Əli Cəfəri
Seyyid Mübarizin doğum gününə ithaf edirəm
24 il əvvəl, qarlı fevral günündə, şaxtanın qılınc kimi kəsdiyi zamanda, bir yuva isti sevinclə dolmuşdu. Bir qadının ürəyi fərəhli idi, o müqəddəs ana adını qazanmışdı. Bir kişinin qəlbi sevincdən az qalırdı partlasın, çünki oğul atası olmuşdu. Hər zaman mübariz, cəsarətli olsun deyə, oğlunun adını Mübariz qoydu ana…Axı hardan biləydi ki, həyat onun oğlunu elə mübarizəyə çəkəcək.
Oğul böyüdü, adı kimi mübariz bir igid oldu. İndi həm ata, həm də ana sevincli, bir az da kədərli idi. Kədərlənirdilər, çünki oğlanlarını bir müddət görə bilməyəcəkdilər. Amma sevinc kədərindən üstün idi. Axı oğul vətəni qorumağa gedirdi.
Oğul getdi və şərəflə hərbi xidmətini başa vurub geri döndü. Ancaq bu dönüş ona rahatçılıq vermirdi. Xalqına edilən haqsızlığa göz yummaq onun üçün heç də asan deyildi. İçində alovlanan bir od vardı, bir qisas hissi vardı. Bir namus davası yanırdı onun böyük qəlbində.Nəhayət, oğul qərara gəldi, o, geri dönəcək və ömrünü vətəni, xalqı yolunda sərf edəcəkdi. Amma oğulun bu istəyi ananın qəlbinə qara bir xal salmışdı. O isə artıq qərarını vermişdi. Yenidən hərbi xidmətə yollanırdı Mübariz. Bu son görüş idi ata-ana ilə oğul arasında, bu son ayrılıq idi…O zaman ana bu sözləri söylədi öz oğluna:
"Sevimli oğlum! Diqqət et sözlərimə və onları sənə bir vəsiyyətim kimi qəbul et. Torpaq uğrunda sevə-sevə can verə biləcək döyüşçüləri olmadan qazanıla bilməz. İnsan düşmənini tanımazsa, sərvətinə göz dikəndən malını, namus düşmənindən namusunu və həyatına qəsd edəndən canını qoruya bilməz. Mərd insan cinayətdən uzaq durar, cəzadan da qorxmaz. Məzlum kimi ölmək zülm altında yaşamaqdan daha xeyirlidir"
....Mübariz İbrahimov öz istəyi ilə sərhədə gedib düşmənlə üz-üzə durdu. Və çox keçmədi ki, düşündüyü planı həyata keçirməyə başladı. Təkbaşına düşmən ordusu ilə döyüşüb, qarşı tərəfə ciddi itkilər verən igid oğul ömrünün ən şirin çağında, 22 yaşında şərəfli şəhidlik adına qovuşdu…
Ata və Ana isə oğul yolu gözləyirdi. Və bir gün ana oğuldan məktub aldı: “Canım atam və anam…məndən sarı darıxmayın. İnşallah cənnətdə görüşəcəyik. Mənim ücün dua edin. Vətənimin dar günündə ürəyim dözmür. Allah xatirinə bunu eləməliyəm, ən azından ürəyim sərinlik tapar. Allah böyükdur. Vətən sağ olsun! Haqqınızı halal edin…… oğlunuz İbrahimov Mübariz”
Bu sətirləri oxuduqca bağrı yanırdı, gözlərinə qaranlıq çökdü, dizləri yerə gəldi ata və ananın. Artıq oğlu yaşamırdı, şərəflə şəhid olmuşdu. Ən sonda ayağa qalxdı hər ikisi və dodaqlarından sadəcə iki sözcük çıxdı: “Təki Vətən sağ olsun!”
P.S. Nigaran olma, ey ana! Nigaran olma, ey ata! Oğlunuz artıq cənnətdədir, o, ölümlərin ən şərəflisini yaşadı. Ana, ata, siz bir oğul itirdiniz, əvəzində min oğul qazandınız, sizin adı kimi mübariz olan balanız heç zaman unudulmayacaq, qanı yerdə qalmayacaq. Fəxr et, ey ata, fəxr et, ey ana, öz oğlunla...