Fevralın 17-də Gənc Tamaşaçılar Teatrında Xocavənd rayonunun Qaradağlı kəndində baş vermiş soyqırımdan bəhs edən sənədli filmin təqdimatı olub
İslamazeri.az-ın məlumatına görə, xarici ölkə diplomatlarının, millət vəkillərinin, hökumət və KİV nümayəndələrinin iştirak etdiyi tədbirdə “Soyqırım: Qaradağlı. Davam edir...” filmi nümayişi olunub.
Tədbirdə çıxış edən Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov qeyd edib ki, 1988-ci ildən etibarən Xocavənd rayonunun Qaradağlı kəndinin dinc sakinləri hər gün erməni hücumuna məruz qalıb. “Erməni təxribatçıları tərəfindən törədilən terror aktları nəticəsində onlarla Qaradağlı sakini qətlə yetirilib. 1992-ci ilin 17 fevral tarixində kəndin işğalı zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər ermənilər tərəfindən güllələnib” - deyə, icra hakimiyyətinin başçısı bildirib.
E. Hüseynov onu da bildirib ki, əsir götürülənlərdən 68 nəfəri öldürülüb, 140-a yaxın uşaq yetim qalıb: “Xocalı soyqırımına gedən yol Qaradağlıdan başlayır. Qeyd edim ki, 1991-ci ildə Xocavənd kəndi işğal edildikdən sonra Qaradağlı kəndi mühasirədə qalıb”.
Sonra tədbirdə Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev çıxış edib. O, ermənilərin Azərbaycana 1988-ci ildən başlayan təcavüzündən danışıb: “Bəzən ermənilərin törətdiyi vəhşilikləri faşistlərlə müqayisə edirlər. Ancaq qeyd etməliyəm ki, faşistlər işğal etdikləri ərazilərin vətəndaşlarını torpaqlarından qovmurdular”.
Xanlar Vəliyev deyib ki, özünü demokrat adlandıran insanlar, demokratik dövlət adlandıran ölkələr Xocalı faciəsinə diqqət yetirmək əvəzinə, olmayan hadisələrə diqqət ayırırlar.
Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov çıxışında bildirib ki, Azərbaycanın 20 faiz torpağını işğal edən ermənilər digər ölkələrin də ərazilərinə iddia edirlər: “Ermənilər bu gün Azərbaycanla yanaşı, Rusiyanın, Türkiyənin, İranın və Gürcüstanın da bir hissəsinə iddia edirlər. Gün gələcək, ermənilər Fransanın da torpaqlarına iddia edəcəklər” - deyə, Ə. Həsənov vurğulayıb. Dünya ölkələrini, o cümlədən Fransanı ədalətli olmağa çağıran baş nazirin müavini qeyd edib ki, ermənilər tərəfindən satın alınan senatorlar qondarma “erməni soyqırımı” ilə bağlı qanun qəbul etməklə, fransız xalqına böyük zərbə vurdular.
islamazeri.az