Və ya iqtisadi-sosial profil fonunda üsyan
Son vaxtlar dünya gündəmində ən çox yer alan ölkə Liviyadır desəm, yəqin ki, yanılmaram.
Bəs Liviyanı nə qədər tanıyırıq? Müxaliflərin qiyamı nəticəsində vətəndaş müharibəsinə sürüklənən Liviyada sosial-iqtisadi vəziyyət, əhalinin yaşayış səviyyəsi necə olub?
Əslində ölkənin iqtisadi göstəriciləri o qədər yaxşıdır ki, üsyan həqiqətən şübhə doğurur...
Belə ki, vətəndaş müharibəsinin davam etdiyi və postunu tərk etməmək üçün müqavimət göstərən Muəmmər Qəddafini rəhbərlikdən uzaqlaşdırmaq məqsədilə BMT-nin əvvəl hava hərəkatı tətbiq etdiyi, ardından da dənizdən mühasirəyə aldığı Liviyanın iqtisadi və ictimai profilini təhlil etdikdə olduqca rəngarəng tablonun ortaya çıxdığının şahidi olarıq.
Buna görə də, məsələnin mahiyyətini düzgün anlamaq və təhlil etmək istəyiriksə, Liviyanın iqtisadi-sosial görünümünə yaxından nəzər salmaq daha məqsədəuyğundur.
Başlayaq dünya ölkələrinin başına bəla olan borc məsələsi və xarici bankların bu ölkələri müflisləşdirməsindən.
Liviya hökumətinin açıqlamasına və beynəlxalq təşkilatların da təsdiqinə görə, Liviyanın heç bir xarici borcu yoxdur.
Bank sektorunun qapılarının xaricilərin üzünə bağlı olması və neft qiymətlərindəki artım, qlobal iqtisadi böhranın mənfi təsirlərindən Liviyanı qoruya bildi. Sonuncu büdcə hesablahalarında 1 bareli orta hesabla 45 ABŞ dolları olaraq qəbul edilən neft qiymətinin bu rəqəmdən olduqca çox olması, Liviya büdcəsində yenə də profisit olacağı deməkdir.
Öncəliklə vəziyyətin düzgün qiymətləndirilməsi üçün dövlətin əsas inkişaf göstəricilərinə diqqət yetirək:
Liviyada adambaşına düşən ÜDM Ümumi Daxili Məhsul) 2009-cu ildə 9600 ABŞ dolları, 2010-cu ildə 12100 ABŞ dolları olmuşdur. 2011 sonunda da 13 min ABŞ dolları olması gözlənilir.
Liviyanın 2009-cu ildə 6,4 milyon olan əhalisinin, 2010-cu ildə 6,5 milyon olacağı, 2011-ci ilin sonunda isə 6,7 milyona çatması gözlənilir.
Beynəlxalq Valyuta Fondunun (IMF) və Liviya rəsmi dairələrinin hesablamalarına görə isə, Liviyada 2009-cu ildə 2,4%, 2010-cu ildə 4,5% olaraq reallaşan inflyasiyanın bu il sonunda isə 3,5% olacağı proqnozlaşdırılıb.
Yenə IMF və Liviya hökumətinin hesablamalarında 2009-cu ildə iqtisadiyyatı 1,6% kiçilən, 2010-cu ildə 10,6% böyüyən Liviyanın, 2011-ci ildə də 6,2% böyüyəcəyi proqnozlaşdırılıb.
Kredit dərəcələri
Liviya, hadisələr başlamadan əvvəl kredit dərəcələrinin qiymətləndirilməsini aparan qurumlardan ən yüksək dərəcə olan AAA dərəcəsini almışdı. Qarşıdurmalar başlandıqdan sonra isə kredit dərəcələndirmə quruluşları da etibarlılığı aşağı salmağa başladı.
Ölkənin kredit dərəcələrini bir həftə içində iki dəfə aşağı salan "Fitch", 2 Martda Liviyanın BBB olan uzunmüddətli kredit dərəcəsini birdən-birə üç pillə endirərək BB-yə çəkdi, görünüşünü isə mənfi olaraq təyin etdi.
"Standart & Poors" isə, Liviyanın uzun müddətli kredit dərəcəsini A- səviyyəsindən BBB səviyyəsinə çəkdiyini və risk çəkisi göstəricilərini də artıraraq mənfi istiqamətə yönəltdiyini bildirmiş, həmçinin növbəti hesablamalarında yeni endirimlər ola biləcəyi xəbərdarlığını etmişdi.
Xarici ticarət
IMF-in proqnozlarına görə, Liviyanın 2009-cu ildəki cəmi ixracatı 37,1 milyard dollar, idxalatı isə 22 milyard dollar olaraq, 2010-cu ilki ixracatının 47,8 milyard dollar, idxalatının isə 25,3 milyard dollar olaraq reallaşmışdı. 2011-ci ildə isə idxalatın həm neft, həm də qeyri neft sektorunda yüsək, idxalatın isə orta səviyyəli sürətlə artacağı və yenə də müsbət saldonun müşahidə olunacağı gözlənilir.
IMF hesablamalarına görə, cari gəlirləri 2009-cu ildə 9,4 milyard dollar, 2010-cu ildə isə 15,5 milyard dollar artan Liviyanın 2011-ci ildə bu artımı daha da yüksəldəcəyi qeyd edilmişdir.
