, sxemi ABŞ-ın Massaçusets Texnologiyalar İnstitutunda hazırlanıb. Avtomobili hazırlayan şirkətin təmsilçisi Qorka Espiau avtomobilin Avropa Komissiyasının prezidenti Joze Manuel Barozunun şəhər mərkəzlərində benzinlə işləyən avtomobillərin qadağan edilməsi ideyasına cavab olaraq hazırlandığını deyib.
İstehsalçı şirkət 2013-cü ildə Avropanın bir çox şəhərlərində "Hiriko" avtomobilindən istifadə üçün 100-ə yaxın avtomobilin satılmasına dair danışıqlar aparır. Berlin, Barselona, San-Fransisko, Honq-Konq, Kito kimi şəhərlər artıq bu avtomobildən istifadə etmək üçün müraciət edib. Paris, London, Amsterdam, Cenevrə, Brüssel, Dubay, Əbu Dabi və Boston şəhərləriylə isə danışıqlar aparılır.
Qatlanan elektrik avtomobilinin istifadə olunacağı şəhərlərdə məxsusi onlar üçün təmir emalatxanaları da açılacaq. 12.500 avroya satılması planlaşdırılan "Hiriko" avtomobillərinin şəhər mərkəzlərində, Avropanın əksər şəhərlərində olduğu kimi, ödənişsiz velosiped xidməti kimi istifadə ediləcəyi nəzərdə tutulub.