اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Kəlbəcər ilə Göyçə birləşdirilir...

Yayım Tarixi: 12.11.2011 10:15
Təhlil
Yazı ölçüsü: büyüt küçült         

haber
İşğal altındakı rayonu Ermənistanla birləşdirəcək yolun inşası ilə bağlı yeni nüanslar

Ermənilərin 18 ildir işğal altında saxladıqları Kəlbəcər rayonunu Ermənistanla birləşdirən yol çəkməyə başlaması ilə bağlı yeni nüanslar meydana çıxır. “Azadlıq” radiosunun erməni xidməti bu layihə ilə bağlı videosüjet hazırlayıb, süjetdən məlum olur ki, yolun tikintisi artıq başlayıb və Kəlbəcər ərazisinə çoxsaylı yol texnikası cəlb edilib. Süjetdə yolun ermənilər və Dağlıq Qarabağ üçün strateji əhəmiyyətindən bəhs edilərək göstərilir ki, indiyə qədər bu ərazilərdən Ermənistanın ən yaxın rayonuna getmək üçün azı 6 saat vaxt tələb olunurdu. Yeni yolun çəkilməsindən sonra isə bu müddət cəmi yarım saat təşkil edəcək.Kəlbəcəri Ermənistanın indiki Geqarkunik rayonu, qədim Azərbaycan torpaqları olan Göyçə mahalı ilə birləşdirmək üçün çəkilən yola vəsaitlər erməni iş adamları tərəfindən ayrıldığı bildirilir. Qeyd olunur ki, gələcəkdə bu layihəyə “dövlət vəsaitləri” də cəlb ediləcək. Qeyd edək ki, ermənilərin bu yol tikintisi ilə bağlı Azərbaycan mediasında ilk dəfə “Yeni Müsavat” yazıb, məsələnin nə dərəcədə ciddi olduğunu vurğulayıb. Məqalə qəzetimizdə dərc olunan gün parlamentin spikeri, əslən Qərbi Azərbaycandan olan Oqtay Əsədov məsələni Avropa Parlamentinin Bakıda səfərdə olan nümayəndə heyəti ilə görüşündə qaldırıb, beynəlxalq ictimaiyyətin ermənilərin bu qanunsuz fəaliyyətinə reaksiya verməli olduğunu deyib.

Xankəndi-Şuşa-Laçın-Gorus yolundan 150 kilometr qısa, yaxud separatçı rejimin “hökumət başçısı” nə deyir?

Qeyd edək ki, Dağlıq Qarabağın Ermənistanla əlaqəsi hazırda ancaq uzunluğu 400 kilometrdən çox olan Xankəndi-Şuşa-Laçın-Gorus yolu vasitəsilə təmin edilir. Qarabağın işğalından sonra ermənilər bu yolu diasporun pulları hesabına xeyli yüksək səviyyədə yenidən qurdular. Lakin elə ermənilər özləri də etiraf edirlər ki, qış aylarında bu yolda da hərəkət çətinləşir. Bəzi hallarda qar uçqunları nəticəsində yolun yüksək dağlıq ərazilərdən keçən hissəsi günlərlə bağlı qalır, tez-tez qatı duman yolda hərəkəti çətinləşdirir. Dağlıq Qarabağın separatçı erməni rəhbərliyi bildirir ki, Kəlbəcər ərazisindən keçən yeni yol bölgənin Ermənistanla quru əlaqəsini dəfələrlə qısaldacaq. Belə ki, yeni yol Xankəndi-Şuşa-Laçın-Gorus magistralından 150 kilometr qısa olacaq. Separatçı rejimin təmsilçilərinə istinadən bildirilir ki, yolun tam asfaltlanıb başa çatdırılması iki ilə qədər vaxt aparacaq. Lakin artıq gələn ilin fevral-mart aylarında yolda hərəkətin başlayacağı deyilir. Dağlıq Qarabağdakı separatçı rejimin “baş naziri” Ara Arutyunyan yolun əhəmiyyəti haqda bunları deyir: “Biz Kəlbəcər rayonunun inkişafı planı baxımından bu yolun tikintisinə böyük əhəmiyyət veririk. Yol işə düşəndən sonra biz təkcə Gorus-Stepanakert yolundan asılı olmayacağıq. İqtisadi planda bu yol rayonun inkişafı üçün mühüm stimul olacaq. Həmçinin yol bizim dağ-mədən sənayemizin inkişafı planlarının sürətləndirilməsi baxımından da əhəmiyyət daşıyacaq”. 

