29 ildir şəxsi avtomobili ilə taksi sürücüsü olan Tahir Quliyev növbəti dəfə lisenziya ala bilməyəcəyindən narahatdır
O deyir ki, bu, xalq arasında “London kəb” adlanan yeni taksilərin istifadəyə verilməsi ilə bağlıdır.
Nəqliyyat Nazirliyi isə şəxsi avtomobillə “taksilik” edənlərin “qeyri-qanuni fəaliyyət göstərdiyini və müasir tələblərə cavab vermədiyini” əsas gətirir.
Quliyev kimi, Azərbaycanda şəxsi maşını ilə sürücü işləyən 10 min nəfərə də lisenziya verilməyə bilər.
"Quru" maaşNazirliyinin yeni qərarına görə, bütün köhnə taksilərin fəaliyyətinə müəyyən dövr ərzində qadağa qoyulacaq.
Lakin Quliyev hələ yeni taksilərə keçib-keçməyəcəyi barədə qərar verməyib:
“Gündəlik 50 AZN olsa razı olaram, amma indi Nazirlik eksperiment edir. Sayğaca görə olacaq gündəlik. Nə qazandın apar ver hökumətə yəni”.
Quru maaşa baxacağını deyir Quliyev.
Quliyevin həmkarı Qulam Məmmədov isə qəti surətdə yeni taksilərdə işləməyəcəyini bildirir:
“Gedib “oxran” dayanaram. Amma bu taksilərə keçməyəcəyəm. Bir nəfərə görə, 10 min adam işsiz qalır”.
O, 20 il əvvəl Ermənistandan Azərbaycana qaçqın düşüb.
70 manat təqaüd aldığını deyən Məmmədov şəkərli diabet xəstəsidir.
Müasir və gözəl maşınlarNazir Ziya Məmmədov mətbuata açıqlayıb ki, əsas məqsəd, vətəndaşlara müasir və gözəl maşınlar xidmət göstərməsi və bu sahədə Bakı şəhərində qanun-qayda yaradılmasıdır.
Nazir taksi sürücülərinin narazılıqlarına təəccüblənir:
“Bəziləri hətta əzilmiş vəziyyətdədir. Biz isə onları yeni avtomobillərdə fəaliyyət göstərməyə dəvət edirik”.
Maşınqayırma üzrə orta-peşə təhsili alan Quliyev heç vaxt başqa işlə məşğul olmayıb.
Hətta taksiyə başladığı gün də yadındadır.
1988-ci il martın 10-da başqa bir iş tapa bilmədiyindən taksi sürücülüyünə başlayıb.
İndi işsiz qalacağını düşünür:
“Zavod yox, fabrik yox, kolxoz yox, sovxoz yox. Nə edim? Oğurluq edim? Onu da eləsəm tutacaqlar, ailəm başsız qalacaq”.
Lisenziyasız taksi fəaliyyət göstərməyəcək
Nəqliyyat naziri isə “kimsə başqa yolla taksi fəaliyyəti ilə məşğul olacaqsa, fakt aktlaşdırılacaq və müvafiq orqanlara təqdim olunacaq” deyir.
Belə hallarla qanundan kənar olduğu üçün sərt mübarizə aparılacağını da bildirir, nazir Məmmədov.
Əhali bundan sonra “yalnız yeni gətirilən taksilərdən götürərək” və taksi fəaliyyəti üçün lisenziya alaraq taksi fəaliyyəti ilə məşğul ola bilər.
Quliyev nə vaxtsa “London-kəb” sürsə belə, bu avtomobilləri almaq fikrində deyil.
Çünki, “ qiyməti bahadır, 33 mindən 16 minə düşüb indi. Kirayə götürəcəyəm”.
Gündə 15-25 manat qazandığını deyən Quliyev şəxsi maşını olduğundan ayda 50 AZN “taksimotor”a köçürür.
Sərnişin olmadığı günləri yada salan sürücü deyir: “Müştəri olmayanda elə bil gəmim batıb”.
Ən çox da beş nəvəsi və beş övladına kömək edə bilməyəcəyi üzür onu.
“Evə gedəndə nəvələrim qaçır üstümə, heç nə ala bilməyəndə gözü qara oluram yanlarında”- deyir.
Amma həm də özü ilə fəxr edir: “Mən də elə xasiyyət yoxdur ki, kefim yoxdursa acığımı arvaddan alım”.
Sürücü düşünür ki, şəxsi taksilərin ləğv edilməsi “camaatı dövlətdən soyutmaq” üçündür.
Nəqliyyat naziri isə bir müddət əvvəl bu sahədə inhisarçılığın olmadığını və yüzlərlə şirkətin fəaliyyət göstərdiyini bildirib.
"London-kəb" "Bak Tai Company" şirkətinin rəhbəri Eldar Qasımov bildirib ki, lisenziyasız taksilərin işinə qadağa qoyulması bu sahədə göstərilən xidmətlərin keyfiyyətinə müsbət təsir edəcək.
Qasımov da nazir Məmmədov kimi, “Bakının küçələrində işləyən taksilərin çoxunun həm texniki nöqteyi-nəzərdən, həm də rahatlıq və təhlükəsizlik baxımından müasir tələblərə cavab vermədiyini” düşünür.
Bu şirkət Azərbaycanda NN-nin "Bakıda taksi parkının London Taxi TX4 markalı avtomaşınlara dəyişdirilməsi" proqramı çərçivəsində yaradılıb.
London kəblərin icarəyə götürülməsində heç bir problemin olmadığını deyən rəsmilər onun uzunmüddətli kreditlə də satıldığını bildirir.
Quliyevin bu taksiləri kreditə götürməyə imkanı olmasa da, o işindən əl çəkməyəcəyini deyir: "İcazə verilənə kimi öz maşınımı sürəcəyəm".
O, lisenziya verilməzsə və başqa əlacı qalmazsa, London kəblərə keçəcək.
Əhali arasında rənginə görə "badımcan taksilər" adlanan bu "kəb"lər Böyük Britaniyanın "Manganese Bronze" şirkətindən alınır.
Taksilərin dizaynı İngiltərədə hazırlansa da, Çin də istehsal edilir.
2011-ci ilin martında min ədəd taksinin alınması üçün şirkətlə 27 mln. ABŞ dollarlıq (18 mln. funt sterlinq) müqavilə imzalanıb.
Müqavilənin şərtlərinə görə, ötən ilin sonlarında 500-ü göndərilən taksilərin qalanı artıq Azərbaycana göndərilməli idi.
Lakin "taksilərin alınması üçün bank kreditlərinin ayrılması, yeni taksilər üçün sürücülərin hazırlanması və qarşı tərəfin bir sıra problemləri olması" səbəbindən ikinci hissə yanvarın sonu-fevralın əvvəllərində göndəriləcək.
Hazırda Bakıda iki yüzə yaxın London-kəb fəaliyyət göstərir. \bbc-azərbaycan\
islamazeri.az