Bu gün Bakı şəhəri Nərimanov rayon məhkəməsində ilahiyyatçı Hacı Tale Bağırov və Elşən Abbasovun növbəti məhkəmə-istintaq prosesi keçirilib
Məhkəmədə zərərçəkmişlər və şahidlər dindirilib.
İlk olaraq məhkəməyə "General Ako Company" şirkətinin nümayəndəsi zərərçəkmiş kimi dindirildi. Nümayəndə şikayətçi olmadığını və dəymiş zərəri özlərinin ödədiyini bildirib.
Daha sonra şahid qismində Post Patrul Xidmətinin əməkdaşı Vaqif Qiyasov çağırıldı. Şahid polis bölməsinə Tale Bağırov və Elşən Abbasovu PPX xüsusi avtomobili ilə onun gətirdiyini bildirib. Lakin məhbuslar polisi tanımadıqlarını və polis bölməsinə onun tərəfindən gətirilmədiyini bildirdilər.
Məhkəmə zalına şahid qismində PPX əməkdaşı Rzayev Rzaəli çağırılmış və Tale Bağırovla Elşən Abbasovu Təhsil nazirliyinin inzibati binasının yaxınlığındakı avtobusa apardığını deyib. Bu iki nəfərin polisə tabe olduğunu və sakit şəkildə avtobusa mindiyini, lakin avtobusda müxtəlif şüarlar səsləndirildiyini də bildirdi.
Vəkil Anar Qasımlı isə şahid Rzayevə müraciət edərək bildirib ki, "Sizdən qabaqkı şahidlər bu iki nəfərin PPX xüsusi avtomobili ilə polis bölməsinə aparıldığını bildirib. Siz isə deyirsiniz ki, bu iki nəfəri avtobusa aparmısınız. Tale və Elşəni neçə nəfər aparıb ki, hər polis onu bir yerə mindirdiyini deyir?"
Şahid Rzayev suala cavab olaraq yadında yalnız Elşən Abbasovun qaldığını və Taleni avtobusa aparıb-aparmamaqda tərəddüd etdiyini dedi.
Bundan sonra şahid Günəşov Nazim zala çağırılıb. Polis Günəşov, Elşəni yoldan tutduğunu, heç kimə xəsarət yetirmədiyini və onunla birlikdə daha 2 nəfəri tutduğunu, onların heç kimə və heç nəyə xəsarət yetirmədiyini, Tale Bağırovu da aksiyada gördüyünü deyib. Şahid, Elşən Abbasovun kənardan kütləyə əl işarətləri verdiyini bildirdi. Lakin bunu sübut edə bilməyincə "daha mənim deyiləsi sözüm yoxdur, nə olub onu demişəm" dedi.
Bugünkü məhkəmənin son şahidi kimi isə PPX əməkdaşı Gülməmmədov Eyvaz dindirildi. O Rəşid adlı polisə çiyin nayihəsindən bu iki nəfərdən biri tərəfindən vurulduğuna şahid olduğunu dedi. Lakin dəqiq olaraq Talenin yoxsa Elşənin vurduğunu xatırlamadığını bildirdi. İlkin istintaq zamanı şəkilə baxaraq bu ikisindən birinin vurduğunu dedi. Anar Qasımlı şahidə bir neçə sual verdikdən sonra şahid cavabları qarışdırdı. Vəkil ilə şahidin arasında mübahisə gedərkən hakim dedi: "Siz nəyi müəyyənləşdirmək istəyirsiniz. Bir haldakı o məhkumları tanımır." Vəkil Anar Qasımlı polis Rəşidin konkret kimin tərəfindən vurulduğu protokollaşdırılmasını tələb etdi.
Burdaca məhkəmənin bugünkü iclası yekunlaşdı. Növbəti məhkəmə iclası noyabr ayının 25-i saat 14:00-a təyin olundu.
Xatırladaq ki, “Hicab Azadlıq” aksiyası bu il mayın 6-da Təhsil Nazirliyi qarşısında keçirilib. Aksiya ilə bağlı Bakı Şəhər Prokurorluğunda iş açılıb. İstintaq qrupunun rəhbəri Bakı Şəhər Baş Polis İdarəsinin istintaq və təhqiqat idarəsinin rəisi Nazim İsmayılovdur. Ruhani Tale Bağırov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2-ci maddəsi ilə (Bir qrup şəxs tərəfindən xuliqanlıq) və 233-cü maddəsi ilə (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), (3 ilə qədər həbs) ittiham olunur. Həbs edildikdən sonra Hacı Tale barəsində əvvəlcə 15 sutka, daha sonra isə 2 aylıq həbs qətimkan tədbiri seçilib və Kürdəxanı təcridxanasına göndərilib.
islamazeri.az