Qızıl yataqlarını talamaq asanlaşacaq

Zəruri qeyd: Kəlbəcər Azərbaycanın füsunkar təbiətə malik bölgələrindən biri olmaqla yanaşı, həm də zəngin yeraltı ehtiyatlara, o cümlədən bir neçə növ qiymətli metal ehtiyatlarına malikdir. İşğaldan sonra Kəlbəcər rayonu ərazisində sənaye əhəmiyyətli ehtiyatları 112.5 ton və istismar olunan Söyüdlü (Zod) qızıl yatağı, qiymətləndirilmiş ehtiyatları 13 tondan çox olan Ağdüzdağ və Tutxun qızıl yataqları, sənaye əhəmiyyətli ümumi ehtiyatları 850 ton olan 3 (Ağyataq, Levçay və Şorbulaq) civə yatağı və qiymətləndirilmiş ehtiyatları 200 tondan çox olan Qamışlı və Ağqaya civə yataqları, qiymətləndirilmiş ehtiyatları 10941 min m3 olan və mişar daşı istehsalına yararlı Kilsəli tuf yatağı, ehtiyatları 4473 min m3 olan və yüngül beton doldurucusu kimi istifadə edilən Keçəldağ perlit yatağı, ümumi ehtiyatları 2.2 mln. m3 olan 2 üzlük daş yatağı, ehtiyatları 2540 min m3 olan Çəpli qum-çınqıl qarışığı yatağı, gözəl dekorativliyə malik 4 mərmər on ikisi (ehtiyatları 1756 ton), 2 nefritoid (ehtiyatları 801 ton) yatağı, ehtiyatları 2337 ton olan 1 obsidian yatağı, ehtiyatları 1067 min m3 olan 1 listvenit yatağı qalıb. Ermənilər neçə ildir Ermənistan istiqamətindən Kəlbəcərin qızıl yataqlarını qazaraq sərvətlərimizin bir qismini talamağa nail olublar. Lakin əsas yataqlara çıxış əldə etmək üçün infrastruktur yox idi və A.Arutyunyanın dediklərindən də təsdiqləndiyi kimi, Kəlbəcəri Ermənistanla birləşdirən yolun çəkilməsi bu infrastrukturu yaradacaq.

Rəsmi Bakı yol tikintisini qanunsuz adlandırmaqla kifayətlənir?

Ermənilərin Kəlbəcərdən Ermənistana yol çəkməsinin Azərbaycan üçün hansı təhlükələri meydana çıxaracağına yenidən qayıtmaq lazım gəlir. Çünki rəsmi Bakının, ölkə ictimaiyyətinin, mətbuatın bu məsələyə hələ ki, yetərli diqqəti müşahidə edilmir. Doğrudur, yol tikintisi haqda xəbərlərə hakimiyyət təmsilçilərindən reaksiyalar bildirilib, XİN də öz mətbuat katibi vasitəsilə məsələni şərh edib. Nazirliyin rəsmisi Elman Abdullayev bildirib ki, Azərbaycan bu yolun tikintisini qanunsuz hesab edir. “Bizim mövqeyimiz belədir ki, işğal altındakı Azərbaycan ərazilərində razılaşdırılmayan hər hansı fəaliyyət qanunsuzdur. Bu, beynəlxalq normalara da ziddir”. Başqa rəsmi reaksiya, hərəkətlilik müşahidə edilmir və belə görünür ki, Azərbaycan ictimaiyyəti, dövlət qurumları ermənilərin bu planını işğal altındakı ərazilərdə sıradan fəaliyyət kimi qarşılayır. Yəni reaksiyalar ermənilərin planlarının beynəlxalq normalara zidd olduğunu bəyan etməkdən uzağa getmir.