Liviyanın coğrafi mövqeyi
Ərazisi 1759540 kvadrat kilometr Türkiyə, Fransa, Yunanıstan, Hollandiya, Livanın cəmi ərazisindən böyük) olan Liviya, bu baxımından Afrikanın dördüncü böyük dövlətidir.
Torpaqlarının 95%-i səhra, çöl və ya quraq ərazilərdən ibarət olan Liviyanın şimalını Aralıq dənizinin suları yuyur. Cənubda isə təxminən 1300 kilometr uzunluğundakı səhra böyük bir qum dənizini xatırladır.
İctimai-siyasi quruluş və idarəetmə sistemi
BMT-nin Liviya Hesabatı"na görə, Liviyada 1977-ci ildə təsis edilən siyasi sistem olan Cəmahiriyyə, Dövlət Başçısı Qəddafinin qələmə aldığı "Yaşıl Kitab"da nəzərdə tutulan nəzəriyyələrə əsaslanır.
Parlamentar demokratiya və siyasi partiyalara yer olmayan bu sistemdə, xalq yerli məclislərdən birbaşa rəhbərliyə qatılır. Yerli məclislərin rəhbərləri isə Milli Böyük Xalq Komitəsində birləşir və baş nazirin başçılığı altında ölkə rəhbərliyini meydana gətirir.
"Yaşıl Kitab"a görə, bu sistem sosializm ilə İslami təlimin bir sintezidir və Qəddafi bu sintezi "Universal Üçüncü Yol" adlandırıb.
Hökumət üzvləri Qəddafi tərəfindən təsdiq olunduqdan sonra vəzifəsinə təyin edilir. Qəddafi özü isə 1969-cu ildən bəri postunda qalmaqdadır.
Ölkədə güclü bir müxalif firqə yoxdur. Lakin 1990-cı illərdən bəri önə çıxan ən əhəmiyyətli qüvvə İslamçılar. 2006-cı ilin Aprel ayında Benqazidə təşkil etdikləri nümayişlərlə meydana çıxan İslamçılar, o dövrdə bir çox kompanentlərin çatışmamasına görə təsirli ola bilməmişlər.
Bəzən orduda və ölkənin ictimai-siyasi quruluşunda böyük əhəmiyyəti olan tayfalar arasında müxalif qığılcımlar görülsə də, bunlar hansısa sahəyə indiyə qədər elə də böyük bir təsir göstərə bilməyib.
Qəddafi, 2008-ci ilin Martında Ədliyyə, Müdafiə, Daxili İşlər və Xarici İşlər nazirliklərindən başqa bütün nazirliklərin ləğv edildiyini, həmçinin neft gəlirlərinin birbaşa olaraq xalqa paylanacağını açıqlamış, amma daha sonra ləğv edilən nazirliklərə yeni təyinatlar reallaşdırmışdı.
Böyük Xalq Komitəsi, "Gəlirlərin bölüşdürülməsinə dair yeni plan"ı təsdiqləməyərək xalqın hələ hazır olmadığına qərar verməsindən sonra, hər iki qərar da qeyri-müəyyən müddətə təxirə salınmışdı.
Xarici siyasət
Liviyanın 2003-cü ildə Qərbin güclü reaksiyasına səbəb olan silahlanma proqramını ləğv etdiyini açıqlamasından sonra, beynəlxalq əlaqələrdə yaxşılaşmalar meydana gəlmiş və ABŞ 30 İyun 2006-vı il tarixindən etibarən Liviyanı, "Beynəlxalq Terrorizmi Dəstəkləyən Dövlətlər" siyahısından çıxarmışdı.
Bu qərardan sonra isə, ABŞ və Liviya arasındakı diplomatik əlaqələr yenidən başlamış, 5 Sentyabr 2008-ci il tarixində ABŞ-ın o zamankı Xarici siyasət idarəsinin rəhbəri Kondaliza Rays Liviyaya səfər etmiş, həmçinin 36 illik fasilədən sonra ABŞ-ın Liviyada səfirliyi fəaliyyətə başlamışdır.
Digər tərəfdən də Müammər Qəddafi, Afrika Birliyinin 2009-2010 illər ərzindəki müddət üçün başçılığını icra edərkən, siyasi-iqtisadi məsələlərdə qitə ölkələrinə öz istədiyi qərarları qəbul etdirməyə çalışmış və buna bir həddə nail ola bilmişdi. Bu qərarlar əsasən Afrika ölkələrini Qərbin iqtisadi-siyasi asılılığından çıxarılaraq öz müqəddəratı barədə özlərinin qərar qəbul etməkdə müstəqilliyini təmin etmək mahiyyəti daşıyırdı.
Qəzzafinin sadəcə öz ölkəsini yox, həmçinin digər ölkələri də Qərbin cəngindən çıxarmaq cəhdləri, onun da adının imperializmin "qara siyahı"sına düşməsinə səbəb olan əsas amillərdən biridir.
"Milli-Mənəvi Dəyərlər" İctimai Birliyinin "Mədəni-Maarif" Şöbəsinin müdiri Seymur Abbas
|
islamazeri.az