"Bu gün dini kadrların yaxşı səviyyədə yetişdirilməsi üçün əvvəla əlverişli şərait yaradılmalıdır, ..."
"Fundamental İslam təhsili verən və İslam araşdırmaları aparılan mərkəzlərin olmaması Azərbaycanda dini kadrların yaxşı yetişdirilməsində problem yaradır".
Bunu SalamNews-a ilahiyyatçı alim, “Mənəvi Saflığa Dəvət” İctimai Birliyinin sədri, fəlsəfə doktoru Elşən Mustafaoğlu bildirib.
O deyib ki, bu iş akademik səviyyədə qurulmalı, bu sahəyə xüsusi diqqət göstərilməli, ciddi addımlar atılmalıdır. Nə qədər ki, din alimi dedikdə bizlər elə yas mərasimlərini, hardasa gedib dua oxunmasını, yaxud qəbristanlıqları nəzərdə tutacağıq, söylədiyiniz səviyyəyə uyğun kadrlar yetişdirmək mümkün olmayacaq: "Baxın, 70 il dinsiz kommunist rejimi dövründə Azərbaycanda ilahiyyat təhsili almaq mümkün olmayıb. Kommunistlər gəlib elmi-dini hövzələri qadağan etdilər, din alimlərimizi məhv etdilər. Təbiidir ki, indi Azərbaycanda dini elmlər sahəsində ciddi boşluq hiss olunur. Bu gün dini kadrların yaxşı səviyyədə yetişdirilməsi üçün əvvəla əlverişli şərait yaradılmalıdır, fundamental dini elmləri öyrədən, tədqiq edən təsisatlar, elmi-dini hövzələr, akademiyalar formalaşmalıdır. Yalnız o halda Azərbaycanımızın da böyük İslam alimləri yetişə bilər. Hələlik belə bir şərait yoxdur. Ümid edək ki, nə zamansa ölkəmizdə ilahiyyat elmlərinin belə yüksək səviyyədə tədrisi və təhqiqi istiqamətində addımlar atılacaq və əsrlər boyu qürur duyduğumuz din alimlərimizin irsini yeni nəsillərimiz layiqincə davam etdirəcək".
islamazeri.az