Ey, İlahi göstərişlərə əməl etməyən kəslər
İmam Əli əleyhis-salamın Əşəs ibn Qeysə kəlamlarındandır.
Həzrət Kufə şəhərində minbərdə xütbə oxuyarkən, xütbə əsasında dediyi bəzi sözlərə Əşəs etiraz etdi və dedi: «Bu söz Həzrətin zərərinə tamamlandı və heç bir faydası olmadı». Həzrət ona sərt bir nəzər salaraq buyurdu: «Hansı bir şey səni nəyin bizim zərərimizə, nəyin xeyrimizə olduğundan agah etdi? Allahın lənəti (Onun rəhmətinin uzaqlığı) və lənət edənlərin lənəti, qarğışı sənə olsun, ey, toxucu oğlu toxucu. Ey kafirin oğlu münafiq!
Allaha and olsun, bir dəfə küfr zamanı, bir dəfə də İslamın zamanında əsir oldun. Bu iki əsirliyin heç birində nə var-dövlətin, nə əsil-nəcabətin və nə də böyüklüyün səni xilas edə bildi. Öz qövmünü qılınca (ölümə) yönəldən, onları ölümə tərəf qovan kişi yaxınlarının onu düşmən bilmələrinə, yadların isə ona etimad etməmələrinə layiqdir. (Seyyid Rəzi buyurur):
Deyirəm: O Həzrətin məqsədi budur ki, Əşəs bir dəfə kafir olarkən əsir olmuşdur, bir dəfə də İslama gəldikdən sonra əsir olmuşdur. Amma Əşəsi məzəmmət edərkən qılıncı öz qövmünə yönəldən şəxs dedikdə o Həzrət Yəmamədə Əşəs ilə Xalid ibn Vəlidin hadisəsini nəzərdə tutur. Əşəs o şəhərdə öz qövmünü aldatdı, hiylə işlətdi və Xalid onların hakimiyyətini ələ keçirdi. Bu hadisədən sonra onu «عُرْفُ النّار», yəni, alovun ucalığının nişanəsi adlandırdılar. Onların arasında məkr və hiylə işlədən bu adla çağırılırdı (yəni, məkr edən öz alovunun nişanəsidir, ona yaxınlaşan oda düşər).
İmam Əli əleyhis-salamın xütbələrindəndir (günahkarları ölümdən sonrakı çətinliklərlə agah edir, sanki buyurur: Ey, İlahi göstərişlərə əməl etməyən kəslər).
Əgər siz ölülərinizin gözləri ilə gördüklərini gözünüz ilə görsəniz, mütləq qəmgin olarsınız və ahu-zar edərsiniz, (Allahın əmr və qadağanını) eşidər və itaət edərsiniz, lakin keçmişdəkilərin gördükləri şeylər sizdən gizlindir (Buna görə də ahu-zar etmir, qorxmur və Allaha, onun Rəsuluna və haq olan xəlifəsinə itaət etmir və tabe olmursunuz). Tezliklə (keçmişdəkilərin gördüklərini siz də görəsiniz deyə) pərdə qaldırılacaq. Həqiqətən görən olsanız, gözlərinizi açıblar, eşidən olsanız qulaqlarınızı açıblar, əgər hidayət qəbul etsəniz (sizə doğru yolu göstəriblər), hidayət olunmusunuz. Həqiqətən deyirəm: ibrətlər sizə (peyğəmbərlər vasitəsi ilə) aşkar edildi, qadağan olunmuşdan siz çəkindirildiniz (belə isə üzrxahlıq yeri qalmayıb) səmavi elçilərdən (mələklərdən) sonra insandan başqa heç kəs Allah tərəfindən haqqı təbliğ etməyəcək.
islamazeri.az