اَللّهُمَّ كُنْ لِوَلِيِّكَ الْحُجَّةِ بْنِ الْحَسَنِ صَلَواتُكَ عَلَيْهِ وَعَلى آبائِهِ في هذِهِ السّاعَةِ وَفي كُلِّ ساعَةٍ وَلِيّاً وَحافِظاً وَقائِداً وَناصِراً وَدَليلاً وَعَيْناً حَتّى تُسْكِنَهُ أَرْضَكَ طَوْعاً وَتُمَتِّعَهُ فيها طَويلاً 
Bugün: 23.05.2012, 1 Rəcəb 1433 - İmam Məhəmməd Baqirin (ə) təvəllüdü

Ruhun şad olsun, Seyid Qütb!

Yayım Tarixi: 27.09.2011 20:06
 
Yazı ölçüsü: büyüt küçült         

yazar1


"Əgər nasionalizm bizə zalım istismarçılarla vuruşmağı, sosializm təcavüzkar feodal və kapitalistlərə qarşı mübarizə aparmağı və liberalizm daxili tağutlarla, diktatorlarla savaşı əmr edirsə, İslam dini bunların hamısını “zülm” adı altında toplayır, heç bir güzəştə getmədən, hamılıqla onun əleyhinə vuruşmağı əmr edir. Bu kompleks baxış tərzi yalnız İslama məxsusdur”.

Bu sətirlərin müəllifi 1906-cı ildə dünyaya göz açmış misirli alim Seyid Qütbüddin Qütbdür. Hələ 10 yaşında ikən bütün Quranı əzbər öyrənən Qütbüddin 16 yaşından etibarən Misirin mötəbər jurnal və qəzetlərində dəyərli məqalələrlə çıxış etməyə başladı. “İxvan əl-müslimin” (Müsəlmanların qardaşları) təşkilatının təsisçisi olan Həsən əl-Bənna onun müəllimlərindən sayılsa da, Seyid Qütb bu təşkilata rəsmi olaraq yalnız 1951-ci ildə, Amerikada magistratura təhsilini bitirdikdən sonra qoşuldu.

Özü Əhli-sünnə məzhəbindən olsa da, Seyid Qütb bir çox səhabələri, o cümlədən Bəni-Üməyyəni və Xəlifə Osmanı kəskin şəkildə tənqid edir, İmam Əlinin (ə) xəlifəliyinin gecikməsinə çox təəssüflənirdi. Ümumiyyətlə onun üçün məzhəb və millət ayrıseçkiliyi əhəmiyyət kəsb etmirdi, önəmli olan müsəlman qardaşlığı idi. Seyid Qütb müsəlmanların yaşadığı hər bir yeri özünün böyük vətəni hesab edir və bütün müsəlmanları hər hansı bir müsəlman ölkəsinə hücum edən dövlətə qarşı iqtisadi və siyasi embarqolara çağırırdı. Bəlkə buna görədir ki, ölümündən 45 il ötməsinə baxmayaraq, o, indi də dünyanın müxtəlif ölkələrində yaşayan mübariz müsəlmanların liderlərindən sayılır.

Yaşadığı 60 il ərzində 50-ə qədər kitab və 500-ə yaxın məqalə yazan Seyid Qütb “Amerika islamı” təbirini işlədən ilk İslam alimidir. O, eyni adlı məqaləsində yazırdı: “Qərblilərin Orta Şərq üçün bir Amerika islamına ehtiyacları var”. Onun başqa bir məqaləsi isə belə adlanır: “Ey Amerikanın, Rusiyanın və İngiltərənin qulları, azad olun!”

