Düzü, heç bilmirəm bu idiotizmi necə şərh edim
Bir vaxtlar pafoslu “Van minut” söhbətinə və yəhudilərlə yerli-yersiz atışmalarına görə Türkiyə baş naziri Ərdoğanı “Ərəb dünyasının və Yaxın Şərqin qəhrəmanı”, “Osmanlı sultanı”, nə bilim “yeni xəlifə” elan edənlər susurlar.
Həmin amorf ərəb dünyasından Fransanın məlum erməni qərarına bir nəfər də etiraza qalxmadı.
Əslində qalxsalar da gülünc görünərdilər.
Hansı ərəb və müsəlman dövlətinin üzü var ki, Fransanı ifadə azadlığını pozmaqda suçlasın? Belə üzü qazanmaq lazımdır.
Necə ki, mərkəzi ofisi elə Paris şəhərində yerləşən “Sərhədsiz reportyorlar”, bizim ağzıboş hökumət yaltaqlarının həmişə ermənipərəst adı qoyduğu “Beynəlxalq Amnistiya” kimi qurumlar Fransa senatının qərarına açıq alınla çıxdılar, bunu pislədilər. Çünki prinsipləri bunu tələb edir. İndi sən belə prinsipiallığı yapokratiya tipli ərəb dövlətlərindən uma bilərsənmi?
Əcaib işlər baş verir. YAP-ın qəzeti Ərdoğanın xarici siyasətini tənqid edir, Ərdoğan isə öz qəzetlərini yapokratiyaya tərəf qısqırdır. Bizim illərdir dediyimiz, yazdığımız məsələ - Türkiyə və Azərbaycan arasında fərqli siyasət olmasın, bu siyasət rəhbərlərin yox, xalqların mənafeyinə uyğun olsun - sanki indi bunlara çatıbdır. Ərdoğanın mediası “İlham Əliyev niyə Fransaya münasibət bildirmir” soruşur, Əliyev isə türkiyəli deputat Sinan Oğan vasitəsilə xəbər göndərib ki, sən demə Fransaya qarşı çox iş görülübdür, ancaq bunu açıqlamırlar. Sən demə biz qardaşa elədiyimiz köməyi açacaq qədər reklamçı deyilik. Vay-vay... Necə deyərlər, sağ əlin Fransaya vurduğu şapalağı, sol əl gərək bilməsin. İnandığımızdan daşa dönmüşük.
Fransanı və erməniləri buraxıb Türkiyə və Azərbaycanın bir-birində günah axtarması tragikomikdir. Yer bərk olanda öküz öküzdən görər ata sözümüz bir daha təsdiqini tapdı.
Ancaq bu qədər vurhavurun, “Fransanı boykot edək, ətirləri tualetə axıdaq, nəqliyyat naziri oğlunun ”Pejo"sunu yandıracaq, Xuraman Şuşalı Patrisia Kaasın mahnısını mələtməyəcək" tipli isterikanın hara qədər yürüyəcəyini çox gözləmək lazım gəlmədi. Kimsə buna yekun damğasını vurmalı, Fransanı sarsıdacaq ən dəhşətli qərarı verməli idi. Dünən nəhayət mənim intizarım sona çatdı.
Buyurun:
“Zaqatala Tarix Diyarşünaslıq muzeyində Fransa tarixi və mədəniyyəti ilə bağlı eksponatların muzeyin ekspozisiya zalında nümayiş etdirilməsi dayandırılıb və eksponatlar zaldan çıxarılıb.
Bu barədə APA ttp://www.apa.az/-ya açıqlamasında muzeyin direktoru Cahangir Soltanov məlumat verib. Onun sözlərinə görə, bu addım Fransa Senatında qəbul edilən qondarma “erməni soyqırımı”nı tanımayanlara cəza tətbiq edilməsi ilə bağlı qanuna etiraz olaraq atılıb. Muzey direktoru sözü gedən ədalətsiz qanunun tətbiq olunacağı təqdirdə bölgəyə gələn fransız turistlərə muzey xidmətlərinin göstərilməyəcəyini bəyan edib. Qeyd edək ki, muzeyin eksponatları arasında XIX əsrin 70-ci illərində Zaqatala dairəsinə səyahət edərək bölgənin məişət və adət ənənələrini “Mənim səyahətim” adlı əsərində geniş təsvir edən məşhur fransız səyyah qadını Karla Serena ilə bağlı müxtəlif eksponatlar var. Nümayişi dayandırılmış eksponatlar arasında fransız yazıçısı Viktor Hüqonun Karla Serenanın yuxarıda göstərilən kitabını oxuyub təsirlənərək 1880-ci ilin 3 avqust tarixində Parisdə kitaba yazdığı avtoqraf, XIV Lüdovikin hakimiyyəti illərində - 1678-ci ildə buraxılan gümüş medal da mövcuddur".
Düzü, heç bilmirəmbu idiotizmi necə şərh edim. O qədər fikirləşdim, hətta başım ağrıdı. Hər halda qoy fransız turistlər işlərini bilsin, Zaqatalaya axışanda həmin muzeyə getməsinlər - direktor pasportlara şəxsən baxır. Üstəlik, muzey direktoru bu ağılın yiyəsidirsə, gör ölkənin mədəniyyət naziri hansı səviyyədədir. Hələ muzeyin fransız eksponatlarını zirzəmiyə daşıyan əməkdaşları demirəm. Ola bilsin onlar Hüqonun avtoqrafını artıq çeynəyiblər.
/MUSAVAT/
Zamin HACI
zaminhaci@gmail.com
islamazeri.az