Resurs işini yanvarın 18-də Bakı vaxtı ilə saat 09:00-da dayandırıb.
İslamazeri.az-ın MİNcom-a istinadən verdiyi xəbərə görə, Wikipedia internet ensiklopediyasının ingilisdilli versiyası Stop Online Piracy Act (SOPA) piratlıq əleyhinə olan qanun layihəsinə etiraz əlaməti olaraq bir sutkalıq müddətə bağlanıb.
“On ildən artıq müddət ərzində biz bəşəriyyət tarixində ən iri ensiklopediyanın yaradılması üçün milyonlarla saat vaxt sərf etmişik, - bununla bağlı bəyanatda deyilir. – Hazırda ABŞ Konqresi azad və açıq internetə qaçılmaz ziyan vura biləcək qanun layihəsini müzakirə edir. Biz həyəcan təbili çalmaq üçün Wikipedia-nın işini 24 saatlıq dayandırırıq”.
SOPA ilk növbədə internet piratlığı əleyhinə yönəlib. Xüsusilə, bu qanun layihəsi şirkətləri hakimiyyətin və ya hüquqi sahiblərin sorğusu əsasında piratlarla əməkdaşlığı dayandırmaq barədə öhdəlik götürməyə məcbur edir.
Qeyd edək ki, Google, Yahoo!, eBay, Facebook və Twitter kimi məşhur internet-korporasiyalar qanun layihəsinin əleyhinədirlər. Həmçinin, qanun layihəsini Prezident Barak Obamanın Administrasiyası da dəstəkləmir. Yanvarın 18-də internet sənayesi nümayəndələri ABŞ Konqresinin aşağı palatasında müzakirələrdə iştirak edəcəklər.
islamazeri.az