İkinci müraciətində isə o, prezidentin sədri olduğu Yeni Azərbaycan Partiyasının sıralarında hökumətə xidmət edəcəyindən şərəf duyacağını ifadə edib
5 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan AXCP Ali Məclisinin üzvü Elnur İsrafilov Azərbaycan prezidenti İlham Əliyevə iki müraciət ünvanlayıb. Onun müraciətləri eksklüziv olaraq “Qafqazinfo” portalına daxil olub. Birinci müraciətində müxalifətçi fəal 2 aprel mitinqində iştirakına görə səmimi peşmançılıq keçirdiyini bildirərək, öz silahdaşlarını ittiham edib, dövlət başçısından tez bir zamanda əfv olunmasını xahiş edib.
İkinci müraciətində isə o, prezidentin sədri olduğu Yeni Azərbaycan Partiyasının sıralarında hökumətə xidmət edəcəyindən şərəf duyacağını ifadə edib.
“Qafqazinfo” yaxın E. İsrafilovun hər iki müraciətini təqdim edir.
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin
5 saylı Cəzaçəkmə Müəssisəsində
cəza çəkən məhkum
İsrəfilov Elnur Arif oğlu tərəfindən müraciət: Cənab Prezident! Mən Səbael Rayon Məhkəməsinin 25 avqust 2011-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 186. 1, 233, 663-cü maddələrilə təqsirli bilinərək 2 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişəm. 1983-cü ildə Yevlax rayonunda anadan olmuşam və orada yaşamışam. 1 Aprel 2011-ci il tarixində dayım, İbrahimli Məmməd Əziz oğlu telefonla mənə zəng edərək Bakıya dəvət etdi. Həmin gün axşam mən Bakıya yola düşdüm. Məlumat üçün bildirirəm ki, dayım M. İbrahimli Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvüdür, hazırda həmin partiyanın sədri Əli Kərimlinin müşaviridir. 2 Aprel 2011-ci il tarixində səhər tezdən mən onlarda oldum. O, həmin gün saat 13. 30 radələrində məni və oğlu Toğrulu Bakının mərkəzi küçələrindən biri olan “Tarqovı”ya gəlməyə və birlikdə şəhəri gəzməyə dəvət etdi. Yalnız mən ora gələndə bildim ki, camaat mitinq keçirmək üçün toplaşıb. Hökumət əleyhinə şüarlar səsləndirirdilər. Mənə dedilər ki, biz nə deyiriksə, sən də onları təkrar et. Bilik səviyyəm, təhsilim aşağı olduğu üçün etdiyim hərəkətlərin düzgün olmadığını qiymətləndirə bilmədim. Bir qrup insanın təsiri altına düşərək onların etdikləri hərəkətləri təkrarladım.
Qanunsuz hərəkətlərə yol verdiyimi başa düşmürdüm. Sonradan bildim ki, bu icazəsiz təşkil edilmişdir. Buna görə polis tərəfindən saxlanılaraq Səbail rayon polis şöbəsinə gətirildim.
Hörmətli prezident! Artıq 10 ayıdır ki, mən cəza çəkirəm. Törətdiyim cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini başa düşürəm və peşmanlıq çəkirəm. Dayım M.İbrahimli tərəfindən Bakı şəhərinin mərkəzi küçəsində ictimai qaydanın, nəqliyyatın, müəssisə, idarə və təşkilatların normal fəaliyyətinin pozulmasına yönələn hərəkətlərin törədilməsinə cəlb olunmuşam. O öz avanturist niyyətlərini həyata keçirmək üçün məni və mənim kimi sadə insanları bu işlərə cəlb etmişdir. Azərbaycanın sürətli inkişafını gözü götürməyən müxalifət liderləri saxta və qondarma “Vicdan məhbusları” siyahısı tərtib edərək öz mətbuat səhifələrində yerləşdirir, çirkin niyyətlərini həyata keçirmək üçün istifadə edirlər. Şəxsən mən özümü bir vicdan məhbusu kimi yox, cinayət xarakterli tədbirin iştirakçısı kimi başa düşürəm. Mən heç bir partiyanın üzvü olmamışam, lakin sonradan mənə məlum olmuşdur ki, məni Azərbaycan Xalq Cəbhəsinin partiyasına üzv seçiblər.
Cənab prezident! Yuxarıda qeyd olunanları nəzərə alaraq mənim barəmdə müxalifətin mətbuat orqanlarında vicdan məhbusu adlandırılmasının qarşısının alınması barədə tədbir görəsiniz. Eyni zamanda, mən Yeni Azərbaycan partiyasının sıralarında olmaqdan qürur duyardım. Çünki bu partiya Azərbaycanın ictimai-siyasi həyatında, xalqımızın rifah halının yaxşılaşmasında böyük rolu vardır. Mənim də həmin partiyanın üzvü seçilməyimə köməklik göstərməyinizi xahiş edirəm. Cəza çəkdiyim müddətdə səhhətim və ailə vəziyyətim pisləşmişdir. Mən bir gözdən 3-cü qrup əliləm. Qardaşımla birlikdə cəza çəkirəm. Özüm ailəliyəm, iki uşağım var. Ailə vəziyyətim pisdir. Qardaşımın da iki uşağı var. İkimiz də bir yerdə yaşayırıq. Ailəmiz maddi cəhətdən əziyyət çəkir.
Möhtərəm prezident, Azərbaycan Respublikasının konstitusiyası ilə bizə verilmiş müstəsna hüququmuzdan istifadə edərək məni əfv edəsiniz. Söz verirəm ki, bir daha cinayət törətməyəcək, Azərbaycan Respublikasının vətəndaşı adını uca tutacağam.
İmza: İsrəfilov Elnur Azərbaycan Respublikasının Prezidenti,
Yeni Azərbaycan partiyasının sədri cənab İlham Əliyevə
Ədliyyə Nazirliyi, Penitensiyar xidmətinin
5 saylı cəza çəkmə müəssisəsində
cəza çəkən məhkum
İsrafilov Elnur Arif oğlu tərəfindən
Ərizə
Cənab Prezident Mən indiyədək heç bir partiyanın üzvü olmamışam. Lakin cəza çəkdiyim müddətdə mənə məlum olmuşdur ki, mənim Azərbaycan Xalq Cəbhəsi Partiyasına üzv seçibdirlər və vicdan məhbusu elan ediblər. Lakin mən bunların heç birini qəbul etmirəm, imtina edirəm. Azərbaycan Respublikasının ictimai-siyasi həyatında, xalqımızın rifah halını yaxşılaşdırılmasında böyük rolu olan Yeni Azərbaycan Partiyasına üzv seçilməyimə köməklik göstərməyinizi sizdən xahiş edirəm.

islamazeri.az