Misirli gənclərin, müsəlman tələbələrin ölməz müəllimi! Bir vaxtlar onların meydana çıxmalarını, mübarizəyə qoşulmalarını, Allah yolunda canları və malları ilə fədakarlıq göstərmələrini yalnız xəyallarında təsəvvür edirdin. Bir qədər sonra bunun reallığa çevrildiyini görəndə sevincindən uçmaq istədin. Misir gənclərinin bu coşqusunu yoxluq arxasından baş qaldıran varlığa, zülmətlərin ardından parlayan nura bənzətdin, zərrə qədər tərəddüdə düşməyən ciddi qərar, dəmir iradə, yorulmaz bədən və davamlı cihadla meydana atılan bu gənclərə mədhlər söylədin, əsərlər ithaf etdin. Amma nə yazıq, nə yazıq ki, bu zəhmətlərin uğurlu sonucu təxirə düşdü. Sənin xalqın hələ onillərlə Ənvər Sadat və Mübarək dövrünün ağrı-acılarına da dözməli idi...

Ruhun şad olsun, Seyid Qütb! Bu gün xalqın azad oldu. Sənin şagirdlərin və mənəvi övladların, nəhayət, bir ağızdan "Yox!" deməyi bacardı, onillərin mənfur ünsürünü, xalqın sərvətini talayıb, özünü heçə sayan diktatura rejimini darmadağın etdi, yer üzündən silib tarixin zibilliyinə tulladı.

Ruhun şad olsun ki, ömrünü Allah yolunda cihada sərf edib, bu yolda da canını fəda etdin. Alimin qələmi şəhidin qanından üstün olsa da, şəhadətə nail olmaqla ən uca zirvələrə yüksəldin. Yaşadığın 60 illik ömürdə nə qədər dəyərli əsər yazdın, nə qədər ictimai-siyasi görüşlər keçirdin, çıxışlar etdin. Heç nəyə biganə qalmadın. Yoxsulların dərdinə şərik oldun, yetimlərin ah-naləsinə qoşuldun, zülm və ayrıseçkiliklər qarşısında öz məsuliyyətini dərk etdin, özünü günahlandırdın:

"Amerikalı fəhlə isti suyu, elektrik və qaz sobası olan işıqlı evdə yaşayırsa, radiosu, televizoru və şəxsi avtomobili varsa, gəliri özünün və ailəsinin həftədə bir dəfə yaxşı istirahətinə imkan yaradırsa, oranın prezidentinin Ağ ev kimi iqamətgahının olması da israfçılıq deyil. Bəzi amerikalıların ondan daha yaxşı evi var..." – deyə ah çəkirdin. Lakin milyonlarla insanın sadə yaşayış tərzinə ehtiyaclı olduğu, xəstəsini müalicə etdirməyə pulu çatmadığı, bu üzdən də cəmiyyətdə oğurluğun, əyriliyin, yaltaqlığın, rüşvətxorluğun və ən dəhşətlisi, fahişəliyin və intiharların artdığı bir ölkədə vəzifə sahiblərinin, oliqarxların milyardlara malik olmaları, adi şənliklərində milyonları göyə sovurmaları səni çox incidirdi; bir insan kimi, bir müsəlman kimi və bir din alimi kimi. Bu qədər məsuliyyət hissin bəlkə də idealın olan İmam Əlinin (ə) bu sözünün təsirindən doğmuşdu: "Allah alimlərdən və ziyalılardan əhd alıb ki, zalımların tamahkarlığı və məzlumların aclığı qarşısında sükut etməsinlər!"

Uzun illər məhbus həyatı yaşayan Seyid Qütb, nəhayət, 6 İxvan fəalı ilə birgə ölümə məhkum edildi. Məhkəmənin, Misir prezidenti Camal Əbdünnasirin sifarişilə verilən hökmü oxunanda Seyid Qütb belə demişdi: “Bilirdim ki, hakim komanda mənim sağ qalmağımı istəmir. Yenə də elan edirəm ki, nə peşmanam, nə də bu qərara kədərlənirəm. Sevinirəm ki, müqəddəs və ideal məqsədim uğrunda öldürülürəm. Əlbəttə, tarix və gələcək bizimlə hökumət arasında hakimlik edib, kimin haqq olduğunu söyləyəcək!”

Seyid Qütb 29 avqust 1966-cı ildə şəhidlik məqamına qovuşdu. Ruhu şad olsun!



  

Məlumatdan istifadə etdikdə istinad vacibdir!



Saytı hazırladı artiweb || IE 8+, Firefox 3.6+, Crome 10+, Macromedia Flash, 1024 x 768