Türkiyənin dövlət naziri İsveçrədə haqqında araşdırma başladılmasına münasibət bildirib
"Erməni soyqırımı yoxdur. Gəlib məni tutsunlar" dediyi üçün Sürixdə haqqında ilkin təhqiqat başladılan Türkiyənin dövlət naziri Egemen Bağış açıqlama verib. Nazir Brüsselə səfəri öncəsi hava limanında jurnalistlərə açıqlama verib.
''1915-ci ildə soyqırım baş verməyib. Bunu həmişə deyəcəyəm. Bu cəhdlər bizim ölkə üçün "yox" hökmündədir. Türkiyə Cümhuriyyətinin hər hansı bir nazirini həbs edə biləcək güc tanımıram. Əlində sənədi, məlumatı olan buyurub ortaya çıxsın. Tarixçilər danışsınlar. Mən siyasətçiyəm. Siyasətin vəzifəsi keçmişi, tarixi müəyyən etmək deyil. Keçmişi tarixçilər müzakirə etməlidir. Meydan açıq, arxivlər açıqdır. Dünyadakı arxivlər açılsın, tarixçilər müzakirələr aparsınlar. Elmi məlumatlar ortaya çıxsın. Yersiz bir ittihamı qəbul etməmişik və etməyəcəyik də. Mənim əldə etdiyim məlumatlar, sənədlər soyqırım olmadığını göstərir. İsveçrə Avropa İttifaqının üzvü deyil. Bu ölkə minarəni qadağan etmək nöqtəsinə qədər gələn bir ölkədir. Lazım olarsa, bir daha Davosa gedər və bir daha bunu deyərəm", deyə Egemen Bağış bildirib.
Qeyd edək ki, İsveçrə baş prokurorluğu Türkiyənin dövlət naziri və baş müşavir Egemen Bağışla bağlı araşdırmaya başlayıb. Sürix prokurorluğunun başlatdığı araşdırma ötən həftə Egemen Bağışın Davos Dünya İqtisadi Forumundan dönərkən "Erməni soyqırımı yoxdur. Gəlib məni tutsunlar" açıqlaması ilə bağlıdır.
Prokuror Kristine Braunschveiq İsveçrə erməni icmasının şikayəti ilə bağlı dövlət naziri haqqında ilkin araşdırmaya başlandığını təsdiqləyib. Şəhər prokurorluğu indi Egemen Bağışın ərizədə qeyd edilən erməni soyqırımını inkar sözlərini deyib demədiyini araşdırıb, diplomatik toxunulmazlığı olub olmamasına baxılacağını deyib. "Bunun nəticəsində əgər onun toxunulmazlığı yoxdursa və qanuna zidd vəziyyət varsa, məhkəmə prosesi başladacağıq".
Xatırladaq ki, adıçəkilən ölkədə qondarma soyqırımı rədd etmək cinayət sayılır. \ans\
islamazeri.az