O həyatının son anına qədər Əhli-beytin (ə) yolunu insanlara çatdırmaqda bir anlıq olsun süstlük göstərmədi.
İmam Səccadın (ə) nəslindən olan Seyid Şərəfüddin Şüştəri Mərəşi əslən Livanın Amul qəsəbəsindən olub çox illər öncə İrana hicrət edərək Şüştərə köçmüşdülər.
O, Şüştər şəhərinin mömin, təqvalı, eyni halda elmi dəyərləri ilə fərqlənən şəxslərindən sayılırdı. Şəhərin əqli və nəqli elmilərinin bilikliləri arasında özünəməxsus yerə sahib idi. Bu elmi atmosferin mənəvi nuru həyat yoldaşını da mənəvi ruha boyamışdı. Bu əngin fəzanın yaratdığı şölələr bu ailəyə 1535-ci ildə Nurullah Şüştəri adlanacaq bir körpə bəxş etdi. Hər iki valideyninin iman və təqvası, paklıq və pəhrizkarlığı balaca Nurullahın ruhunda İlahi mərifətə yol açır.
İlkin dini bilgilərini hələ uşaqlıq yaşlarından atasından almağa başlayır balaca Nurullah. Tədrisinin davamı üçün İmam Rzanın (ə) şəhərinə, Məşhədə gəlir. Burada o Əllamə Mühəqqiq Mövla Əbdülvahid Şüştərinin dərslərinə qatılır. Fiqh, üsul, kəlam, hədis və təfsir dərslərini o dəyərli ruhaninin yanında oxuyur. Əldə etdiyi elm sahəsində ona hədis nəql etmə və ona şərh vermə izni verilir. Məşhəd şəhərində apardığı geniş təbliği ruhanilər arasındı da onu tanınmış simaya çevirir. Gözəl nitq qabiliyyəti, fəsahət və bəlağəti ilə o bir çox tələbə və ruhanilər üçün gözəl nümunəyə çevrilir. 1572-ci ildə Hindistanda yaranan vəziyyəti təhlil edən bir qrup ruhanilər Nurullah Şüştəriyə Hindistana getməyi tövsiyə edirlər. Yaşının azlığına baxmayaraq Kəşmir, Kəcərat, Bankla və Sindini də torpaqlarına qatıb ərazilərini genişləndirən 14 yaşlı Hindistan şahı Əkbər Şahın rəhbərlik etdiyi bu ölkə şiəliyin zəiflədiyi bir məkan olaraq yardıma ehtiyaclı idi. Buna görə də Nurullah Şüştəri bu səfərə getmək üçün öz razılığını İlahi bir razılıq bilib səfərə yola düşür. Şəhərə gəlişindən xəbər tutan Sultan Əkbər Şah Ayətullah Şüştərini öz sarayına dəvət edir. Haqqında eşitdiklərini yaxından seyr etməyə maraqlı olan Əkbər Şah elm aləmində qeyri-adiliyi ilə fərqlənən bu şəxslə ilk görüşündə ona heyran olur. İkinci görüşlərində Əkbər Şah ona qazilik vəzifəsini təklif edir. Bu günə qədər də o dövrün ədəbiyyatında sünni və şiə alimlərinin qeyd etdiyi Ayətullah Nurullah Şüştərinin ədaləti qazilik rütbəsini ictimai rifahın inkişafı naminə onun üzərində bir vəzifəyə çevirir. Razılığı isə daxildə məzhəb və dinlərin yüksək ziddiyyətlə inkişafı onun məzhəbini gizlətməsi ilə nəticələnməli idi. Qazi Şüştəri təqiyyəni önəm seçərək Əkbər şahın təklifinə müsbət cavab verir.