Təhlükə kifayət qədər ciddidir...

Əslində isə təhlükə kifayət qədər ciddidir, 18 ildir işğal altında olan Kəlbəcər rayonunun birdəfəlik əldən getməsi təhlükəsini yaradır və rəsmi Bakı, ölkə ictimaiyyəti ermənilərin bu fəaliyyətinə qarşı geniş beynəlxalq kampaniya başlatmalı idi. Məsələ ondadır ki, yolun tikintisi bir neçə yöndən Azərbaycanın işğal altındakı ərazilərini geri qaytarmaq ümidlərinə zərbə vurur. Qarabağ müharibəsinin gedişindən yaxşı məlumdur ki, Ermənistan Kəlbəcər və Ağdərə istiqamətindəki işğalçı qüvvələrinin təchizatını təmin etmək üçün əsasən vertolyotlardan istifadə edirdi. Çünki qış aylarında quru yolu keçilməz və təhlükəli olurdu. İşğalçı qoşunlara silah-sursat daşıyan vertolyotlar isə tez-tez Azərbaycan ordusu tərəfindən vurulub salınırdı. Görünür, Ermənistan və onun işğalçılıq siyasətinə dəstək verən himayəçiləri Azərbaycanın hərbi hava və hava hücumundan müdafiə qüvvələrinin sərəncamında müasir texnikanın olduğunu nəzərə alaraq müharibənin yenidən başlayacağı təqdirdə Kəlbəcər-Ağdərə istiqamətində qoşunlara təchizat dəstəyini təmin etməyin kifayət qədər çətinləşəcəyini dərk edirlər. Belə ki, mümkün hərbi əməliyyatlar zamanı işğalçı qoşunlara təchizat dəstəyi vermək üçün yeganə yol Xankəndi-Laçın-Gorus avtomagistralıdır. Qarabağda hərbi əməliyyatların getdiyi bir vaxtda bu yolun bağlanmasının ermənilər üçün nə demək olduğu tamamilə aydındır. Ancaq Kəlbəcəri Ermənistana birləşdirən yol imkan verəcək ki, düşmən Qarabağda mümkün hərbi əməliyyatlar zamanı öz işğalçı qüvvələrinə təchizat dəstəyi vermək üçün strateji əhəmiyyətli kommunikasiyaya malik olsun. Bu da Azərbaycan ordusunun Ağdərə, Tərtər və Kəlbəcər istiqamətində döyüş əməliyyatları aparmasını xeyli mürəkkəbləşdirərdi.

Ermənistana yarım saatlıq yol

Kəlbəcərdə qanunsuz məskunlaşmanı genişləndirəcəkİkincisi, Ermənistan yeni yolu istifadəyə verməklə strateji əhəmiyyətli Kəlbəcər rayonunda qanunsuz məskunlaşmanı sürətləndirmək üçün ciddi imkan qazanacaq. “Azadlıq” radiosunun hazırladığı videosüjetdən də görünür ki, Kəlbəcərdə tikilməkdə olan yolun üzərində olan yaşayış məntəqələri xarabalıqlara çevrilib, bununla belə kəndlərdə ermənilərin yaşadıqları, yarıdağıdılmış evlərdə məskunlaşdırılan ailələrin olduğu görünür. Kəlbəcər kəndlərindən birinin xarabalıqlarında erməni uşaqlarının necə top oynadığı da kadrlarda əksini tapıb. Hazırda Kəlbəcərdə bir neçə min erməninin məskunlaşdırıldığı məlumdur. ATƏT-in işğal edilmiş ərazilərdəki qiymətləndirmə missiyası da Kəlbəcər ərazisində qanunsuz məskunlaşmaya dair faktları toplayıb. Lakin nəqliyyat-kommunikasiya imkanlarının mürəkkəb olması və digər amillərin təsiri ilə Kəlbəcərdə məskunlaşan ermənilərin çoxu qış aylarında oranı tərk edir. Ermənilər bu rayondan Ermənistana gedib-gəlmək üçün sərt relyefli ərazilərdən keçən Ağdərə-Kəlbəcər-Laçın yolundan istifadə edir. Ancaq indi yeni yolun çəkilməsindən sonra Kəlbəcərdən Ermənistana gedib-gəlmək üçün cəmi yarım saat vaxt lazım olacaq. Nəticədə Ermənistandan çoxlu sayda erməninin bu rayonda məskunlaşması üçün əlverişli şərait yaranacaq, Kəlbəcərin qızıl yataqlarını talamaq planlarını genişləndirmək istəyən Ermənistan onlar üçün bölgədə yeni iş yerləri də aça bilər. Həmçinin bu yol imkan verəcək ki, Ermənistan rayonun zəngin yerüstü sərvətlərini, meşə ehtiyatlarını talamağı genişləndirsin.

