Roskosmosun rəhbəri son dövrün uğursuzluqlarında xarici amili istisna etmir
Rusiya Kosmik Agentliyi Roskosmosun rəhbəri Vladimir Popovkin Rusiya kosmik aparatlarının xarici müdaxilə nəticəsində qəzaya uğramasını istisna etmir. İslamazeri.az-ın verdiyi xəbərə görə, ötən il Rusiyanın kosmik sənayesində bir sıra qəza hadisəsi və uğursuzluqlar yaşanıb. Belə ki, Rusiyanın kosmosa göndərdiyi 34 kosmik gəmidən 5-i qəzaya uğrayıb yaxud nəzarətdən çıxıb.
Popovkinin sözlərinə görə, nədənsə Rusiya kosmik aparatlarında nasazlıq onların Yer kürəsinin Rusiya üçün görünməyən kölgəli tərəfində keçdiyi zaman baş verir.
"Bu zaman biz kosmik aparatdan gələn telemetriyanı qəbul edə bilmirik və nəyin baş verdiyindən bixəbər oluruq", Popovkin deyib.
"İzvestiya" nəşrinə müsahibəsində Popovkin bu məsələyə dair düşüncələrilə Rusiyanın iddialı "Fobos-Qrunt" layihəsinin aqibəti ilə bağlı bölüşüb.
2011 il noyabrın 9-da kosmosa buraxılmış "Fobos-Qrunt" kosmik apparatı Mars peyki istiqamətində hərəkət etməli idi, lakin nəzərdə tutulmuş orbitə Rusiya kosmik aparatı çıxa bilmədi.
"Bu günə qədər "Fobos-Qruntun" mühərrikinin işə düşməməsinin səbəbi bizə aydın deyil", Roskosmosun rəhbəri bildirib.
O, deyib ki, "heç kimi günahlandırmaq" istəmir, lakin vurğulayıb kı, bu gün kosmik aparatlarına güclü təsir göstərmək vasitələri mövcuddur.
"Bu cür vasitələrdən istifadə edildiyini istisna etmək olmaz", Popovkikn deyib.
Eyni zamanda o, etiraf edib ki, "Fobos-Qrunt" layihəsi üzərində iş vəsait qıtlığı şəraitində aparılıb.
Vladimir Popovkinin sözlərinə görə, "Fobos-Qrunt" 2011-ci ilin sonuna qədər Kosmosa buraxılmasaydı lazımsız bir layihəyə çevriləcəkdi.
Ötən həftə Roskosmosun mətbuat xidməti xəbər verib ki, "Fobosun" qalıqları, təxminlərə görə, yanvarın 15-də yerə düşməlidir. Qalıqların düşəcəyi yer və dəqiq vaxt isə yalnız hadisəyə 1 sutka qalmış məlum ola bilər.
islamazeri.az