Qazi Şüştərinin təqiyyə hicabı altında apardığı araşdırmaları məzhəblərin dini baxışda fərqli nöqtələrini incələyərək Quran və Əhli-beytin (ə) yoluna yaxın bir yolla qərarlarını verməyə başlayır. Hər bir qərarı İlahi dəyərlərə əsaslanması onu sevməyənlərin belə susmasına səbəb olur. Etirazçılar çıxardığı qərarın ünvanını xəbər alınca Quran və sünnəni diqqətə çəkən Qazi qısa bir zamanda Quranla müttəfiq olan Cəfəri fiqhinin üstünlüklərini sərgiləməyə başlayır. Olduqca həssas və incə işləmələrlə fəaliyyət göstərən Qazi təkcə işlədiyi vəzifə ilə kifayətlənmir. Məzhəblərin araşdırılmasını qarşısına məqsəd qoyaraq hər məzhəbin həqiqətini çatdıracaq tələbələrin yetişdirilməsinə başlayır. Bununla yanaşı bəzilərinin bu günümüzə gəlib çatan bir çox kitabların yazılmasına da müəlliflik edir. (Ayətullah Nəcəfi Mərəşi «Əxlaqul Haqq» kitabının müqəddiməsində Qazi Şüştərinin 140 kitab yazdığını qeyd edir) Bunlar Əxlaqul Haqq, Məcalisul Mominun, Əs-Səvariqul Möhrikə, Məsaibun Nəvasib, Təfsirul Quran, Dəliluş Şiə fil İmamə, Təhfətul Uqul, Həqqil Uqul, Əl-Nəzəus-Salim, Nurul Eyn, Nəhayətul Ədam, Kəşfül Həvar, Şərhul Cəvahir, Əz-Zikrul Əbka onun qələmə aldığı kitablardır. Onun elmi bilgisi, kitabları ilə yanaşı nəsr əsərləri, şeyir və qəzəlləri də bu günümüzə qədər gəlib çatmışdır.
Qazi Şüştərinin elmi, pərvanəni şamı ətrafına toplayan nur kimi aşiqlərini ətrafına toplayır. Ariflik məqamına yüksələn bu ruhani şəxs mənəvi dəyərlərin rəhbər tutulduğu insan ruhunu ali ənginliyə qaldıracaq bir mənəvi ruhu əldə etdiyindən tələbələrə də aşılayacaq ruhi bir tədris səması yaradır. Hər gün durmadan artan tələbələri ondan fiqhin beş məzhəb əsasları ilə bərabər mənəvi dünyanın qapılarını açmaq sirrini də öyrənir. Hər bir məzhəbin düşüncələrini tədris edən Şeyx sonunda bu məzhəblərin hansının Quran əsasında hökm verməsini çox incəliklə tələbələrinə çatdırırdı. Bu baxımdan Qazi Nurullahın tələbələri arasında Cəfəriliyə meyl və bu əqidənin seçimi ölkədə rəsmən sıxışdırılan Şiəlik üçün yeni bir meydan yaradır. Şiəliyi, seçimlərində hər növ təzyiq və hədə qorxuya baxmayaraq həqiqət vurğunları Qazinin ətrafında birləşir. Tarixdə də adları həkk olan Əllamə Şeyx Məhəmməd Hərvi Xorosani, Əllamə Mövla Məhəmməd Əli Kəşmiri, Seyid Cəmaləddin Əbdullah Məşhədi və sairləri Qazi Şüştərinin tələbələrindəndirlər. Onun elmin səadətə çatmaq üçün kamal vasitəsi biliməsi tələbələrini daha çox elm və əqidəyə bağlayır, iştirak etdiyi bütün mühazirələri qəribə bir İlahi ecaza bürünürdü. Elə buna görə də onun elmi dənizinin sahillərinə belə yaxınlaşa bilməyənlər Qazinin yaratdığı mənəvi fəzanı həzm edə bilmirdilər. Digər tərəfdən məzhəbi ədavət onlara həqiqəti eşitmək acısını yaşatdığı üçün Qazi Şüştərini hər vəchlə susdurmağa çalışırdılar. Digər tərəfdən isə onun qazilik vəzifəsi qeyri-hindli olan bu şəxsin idarəçiliyində olması yerli hindliləri olduqca çox narahat edirdi. Bu iki baxış bir araya gəlincə Şeyxin qətli planı aktuallaşırdı. Onlar şahın himayəsində olan bu şəxsə qarşı hər növ planlar çəksələr də təhlükəsizliyi qorunan Qazi Şüştəri onların hiyləsinin qurbanı olmaqdan xilas olunurdu. Belə olan halda qəti məzhəbçilər onu məzhəbi şəxs olduğunu üzə çıxarmalı, şiə olduğu üçün cəzalanmalı fikrini diqqətdə saxlamağa başladılar. Bir gün qazilər və müftilərin toplandığı bir yığıncaqda İmam Əlidən (ə) misal çəkən Qazi Şüştərinin «Ələyhi Salat və Salam» ifadəsi işlətmələrini eşidirlər. Bu kəlmənin bitət olduğunu söyləyən müftilər Şah Əkbərə Qazi Nurullahın bidətçi şiə olduğunu söyləyirlər və Şahdan istəyirlər ki, onun bu bidətinə cavab olaraq Qazilikdən uzaqlaşdıraraq cəzalandırsın. Əkbər Şah isə bütün bunları əsassız böhtan adlandıraraq Qazinin şiə olmadığını, sadəcə Əliyə hörmət və ehtiramı olduğunu bildirərək Qazini vəzifəsində saxlayır.