Ermənilər strateji əhəmiyyətli rayonu boşaltmaq istəmir

Kəlbəcərdə qanunsuz məskunlaşmanı genişləndirmək Ermənistana ona görə lazımdır ki, Dağlıq Qarabağ münaqişəsinə dair sülh danışıqlarında bu rayonun boşaldılmasına dair razılaşmadan qaçmaq üçün yeni imkanlar əldə etsin. Ermənistanla Azərbaycan arasında gedən danışıqlar prosesində Kəlbəcərin boşaldılmasının bir neçə variantı müzakirə edilib. Son olaraq yenilənmiş Madrid prinsiplərində göstərilirdi ki, Kəlbəcər Dağlıq Qarabağın yekun statusunu müəyyən edən səsvermədən əvvəl qismən boşaldılmalıdır. Rayonun tərəflər arasında sülh razılaşmasının əldə edilməsindən sonrakı 5 ildə boşaldılması məsələsi sənəddə əksini tapıb. Həmin müddət ərzində Kəlbəcərdə erməni qüvvələrinin qismən mövcudluğu tanınır və beynəlxalq hərbi müşahidə missiyasının yerləşdirilməsi nəzərdə tutulur. Azərbaycan torpaqlarında möhkəmlənmək istəyən işğalçılar isə Kəlbəcərin qaytarılmasına razılıq verməyə meyilli deyillər. Yeni yolun çəkilişi də onların “Karvaçar” adı verdikləri bu torpaqları əldə saxlamaq planlarından xəbər verir.

Bəs Azərbaycan dövləti və ictimaiyyəti nə edə bilər?

Bəs Azərbaycan dövləti və ictimaiyyəti Ermənistanın bu təcavüzkar planlarına qarşı nə edə bilərdi? Görünür, ilk növbədə məsələni geniş beynəlxalq ictimaiyyət qarşısında qaldırmaq üçün kampaniya başlatmaq, Azərbaycanın üzv seçildiyi BMT Təhlükəsizlik Şurasında müzakirələrə təşəbbüs etmək lazımdır. BMT Təhlükəsizlik Şurasının 1993-cü ilin aprelində qəbul etdiyi 822 saylı qətnaməyə əsasən, Ermənistan Kəlbəcər rayonundan qoşunlarını dərhal geri çəkməli idi. Bu qətnamə ermənilərin ərazilərin işğalını ilk dəfə Dağlıq Qarabağ hüdudlarından kənara genişləndirməsindən sonra qəbul edilmişdi. Rəsmi Bakı Ermənistanın bu hərəkətinə cavab olaraq danışıqları dayandıra biləcəyi barədə Minsk Qrupu həmsədrlərini də xəbərdar edə bilər. Bütün mümkün rıçaqlardan istifadə olunmaqla Ermənistana mesaj verilməlidir ki, yolun tikintisinin dayandırılmaması konkret siyasi və hərbi nəticələrə gətirib çıxaracaq.

Fərhad MƏMMƏDOV
islamazeri.az




  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768