İlk sərnişini Adəm Peyğəmbər olan bu dünya qatarı aramla son dayanacağına tərəf hərəkətdədir.
Əsirlər boyu milyardlarla insan müxtəlif stansiyalarda bu qatara minərək, bir müddət sonra onu tərk ediblər. Bu gün də bu qatarın müvəqqəti yolçusu bizik. Burdakı davranışlarımız sonda onu tərk edərkən götürəcəyimiz yükü müəyyənləşdirir. Seçim, hər an seçim qarşısındayıq. Artıq neçə aylardır ki, “Fatimeyi-Zəhra (s.ə.)” məscidi ətrafında davam edən gərginlik müsəlmanları ciddi imtahana çəkdi, bu seçimi bir qədər də mürəkkəbləşdirdi. 2 saylı Bakı İqtisad Məhkəməsinin Suraxanı Rayon İcra Hakimiyyətinin iddiası əsasında bu Allah Evinin sökülməsi haqqında çıxardığı qərar Azərbaycanda İslama bəslənən ögey münasibətin növbəti təzahürü oldu. Həmən an artıq iki məscid - Peyğəmbərimiz Məhəmməd (s) və Neft Daşlarındakı məscid dağıdılmışdı. İqtisad Məhkəməsi “atalar üçdən deyib” məsəlinə riayət edərək, “Fatimeyi-Zəhra (s.ə.)” məscidi haqda qərarını verdi. Nə Apellyasiya Məhkəməsi, nə də Ali Məhkəmə bu qərarı dəyişmədi. Amma bu hadisələr arasındakı zaman kəsiyində Azərbaycan cəmiyyətinin hər bir üzvü imtahana çəkildi. Bu zaman kəsiyində müxtəlif rəylər, müxtəlif təkliflər səsləndirildi, müxtəlif gedişlər edildi. “Allah Evini özü qorumaq iqtidarındadır” deyərək, hər şeyi öz axarına buraxanlar da oldu, “qan su yerinə axacaq, əgər məscid sökülsə” hayqıranlar da. Dini çevrələrdə “bu məscidi sökəcəklər, başqasında namaz qılarıq” məntiqindən çıxış edənlərin, “məscidin sənədləri doğrudanmı qaydasındadır?” sualını verənlərin də olduğunu gördük. Hər dəfə məscidlə bağlı iclaslar keçirilən zaman Ali Məhkəmənin qarşısına gələrək, polisin, bəlli olmayan hansısa təhlükəsizlik xidmətlərinin mülkigeyimli əməkdaşlarının təzyiqinə, zorakılığına, təhqirlərinə, həbslərə rəğmən etiraz səslərini ucaldanlar da oldu. İş hətta o yerə çatdı ki, məscid məsələsi Azərbaycan sərhədlərini aşaraq, qonşu İranda və Türkiyədə də təlatümə səbəb oldu. Tanınmış din və siyasət adamları Azərbaycan rəsmilərinə müraciət edərək, “Fatimeyi-Zəhra (s.ə.)” məscidinin sökülməsinin böyük cinayət, Allaha qarşı üsyan olduğunu bəyan etdilər. Nəhayət, artıq “bıçaq sümüyə dirənəndə” dindarlar Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadəyə, o da ölkə prezidentinə müraciət etdi. Sonda İlham Əliyevin göstərişi ilə “Fatimeyi-Zəhra (s.ə.)” məscidi QMİ-nin sərəncamına verildi. Azərbaycanda ardıcıl üçüncü Allah Evinin sökülməsi baş tutmadı. Bitdimi? Azərbaycanın inanclı təbəqəsi rahat nəfəs ala bilərmi? Belə düşünmək yəqin ki, sadəlöhvlik olardı. Çünki hadisələrin gedişatına nəzər saldıqda onların sanki Şeytanın hiyləgər qələmi ilə cızıldığını görürük. Doğrudan da, axı niyə “Fatimeyi-Zəhra (s.ə.)” məscidinin qazı Qədir-Xum bayramı günü kəsilməli idi? Nə üçün Ali Məhkəmənin yekun qərarı Xanımın şəhadəti günləri verildi? Təsadüfdürmü bunlar? Əlbəttə ki, yaxşısını Allah bilir. Amma bir həqiqəti etiraf etməliyik. İki məscidi dağıdan, üçüncüsünü isə dağıtmağa ciddi cəhdlə çalışan qüvvələr bir anın içində Azərbaycandan qeyb olmadılar. Prezidentin işə qarışması yalnız ibadətgahın bir topa inşaat materiallarına çevrilməsinin, növbəti bəşəri cinayətin törədilməsinin qarşısını aldı. Lakin məsələni bu həddə çatdıranlar digər ölkələrin vətəndaşları deyildilər. Onlar bu məmləkətin sakinlərinin müqəddaratını həll etmək üçün vəzifələnənlər idi. Və onlar hələ də vəzifələrini icra etməkdədirlər. İlham Əliyev bu məsələyə müdaxilə etməklə böyük bir haqsızlığın, Azərbaycanın böyük bir təbəqəsinin hüquqlarının tapdalanmasının, heysiyyatlarının təhqir olunmasının qarşısını aldı. Amma bu hadisələri ümumiləşdirərək belə bir sualı verməmək olmur: görəsən ölkəmizdə bu və özbaşnalıqlarıyla onlardan geri qalmayan digər məmurların qurbanlarının sayını bilən varmı? Prezident məscidin dağıdılmasının qarşısını aldı. Ancaq günahsız insanları dəyənəkləyən polisləri və onlara bu əmri verən yüksəkrütbəli zabitləri, sadəcə Ali Məhkəmənin qarşısına gəldiklərinə görə möminlərin qollarını buraraq, təhqir edərək həbs edən yoğun boyunluları, jurnalistləri öz vəzifə borclarını yerinə yetirməyə imkan verməyən mülkigeyimliləri heç kim tutduğu vəzifədən azad etmədi. Nəinki azad etmədi, onlara “gözün üstə qaşın var” deyən də olmadı. Və yenə də Azərbaycanın müsəlman əhalisi böyük ajiotajla rüşvət yığan, korrupsiyaya qurşanan məmurlarla üz-üzə qaldı. Bu isə o deməkdir ki, heç kim sabah İslama, dindarlara qarşı yönələn növbəti təxribatdan sığortalanmayıb. Bu dəfə hədəf nə seçiləcək? Məscid? Azan? Hicab? Yoxsa namaz? Hər şey ola bilər. Qəlbində Allah xofu olmayan nə desən edər və beləsinin ən böyük düşməni məhz inanclı insandır. Buna hazır olmaq lazımdır. Son aylar ərzində cərəyan edən hadisələr ciddi imtahan olmaqla yanaşı, həm də böyük məktəb oldu. İnanclılar bir daha əmin oldular ki, Allaha xatir, saf niyyətlə, heç bir zülmdən və zalımdan çəkinmədən müqəddəs dəyərlərin müdafiəsinə qalxanları Rəbbimiz mütləq müfəffəq edəcək. Eyni zamanda “Fatimeyi-Zəhra (s.ə.)” məscidinin ətrafında meydana gələn gərginlik bir lakmus kağızı rolunu oynadı. Dindar libası geyən tülküləri, xalqı talayan canavarları, Allaha xatir azadlıqlarından keçməyə hazır olanları millət tanıdı. Həqiqətən də, hər bir hadisədə bir ibrət var. Allah hər bir müsəlmanı Allah düşmənlərinin şərindən və məkrindən qorusun, onlara qarşı hər bir möminə mübarizlik və qətiyyət bəxş etsin.
islamazeri.az