Əkbər Şahın ölümündən sonra iş başına onun oğlu Cahangir Şah gəlir. Onun radikal məzhəbçiliyinə baxmayaraq o da Qazi Şüştərini vəzifəsində saxladı. Amma bu dəfə vəziyyət fərqli idi. Şahın da məzhəbi dəyərlərə diqqət verməsi saray əyanları, xüsusən də bir qrup yaltaq qazinin Qazi Şüştərini gözdən salması Şahda bəzi şübhələri yarada bilir. Onun Şiə-rafizi olduğunu hər gün Şaha çatdıran saray əyanları Qazinin dörd məzhəb əsasında deyil, Cəfəri məzhəbinin qanunları əsasında qərar verdiyini bildirərək bunun qarşısını almayacağı halda Hindistanın məzhəbi, dini təhlükə altda olduğunu böyük təşvişlə şaha bildirirlər. Şah isə diqqətlə Qazinin fəaliyyətini araşdırdıqca qeyd olunan iradlarla rastlamadığı üçün iddianı rədd edir.
Nəhayət kin və ədavətli olan qara qəlbli saray əyanları plan hazırlayaraq Qazinin ölümünü gerçəkləşdirmək üçün növbəti addım atırlar. Onlar dini elmə malik olan Maliki məzhəbli bir şəxsi Şiə kimi Qazinin yanına göndərirlər. O Qaziyə ondan dərs almaq istədiyini bildirərək tələbələri sırasına qoşulur. Qısa zaman kəsiyində o, öncə Qazinin şiə tələbələri ilə dostluq əlaqəsi qurur, daha sonra isə Qazinin rəğbət və etibarını qazanır. Bir müddət sonra o, etibarlı tanışlarının əli ilə Qazinin «Məcalisul-Mominun» kitabının çapını həyata keçirə biləcəyini Qaziyə bildirir. Qazı onun bu təklifi ilə razılaşaraq əl yazma kitabını və bunun çapı üçün lazım olan məbləği ona verir. Ədavətli, məzhəbiçi, qəlbi qara, vəzifəpərəst saray alimləri kitabı Cahangir Şahın hüzuruna gətirib Qazi Şüştərinin şiə olduğunu isbat edirlər. Kitabı nəzərdən keçirən Şah Qazının Şiə olduğunu dəqiqləşdirdikdən sonra onu elə sarayın daxilində dindirir. Qazi Şüştəri artıq vəziyyətin bu hala gəldiyini görüb şiə olduğunu etiraf edir. Onun fikirlərini dinləyən Cahangir Şah tikanlı çubuqlarla ölüncəyə qədər bidət sahibi adlandırdığı Qazı Nurullah Şüştərini vurmalarını əmr edir. Beləcə 1598-ci ildə 63 yaşlı arif, alim, fəqih olan Qazi Nurullah Şüştəri tikanlı ağacla vurularaq şəhid edildi. O həyatının son anına qədər Əhli-beytin (ə) yolunu insanlara çatdırmaqda bir anlıq olsun süstlük göstərmədi.
Əbülfəz Bünyadov
islamazeri.az